03 oktyabr 2024 01:57
81

Ermənistanın “yarımçıq sülh” niyyəti

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizi razılaşdırılıb. Hətta sülhə nail olmaq istiqamətində ilkin nəticələr də var. Belə ki, Azərbaycan və Ermənistan sərhədlərinin 12 kilometrə qədərinin delimitasiya və demarkasiyası həyata keçirilib. Azərbaycanın uzun müddət işğal altında olunmuş səkkiz kəndindən dördü sərhədin müəyyənləşdirilməsi prosesi nəticəsində azad edilib. Qarabağ Ermənistan tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi də rəsmən tanınıb. Amma müqavilənin imzalanması üçün bu kimi addımlar yetərli deyil. Çünki razılaşdırılmamış məsələlər var ki, onlar da dayanıqlı sülhə sözün həqiqi mənasında təhdiddir. Bunlardan biri Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən,  ərazi bütövlüyümüzü şübhə altına alan Ermənistanın Konstitusiyası və digər qanunverici aktlardır. Amma təcavüzkar ölkə bunun Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə dəxli olmadığını hələ də iddia etməkdədir. Halbuki, bu, sülh gündəliyinin ən vacib elementlərindən biridir. 

Bəli, rəsmi Bakı sülhlə bağlı bütün zəruri təklif və şərhlərini Ermənistan hakimiyyətinə çatdırıb. İndi təcavüzkar ölkənin vəzifəsi bütün bunlara şərh vermək yox, onlara şərhsiz və şərtsiz əməl etməkdir. Hayastan rəsmiləri isə bu məsələdə hələ də öz ampluasındadırlar. Hətta bu günlərdə Nikol Paşinyan BMT tribunasından BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər sülh müqaviləsinin imzalanmasının mümkünlüyündən danışıb. Əslində o, yaxşı bilir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normal müstəviyə düşməsi üçün ciddi bir sülh sənədinə ehtiyac var ki, o da hələlik ortada yoxdur. Şübhəsiz, Nikol Paşinyanın bu növbəti gedişi beynəlxalq ictimaiyyəti aldatmaqdan, yəni Ermənistanın sülhə “hazır” olduğunu, amma Azərbaycanın guya sülh istəmədiyini göstərməkdən  başqa bir şey deyil.

Bir neçə gün öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan da Paşinyansayağı açıqlama verib. Onun sözlərinə görə, guya Azərbaycanla danışıqlar prosesi hazırda dalana dirənib, lakin Ermənistanın bu məsələdə irəliləmək üçün “siyasi iradəsi var”: “Bu gün də biz razılaşdırılmış məqamları imzalamağa hazırıq”. Göründüyü kimi, rəsmi İrəvan siyasi riyakarlığını gizlətməkdən ötrü min bir oyundan çıxmaqda davam edir. Daha doğrusu, Ermənistan rəsmiləri istəyirlər ki, hansısa yüngül versiyaya, mənasız bir sənədə, daha doğrusu, hansısa kağız parçasına qol çəksinlər və bununla da işi bitmiş hesab etsinlər.

Halbuki, 2020-ci ildə torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra sülh gündəliyini başladan da, bu gün onu irəli aparan da Azərbaycandır.  Özü də bu sülh təkcə keçmiş münaqişə subyektləri arasında münasibətlərin normallaşdırılması deyil, bütövlükdə Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasına hesablanıb. Hətta rəsmi Bakı regionda kommunikasiyaların açılması, iqtisadi layihələrin həyata keçirilməsi, regional təhlükəsizlik sisteminin qurulması istiqamətində səmimi mövqe nümayiş etdirib və praktiki addımlar atmaqdadır. Şübhəsiz, Azərbaycanın prinsipial olaraq təqdim etdiyi bütün şərtlərin təmin edilməsi dayanıqlı sülh  üçün çox vacibdir. Bu mənada Ermənistan Azərbaycanın sülhlə bağlı bütün şərtləri ilə hesablaşmalıdır. Yəni, sülh müqaviləsi yarımçıq formada imzalanmamalıdır. Bir dəfəlik dərk etməlidir ki,  sülh müqaviləsinin imzalanmasının yolu Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasından keçir.

Fransa başda olmaqla Qərb dövlətlərindən, o cümlədən Hindistandan silah-sursat alan, hərbi arsenalını genişləndirən, vaxtaşırı şərti sərhəddə mövqelərimizi atəşə tutan, tərəfdarları ilə hərbi bloklar yaratmaq istiqamətində konkret addımlar atan Ermənistan artıq neçə aydır ki, “yarımçıq sülh” imzalamaq sevdasına düşüb. Şübhəsiz, təcavüzkar ölkəni buna təhrik edənlər elə onun havadarlarıdır. Görünür, belə yarımçıq sülh onların Cənubi Qafqazdakı maraqlarına tam cavab verir. Elə bu kimi səbəblərdən qonşu ölkələrin ərazilərinin işğalı ilə “böyük Ermənistan” yaratmaq niyyətindən hələ də əl çəkməyən Ermənistan ölkəmizə qarşı, eləcə də bölgədə sülhü təhdid edə biləcək revanşizm meyillərinin qarşısını almağa zəmanət vermək istəmir.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yurdlarından qovulmuş Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına geri qayıtmaq hüququ ilə bağlı fikirlərini açıqlayarkən belə bir bəndin 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatda və digər sənədlərdə öz əksini tapmadığını, elə bu səbəbdən də onların qayıdışının mümkünsüz olduğunu bildirib. Bu aspektən çıxış etsək, kim zəmanət verə bilər ki, sabah Simonyan, yaxud digərləri sülh müqaviləsinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyini bəhanə edərək müqavilədən boyun qaçırmayacaq?

Qvami Məhəbbətoğlu, “İki sahil”