02 oktyabr 2024 23:32
92

Plastik cərrahiyyə haqqında bunları bilirdinizmi?

Plastik cərrahiyyə adətən şou-biznesin məşhurları ilə əlaqələndirilir. Bu insanlar tez-tez plastik cərrahlara müraciət edirlər, çünki onlar üçün görünüşləri və cəlbedicilik bir növ brenddir. Tibb sahəsinin sürətli inkişafı ilə bu cür əməliyyatlar xeyli ucuzlaşıb və daha çox adiləşib, ona görə də estetik cərrahiyyə xidmətlərindən istifadə etmək istəyənlərin sayı artıb. Bu tibb sahəsi haqqında çox maraqlı faktları təqdim edirik.

 İlk əməliyyatlar qədim dövrlərdə Qədim Misirdə həyata keçirilib. Orada burun formasının korreksiyası edilmişdi. Bu əməliyyat növü haqqında qeydlər eramızdan əvvəl III minilliyə aiddir. Oxşar əməliyyatlar Qədim Çin və Hindistanda da həyata keçirilib.

18-ci əsrə qədər ziyillərin götürülməsi, yaraların tikilməsi kimi ilk sadə plastik əməliyyatları cərrahlar deyil, bərbərlər edirdi.

Birinci Dünya Müharibəsi plastik cərrahiyyə və onun Avropa qitəsində inkişafına mühüm təsir göstərmişdir. Çünki müharibənin qurbanı olanlar təkcə bədənin zədələnmiş hissələrini bərpa etmək üçün deyil, həm də xarici görünüşlərini yaxşılaşdırmaq üçün cərrahlara müraciət edirdilər. Tələbat artdıqca plastik cərrahiyyə üzrə ixtisaslaşmış həkimlər müxtəlif innovativ üsulları, o cümlədən toxuma transplantasiyası, mikrovaskulyar transplantasiya, ağız və üz-çənə cərrahiyyəsini inkişaf etdirməyə başladılar.

1794-cü ildə ingilis jurnalında burun bərpasının heyrətamiz bir üsulu haqqında məqalə dərc olundu. Hindistanlı quldurun hücumuna məruz qalan dövlət qulluqçusunun burnunu və əlini kəsdilər. Daha sonra o, Bombeydə burun əməliyyatı keçirdi. Üzdə çapıqlar qalsa da, ümumilikdə əməliyyat uğurla keçdi və istənilən nəticə əldə olundu. Bu hadisə bu sahədə Avropa təbabətinin inkişafına və oxşar əməliyyatların öyrənilməsinə təkan oldu.

Qədim Romada hazırkı dövrdə məşhur olan çapıq korreksiyası geniş yayılmışdı. O dövrlərdə insanın döyüş meydanından qaçıb düşmənə üz döndərdiyini, daha da pisi- qul kimi qamçı ilə işgəncəyə məruz qaldığını bildirdiyi üçün çapıqlar ayıb sayılırdı.

Yaxın Şərq ölkələrində bığlar həmişə trenddə olub və hələ də əsl kişi simvolu olaraq qalır. Üst dodağında qalın tüklər “yetişdirə” bilməyənlər tükləri bədənin başqa yerlərindən bığa köçürmək üçün 7000 dollar ödəməyə hazırdırlar.

Nubar Süleymanova, “İki sahil”