02 oktyabr 2024 22:54
97

Professor Həmidulla Baltobayev: Azərbaycan ədəbiyyatının sadiq dostu

Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin professoru  Həmidulla Baltobayevin cədidçi, xüsusən Əbdurrauf Fitrət ədəbi şəxsiyyəti və elmi yaradıcılığı sahəsindəki xidmətləri böyükdür. Müstəqillik illərindən sonra milli özünüdərk, milli özünəqayıdış ərəfəsində ədəbi şəxsisyyətlərin, milli ideologiyanın gizlədilmiş, ört-basdır edilmiş səhifələri açıqlandığı bir zamanda onun saya gəlməz xidmətləri həm yeni nəslin, həm türk xalqları ədəbiyyatları tarixi, həm də ədəbi əlaqələr kontekstində çox qiymətli idi. Həmidulla Baltobayev Azərbaycan-özbək ədəbi əlaqələr tarixində xüsusi yeri, çəkisi olan alimlərimizdən biridir. Xüsusən 2012-dən ildən indiyə qədər gördüyü işlər təqdim olunmuş  məqalədə qismən qeyd edilmişdir. 

2000-ci ildən Özbəkistan Milli Universitetinin professoru kimi pedaqoji fəaliyyət göstərən alim son illərdə bu qədər geniş və məhsuldar əməyinin nəticəsi olaraq klassik ədəbiyyat kafedrası yaradılmasına səbəb olmuşdur və hazırda qurub-yaratdığı kafedraya rəhbərlik edir. Professor Həmidulla Baltobayev mənim də çalışdığım AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri nümayəndəsidir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2016-cı ildən Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi yaradıldı. Bununla da Özbəkistan elmi-ədəbi mühiti ilə yaxından işləmək fürsəti əldə edilmişdi. Bu məqalə üzərində işlərkən elektron poçtuma bir də nəzər salıb  professor Həmidulla Baltobayevlə yazışmalarımıza nəzər salıb  bir çox işləri qələmə gətirilib. 2012-ci ildən hazırkı vaxta qədər təxminən 200-dən çox məktubdan təxminən 10-15-nə nəzər salınmışdırçıxdı. Bu məktublar cəmi bir neçə cümləlik olsa da, informasiya və məlumat yükü ağır çəkilidir. Ilk məktublarda doktorant və ya dissertantlarının məqalələrinin Azərbaycan elmi dərgilərində nəşri, yenə də ustadlıq etdiyi kadrların dissertasiya və ya onun avtoreferatına rəy yazmaq amaclı idisə, sonrakı məktubların daha ciddi elmi məsələlərə ünvanlandı.

Mahmudxoca Behbudi, Əbdulhəmid Çolpan, Abdurauf Fitrət, Həmzə Həkimzadə Niyazi, Abdulla Qədiri, Maqsud Şeyxzadə, Xalid Səid Xocayev, Abdulla Qəhhar kimi XX əsr özbək ədəbiyyatı klassiklərinin yaradıcılığını izləmək, onların elmi-ədəbi irsi ilə Azərbaycan ədəbi-fikir tarixində müqayisələr aparmaq həm də yeni dövrün tələblərindən biri kimi zəruri oldu. İki qardaş xalqın ədəbiyyatşünaslığındakı ortaq xüsusiyyətləri, oxşarlığı və mövzu ardıcıllığını öyrənməklə onların eyni tale ilə üz-üzə gəlmələrini də ortaya qoymuş olduq. Repressiya dövrünə qədər yazıb-yaradan Azərbaycan klassik maarifçilərin elmi-ədəbi taleyini eynilə özbək  elmi-ədəbi mühitində də – cədidçilərin də taleyində göründüyünün şahidi olduq. Deməli, imperiya rejimi düşünülmüş və öz məntiqlərinə uyğun ideoloji “mükəmməl siyasi iş” qurmuşlar və bunun bəlalarından, keçmiş SSRİ məkanında olan türk xalqları hələ də qurtara bilibmi? Elə  bu sualın qarşılığında Erkin Vahidov, Abdulla Aripov, Naim Kərimov, Aziz Kayumov, Bəxtiyar Nazarov, Zakirjon Maşrapov, Tura Mirzəyev, Saidbek Həsənov, İbrahim Haqqul, Şöhrət Siracəddinov, Dilofrom Salahi, Siracəddin Səyyid, Şəmşəddin Abdunazimov, Nurbay Cabbar, Dilşodbek Qayıbov, Maqsud Asadov, Zakirjon Mamajonov kimi şair və alimlərin elmi-ədəbi irsini də öyrənmək zərurəti ortaya gəldi. Bütün bu alimlərin tədqiqatlarını tələbələrimizə, yeni dissertasiyalar yazan gənclərimizə aşılamaq və qarşılıqlı müqayisələr kontekstində oxşar və eyni taleli ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın öyrənilməmiş səhifələrini yazmaq məsələsi qoyuldu.

Belə alimlərdən, biri də elmi  və maarifçi görüşlərini izləmək istədiyimiz görkəmli tədqiqatçı, maarif xadimi, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin professoru  Həmidulla Baltobayevdir.

Həmidulla Baltobayev nəzəriyyəçi alim kimi ədəbiyyatşünaslığa qədəm qoymuşdur. Onun “İstedad və üslub” adlı ilk elmi əsəri yeni və parlaq bir gəncin elm aləminə qədəm qoyması üçün kifayət zəmanət idi. Ardınca da namizədlik işini “Müasir özbək nəsrinin stilistik axtarışları (70-ci illər)” kitab kimi nəşr etdirməsini alim cəsarətinin rəmzi kimi dəyərləndirmək mümkündür. Çünki sovetlər dönəmində 27-28 yaşında özünü kitab müəllifi kimi ictimaiyyətə təqdim etmək doğrudan da cəsarət tələb edirdi. Repressiya görmüş bir xalqın gözünü elə qorxutmuşdular ki, o meydana girmək üçün hər şeyə hazır olmaq lazım idi.

Həmidulla Baltobayev doğulub boya-başa çatdığı Əndicanda orta təhsilini orada alıb. Sonra onun mərkəzdə – Daşkənd Dövlət Universitetində ali təhsil alması, universiteti bitirəndən sonra elmi-pedaqoji mühitdə çalışması, daim böyük şəxsiyyətlərin toplantılarında olması əlbəttə bir gəncin, xüsusən elmə könül verən bir gəncin həyatında böyük izlər açmasına vəsilə olmuşdur. Müstəqillik illərində Həmidulla Baltobayev artıq bütünlüklə bir istiqamətdə özünü – fikrini ifadə etməyə cəhd etdi. O, repressiya qurbanlarının – XX əsr maarifçilərinin həyatını,  elmi-ədəbi irsini öyrənməyə, tədqiq etməyə qərar vermişdi: O, Özbəkistan Respublikası Elmlər Akademiyası Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunda “XX əsr özbək ədəbiyyatşünaslığı və Fitrətin elmi irsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Fitrəti öyrənmək bütün özbək maarifçilərinin hər səhifəsinə bələd olmaq demək idi. Bu səbəbdən də professor hələ də cədidçilərin (maarifçilərin) elmi irsini öyrənməkdən, nəşr etməkdən nəinki yorulmur, hətta hər dəfə yeni cığırlar, yeni problemlər ortaya qoyur, tələbələrinə aşılayır.

Onun mərkəzdə – elmin bütün qaymaqlarının cəmləşdiyi Moskvada – M.V.Lomonosov adına Moskva Dövlət Universitetində iki dəfə (1987, 1990) təlim-tədris və ixtisasartırma kurslarına yiyələnməsi, əlbəttə yeni elmi-ədəbi mühit qazanmasına vəsilə olmuşdur.

H.Baltobayev orada tanış olduğu həmkarları ilə əməkdaşlığını hələ bu gün də davam etdirir ki, bu da özbək aliminin üfüqlərinin genişliyinə işarətdir. Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi mərhum professor Şirindil Alışanovla dostluğu, əməkdaşlığı məhz həmin universitetdən başlamışdır.  

2000-ci ildən Özbəkistan Milli Universitetinin professoru kimi pedaqoji fəaliyyət göstərən alim son illərdə bu qədər geniş və məhsuldar əməyinin nəticəsi olaraq klassik ədəbiyyat kafedrası yaradılmasına səbəb olmuşdu və hazırda qurub-yaratdığı kafedraya rəhbərlik edir.

Özbəkistan Yazıçılar Birliyinin üzvü kimi daim ədəbi tənqidçilərin, ədəbiyyatşünas alimlərin yanındadır.

Professor Həmidulla Baltobayevin elmi əsərləri yalnız öz ölkəsində deyil, həm də xarici ölkələrdə onlarla məqalə və tezisləri, kitabları – monoqrafiyaları nəşr olunmuşdur. “Nəsr və üslub”, “Fitrət və cədidçilik”,  kimi monoqrafiyaları Türkiyədə nəşr olunub yayımlandı. “Fitrət”, “Söz sehri” (Erkin Vahidov haqqında məqalələr),  “Həyat. Xəyal. Xiyaban” (İbrahim Qafurov haqqında məqalələr), Mehrlə yoğrulan yaradıcılıq (Primkul Kadırov haqqında məqalələr) və  bir çox kitablarının adlarını bu sıradan qeyd edə bilərik.

Bəli, Həmidulla Baltobayev tərcümə işi, nəşriyyat redaktorluğu və naşirlik kimi ağır zəhmətli işlərin müəllifidir.

Həmidulla Baltobayevin müstəqillik illərində gördüyü ən mühüm işlərdən biri də Əndican torpağında doğulub boya-başa çatan şah və şair oğlu, tarixi şəxsiyyət Zəhirəddin Məhəmməd Babur elmi-ədəbi irsinə can yanğısı ilə diqqət göstərməsidir. Beynəlxalq Babur Fondunun rəhbəri professor Zakircan Məşrəbovun yanında gördüyü işlər hesaba gəlməz: “Babur və dünya” dərgisi, “Zəhirəddin Məhəmməd Babur ensiklopediyası” kimi mükəmməl nəşrlərdə, hər ənənəvi keçirilən  “Zəhirəddin Məhəmməd Babur və onun ədəbi irsinin dünya elmində yeri” adlı beynəlxalq konfransların keçirilməsində xidmətlərini qeyd etməyə bilmərik. Onun eləcə də Əlişir Nəvai ədəbi şəxsiy[yəti və irsi yönümündə fəaliyyəti təqdirəlayiqdir

Professor Həmidulla Baltobayev çalışdığım Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri nümayəndəsidir. Təsadüfi deyil ki, onunla əməkdaşlığımızın nəticəsi olaraq, professor Həmidulla Baltobayev 2019-cu ildə Azərbaycanda “İlin alimi” kimi elan edilmişdir.

2018-ci ildə ilk dəfə “Zəhirəddin Məhəmməd Babur və Azərbaycan”  adlı beynəllxalq elmi konfrans təşkil etmişdik. Azərbaycanın şah və şair oğlu Şah İsmayıl Xətainin yaxın dostu və silahdaşı olan Şah Babur konfransını yüksək səviyyədə keçirmək üçün Özbəkistan, Əfqanıstan və Hindistan səfirləri ilə yanaşı, ayrıca olaraq Özbəkistandan da nümayəndələr dəvət etmişdik. Həmin nümayəndə heyətinə məhz  professor Həmidulla Baltobayev başçılıq edirdi. Həmin tədbir ərəfəsində iki nəfər Özbəkistan gəncini də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna təhsil haqqı bağışlanmaqla dissertantura və doktoranturaya qəbul edildi, onlar “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” Beynəlxalq elmi konfransında iştirak etmək üçün Bakıya dəvət olunmuşdular.

İnstitutumuzda 2016-cı ildən “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsi yaradıldı. Bununla da Özbəkistan elmi-ədəbi mühiti ilə yaxından işləmək fürsəti əldə edilmişdi.

Bu məqalə üzərində işlərkən elektron poçtuma bir də nəzər salıb  professor Həmidulla Baltobayevlə yazışmalarımıza nəzər salıb  bir çox işlərimizi xatırlamaq və qələmə gətirmək istədim. 2012-ci ildən hazırkı vaxta qədər təxminən 200-dən çox məktub rastıma çıxdı.

Bu məktublar cəmi bir neçə cümləlik olsa da, informasiya və məlumat yükü ağır çəkilidir. Ilk məktublarda doktorant və ya dissertantlarının məqalələrinin Azərbaycan elmi dərgilərində nəşri, yenə də ustadlıq etdiyi kadrların dissertasiya və ya onun avtoreferatına rəy yazmaq amaclı idisə, sonrakı məktubların daha ciddi elmi məsələlərə ünvanlandı. Məsələn,

2019-cu ildə Cəlil Məmmədquluzadənin “Poçt qutusu” (Osman Kuçkarın tərcüməsində) kitabını nəşrinə etdiyi dəstək (kitaba “Cəlil Məmmədquluzadə  və özbək ədəbiyyatı” adlı “Ön söz”lə birgə), hətta kitab nəşr olunandan sonra Özbəkistan Milli Universitetində kitabın təqdimat  və bu barədə xeyli yazışmalarımızı təkrar oxuyuram. Professor bu kitabı 10 gün içində redaktə edib “Ön söz” yazaraq nəşr etmişdi. Əlbəttə bu iş üçün ortaya çox əmək qoyduğu göz qabağında idi. Az  sonra akademik İsa Həbibbəyli professor Həmidulla Baltobayevə belə təşəkkür məktubu ünvanladı: “Daşkənd Milli Universitetinin professoru, filologiya elmləri doktoru, “Mümtaz söz” nəşriyyatının direktoru cənab Həmidulla Baltobayevə MƏKTUB Hörmətli prof. Həmidulla Baltobayev! Azərbaycan xalqının böyük yazıçısı və dramturqu, məşhur “Molla Nəsrəddin” jurnalının baş mühərriri və naşiri Cəlil Məmmədquluzadənin seçilmiş əsərlərindən ibarət “Poçt qutusu” kitabının bu günlərdə Özbəkistanda nəşr edilməsi Respublikamızın ədəbi və elmi ictimaiyyətini sözün əsl mənasında sevindirməkdədir. Bu gözəl və əlamətdar hadisənin ölkəmizin Prezidenti cənab İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamı ilə bir vaxta təsadüf etməsi bizim sevincimizi ikiqat artırmaqdadır. Hələ ötən yüzilin əvvəllərindən, xüsusən, “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından etibarən  Cəlil Məmmədquluzadə əsərlərinin bütün Türküstanda məlum və məşhur olması bu ölkə oxucularının qəlbində təbii şəkildə bu misilsiz yazıçı və dramaturq yaradıcılığını nə vaxtsa kitab şəklində görmək arzusunu oyatmışdı. Bəli, Türküstan oxucularının varisləri – müstəqil və azad Özbəkistan oxucularını da bu çoxdankı arzularına çatmaları münasibəti ilə təbrik etmək yerinə düşər.

Hörmətli prof. Həmidulla Baltobayev! Cəlil Məmmədquluzadənin “Poçt qutusu” kitabının tərcüməsi, nəşrə hazırlanması və işıq üzü görməsi prosesində Sizin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutu, xüsusən, “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin əməkdaşları və şəxsən mənimlə apardığınız işgüzar müzakirələr və əlaqələrimiz diqqətəlayiqdir. Sizin rəhbərlik etdiyiniz “Mümtaz söz” nəşriyyatının Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslarının ən yaxşı əsərlərinin qardaş ölkədə tərcüməsi və nəşri sahəsindəki təcrübəsi son dərəcə qiymətlidir. Cəlil Məmmədquluzadənin 150 illik yubileyi mərasimlərinin və bilavasitə böyük sənətkar yaradıcılığına həsr olunmuş Beynəlxalq Elmi konfrans və simpoziumların iştirakçıları arasında Sizi görmək bizim arzumuzdur.  Bir daha Azərbaycan ədəbi və mədəni ictimaiyyəti və şəxsən öz adımdan milli ədəbiyyatımızın bənzərsiz klassiki  Cəlil Məmmədquluzadənin seçilmiş əsərlərindən ibarət “Poçt qutusu” kitabının özbək dilindəki yüksək səviyyədəki tərcüməsinə və nəşrinə görə Sizə öz minnətdarlığımı bildirirəm.  

Hörmətlə,  akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Nizami  Gəncəvi adına Ədəbiyyat  İnstitutunun direktoru”.

Elə həmin günlərdə akademik İsa Həbibbəylinin 70 illiyinə Yaşar Qasımla həmmüəllif olaraq yazdığımız “Ustaz” kitabını “Mumtaz söz” nəşriyyatında çapa hazırladılar. Kitabın məsul redaktoru  professor H.Baltobayev “Müəllim” adlı “Ön söz” yazmış  dosent Obidjon Şəfiyevin tərcüməsində,  akademik Naim Kərimov və Umarəli Normatovun rəyi ilə nəşr etdilər. Mənim üçün bu gözlənilməz təşəbbüs də məhz nəşriyyat sahibi professordan gəlmişdi.

2019-cu ildə Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsərinin nəşri və kitaba “Özbək  dili və ədəbiyyatının Azərbaycandakı böyük nümayəndəsi” adlı “Ön söz” yazmışdı. Professor H.Baltobayev məktublarının birində yazdı ki, bu əsəri oğlum Türkiyə türkcəsinə olan nəşrin üzərindən özbəkcəyə çevirib. İndi nəşr üçün oxuyanda çoxlu xatalar gördüm. Orijinal varianta mütləq ehtiyac olduğunu bildirirdi. Qısa bir vaxtda imkan tapıb Azərbaycan Milli Kitabxanamıza gedib həmin əsərin (1928-ci il nəşri) PDF nüsxəsini alıb göndərməklə yanaşı, Azərbaycan dilində yeni redaktə ilə də hazırlayıb göndərdik ki, kitab iki dildə – Azərbaycan və özbək dillərində nəşr olunsun. Professorun razılığı ilə Xalid Səidin Kanadada yaşayan 95 yaşlı qızı Bəhicə xanımdan yeni çap olunacaq kitab haqqında “Ön söz” yazmasını da xahiş etdik. Qısa müddətə Bəhicə xanım “Xoşbəxtəm ki, Xalid Səid kimi şəəxsiyyətlər unudulmur: O, mənim atamdır” başlıqlı xatirə dolu maraqlı və təsirli bir yazı göndərdi. Hətta vatsapp üzərindən Bəhicə xanımla görüntülü söhbət edərkən bildirdi ki, qızım, illərdir bu kitabın yeni nəşrini gözləyirəm. Bax, deyirəm o əsər təkrar nəşr olunmayınca bu dünyadan köçəsi deyiləm (yeri gəlmişkən, Bəhicə xanım bu arzusunu 2016-cı ildə I Türkoloji Bakı Qurultayının 90 illik yubileyi zamanı da mənə bildirmişdi). Bu məsələdən bir ay keçməmiş Həmidulla Baltobayev yazdı ki, kitab artıq nəşr olundu və kitabın üz qabığını PDF-lə birgə mənə göndərdi. Mən gecə ilə xəbəri Bəhicə xanıma çatdırdım. O, çox sevindi, kövrəldi, içindən gələn məhəbbət dolu minnətdarlığını bildir.  Səhər tezdən Bəhicə xanımın qızı Əfruz xanımın “Facebook” üzərindən bir məlumatını oxudum: “Bu gecə səhərə yaxın anam bu dünya ilə vidalaşdı”. Heyrət içində qalmışdım. Həmin gün “525-ci qəzet”də bu haqda bir məqalə (“Xalid Səid Xocayev şəxsiyyəti və ata həsrətli Bəhicə xanım”) dərc etdirdim. Həmin kitabı 2021-ci ildə təkrar Azərbaycanda nəşr etdik.

Bir dəfə professor Şirindil Alışanlı qardaşı, ədəbiyyatşünas alim, şair Hüseyn Kürdoğlunun “Seçilmiş şeirlər” kitabını professor Həmidulla Baltobayev “Mümtaz söz” nəşriyyatında çap etdiyini sevinclə bildirmişdi. Şeirləri Osman Kuçkar özbək dilinə tərcümə etmiş, professor  Həmidulla Baltobayev “Hüseyn Kürdoğlu – zaman və millət şairi” adlı “Ön söz” yazmışdır.

istan Milli Universiteti  özbək filologiyasi kafedrasının müdiri,  filologiya elmləri doktoru, professor Həmiddulla Baltobayevlə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasındakı 14-15 illik əməkdaşlığımız məhsuldar və ciddi elmi nailiyyətlərə imza olmuşdur. Professor Həmidulla Baltobayev iki qardaş – dost xalq arasında tarixən salınmış möhkəm bir körpünün bu günkü sütunlarından biri kimi fəaliyyətini yüksək dəyərləndirə bilərik. O, gerçəkdən də Azərbaycan elminin-ədəbiyyatının ən yaxın dostu, arxadaşı və təəssübkeşidir.

Almaz Ülvi Binnatova,
filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri