02 oktyabr 2024 18:15
68

1993-cü il oktyabrın 3-də xalqın taleyüklü seçimi ilə güclü Azərbaycanın təməli qoyuldu - Azər Allahverənov

1993-cü il oktyabrın 3-də keçirilən seçkilər 2024-cü ildə ərazisi bütöv olan Azərbaycanda keçirilən seçkilərə aparan yolun əsasını qoymuş oldu

1993-cü ilin 3 oktyabrında keçirilmiş prezident seçkilərində bir gənc olaraq iştirak etmişəm, eyni zamanda, sözün əsl mənasında mən həmin hadisələrin birbaşa şahidi olmuşam. Çünki o dönəmdə mən  Rusiyada təhsil  alırdım. Həmin ərəfədə Bakıya gəlmişdim. Qeydiyyatdan  keçərək müşahidəçi qismində həmin seçkilərdə iştirak etdim. Həqiqətən də, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə hesab olunan 3 oktyabrda keçirilən Prezident  seçkiləri Azərbaycan xalqının  təntənəsi idi. Burada əsas məsələ ondan ibarətdir ki, həmin ərəfədə biz çox ağır dönəmlərdən keçirdik.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, 1992-1993-cü ildən hakimiyyətdə təmsil  olunan AXC-Müsavat cütlüyünün yarıtmaz idarəetməsi nəticəsində ölkə çox  böyük faciələrlə üz-üzə qaldı. Humanitar sahədə böhran hökm sürür, siyasi müstəvidə  çox ciddi katakilizmlər yaşanırdı. Nəticə etibarilə xalqın yeganə ümid yeri məhz Ulu Öndər Heydər Əliyev idi. 1993-cü ilin  iyun ayının 15-dən etibarən Ümummilli  Lider Heydər Əliyev xalqın ən çətin günündə onun xilaskarına çevrildi. Xalqımız da 1993-cü ilin oktyabrın 3-də keçirilən Prezident seçkilərində böyük izdihamla iştirak etməklə öz layiqli övladına öz səsini verdi. Sözün əsl mənasında  3 oktyabr seçkiləri həm də demokratiyanın bir təntənəsi idi. Çünki bu seçkilər zamanı xalqın yekdilliyi, həmrəyliyi, birliyi, vəhdəti var idi. İnsanlar böyük coşqu ilə həmin  seçkilərdə iştirak edirdilər. Ölkənin  bu taleyüklü mərhələsində  məhz qüdrətli Azərbaycan naminə xidmət göstərən, hər zaman onun inkişafı ilə birbaşa olaraq məşğul olan şəxsə öz səsini vermiş  oldular. Yəni, ölkənin taleyini məhz həmin  şəxsə həvalə etdilər.  1993-cü il  oktyabrın  10-da Ulu Öndər Heydər Əliyev  andiçmə mərasimindəki çıxışında  bu məsələ  xüsusilə öz bariz təsdiqini tapdı. Konkret  olaraq həmin  çıxışda  da ölkənin hansı  istiqamətlərdə və necə inkişaf edəcəyi barədə plan açıqlandı. Xalq öz səsini  məhz Azərbaycanı  ən çətin durumdan çıxartmağa  qadir olan liderə verdi.

1993-cü il və 2024-cü il...

Azər Allahverənov  bildirib ki, 1993-cü il oktyabrın 3-də keçirilən seçkilər 2024-cü ildə ərazisi bütöv olan Azərbaycanda keçirilən seçkilərə aparan yolun əsasını qoymuş oldu: “Bu məqam xüsusi  olaraq vurğulanmalıdır.  Bugünkü Zəfərin əsasında məhz 3 oktyabr 1993-cü il seçkiləri dayanır.  Ölkənin sosial-iqtisadi suverenliyinin  sonrakı mərhələdə  təmin olunması, xüsusilə "Əsrin müqaviləsi"nin bağlanması, dünyanın aparıcı şirkətlərinin bir çoxunun Azərbaycanda konsorsium daxilində fəaliyyət  göstərməsi, ölkənin  maliyyə müstəqilliyini təmin edən, onun neft-qaz siyasətinin müstəqil və suveren şəkildə qurulmasına xidmət edən bir şəraitin yaradılması da məhz  Ulu Öndərin siyasəti nəticəsində baş verdi. Bu iqtisadi müstəqilliyin təmin olunması, maliyyə azadlığının təmin olunması baxımından olduqca əhəmiyyətli  idi. Eyni zamanda,  ölkə daxilində də müxtəlif qruplaşmalar, xarici mərkəzlərə bağlı olan birləşmələr Azərbaycana qarşı öz məkrli  planlarını reallaşdırmağa çalışmışdılar. Bir neçə  dəfə dövlət çevrilişinə cəhdin, digər hərəkətlərin qarşısı məharətlə alınmışdır. Bu, bir daha onu göstərmişdi ki, Azərbaycanın  3 oktyabr  1993-cü  ildə əldə etdiyi  böyük seçki  Zəfəri xüsusilə də xalqın bu monolitliyi bir çox Azərbaycanı istəməyən mərkəzlər  tərəfindən həzm oluna bilinməyən bir məsələdir. Buna görə  müxtəlif  yollarla  çalışırdılar  bu qələbəni sarsıtsınlar, əlimizdən alsınlar amma  Ümummilli Liderimizin uzaqgörən siyasəti, peşəkar  dövlətçilik xüsusiyyətləri , uzun müddət ölkənin rəhbərliyində ( keçmiş Sovetlər  İttifaqının  dönəmində)  təmsil olunaraq çox böyük  uğurlara imza atması və bu əsasda Azərbaycanla bağlı olan xilas siyasətinin inkişaf strategiyasına çevrilməsi məharəti öz sözünü dedi. Ölkəmiz nəinki öz müstəqilliyini  qorudu, hətta sonrakı mərhələdə xüsusilə də  Ümummilli Liderin qoyduğu inkişaf  strategiyasının ana xəttini təşkil edən bir çox iqtisadiyönümlü vəzifələr sonrakı mərhələdə Onun siyasi  kursunun  layiqli davamçısı cənab İlham Əliyev tərəfindən  çox uğurla həyata keçirildi. Nəticə etibarilə sonda 2023- cü ilin sentyabr ayının 19-20-də 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusion quruluşu onun bütün  suveren ərazilərində tam  bərqərar və bərpa  oldu. 2024-cü ilin fevralın 7-də Azərbaycanda Prezident  seçkiləri, sentyabrın 1-də  parlament seçkiləri  keçirildi. Bu iki seçki həm ölkə başçısının seçilməsi, həm də Milli Məclisin  parlament üzvlərinin seçilməsi onunla əlamətdar oldu ki, ərazisi bütöv olan, ərazisi bərpa olunan  ölkənin Konstitusion rejiminin bütün  ərazilərdə bərqərar olduğu  bir şəraitdə  keçirildi. Yəni, tam olaraq ölkənin bütün ərazilərində bu seçkilər baş tutdu”.

Deputat vurğuladı ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf  strategiyasının əsas elementləri kimi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə salınması sonrakı mərhələdə misal üçün Bakı-Novorossiysk neft kəməri, Bakı-Supsa neft kəməri  Azərbaycanın dünya bazarına  çıxışını təmin edən mühüm layihələr  idi: “Bu gün Azərbaycan  məhz həmin layihələr hesabına Avropanın  bir çox  ölkələrinə qaz ixrac edir. Bunların da böyük əksəriyyəti  məhz Avropa İttifaqına daxil olan dövlətlərdir. Bu gün  Azərbaycan  faktiki  olaraq Avropanın bir çox  ölkələri  üçün enerji  təhlükəsizliyinin  zəmanətçisinə çevrilib. Bu da Azərbaycanın  beynəlxalq  münasibətlər  sistemində hansı nüfuza malik olduğunu bir daha  göstərir. Artıq Azərbaycanla hesablaşır, ölkəmizə etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu gün məhz Azərbaycanın razılığı əsasında  Cənubi Qafqaz  bölgəsində layihələri reallaşdırılır. Azərbaycan həmin layihələrin bəzi hallarda  təşəbbüskarıdır, bəzi hallarda avanqardında gedən lokomotiv  dövlətdir, bəzi hallarda həmin o layihələrin birbaşa iştirakçısıdır. Bu gün daha böyük və iddialı geosiyasi proseslərdə iştirak edən Azərbaycan Avrasiya  qitəsində yeni geosiyasi konfiqurasiyanın qurulmasına öz töhfəsini vermiş olur. Bu tək iqtisadi, ticari, nəqliyyat  layihələrində deyil.  Milli Məclisin deputatı bildirdi ki, burada həm də ideoloji məqamlar da var. Siyasi məqamlara misal olaraq Türk Dövlətləri Təşkilatının ildən-ilə güclənməsi, bu platforma üzərində yeni siyasətin qurulması, bir çox beynəlxalq platformalarda Azərbaycanın təmsil olunması və yeni platformalarda iştirakı ilə bağlı irəli sürülən faktiki niyyətlər Azərbaycanın nüfuzunun göstəricisidir. Azərbaycanın sözünün nə qədər güclü, nə qədər sanballı, nə qədər müstəsna olduğunu qəbul edirlər. Artıq bilirlər ki, Azərbaycan sözü imzası qədər dəyərli olan dövlətdir və Azərbaycanın  sözün əsl mənasında, istər dövlətçilik, istər milli mənəvi dəyərlər baxım, istər bu dəyərlər əsasında ümumbəşəri dəyərlərə öz töhfəsini vermək baxımından xüsusi xidmətləri olan bir dövlətdir. Azərbaycan bu gün demokratik, hüquqi sözün əsl mənasında dünyəvi dövlətdir və bunu nə qədər görməzdən gəlmək istəsələr belə, etiraf edirlər və hesablaşırlar”.

Azər Allahverənov  qeyd etdi ki, bu gün bu kimi nailiyyətlərimizin əsasında məhz 1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri və seçkilərdə Ulu Öndərimizin parlaq qələbəsi dayanır: “Artıq yeni hədəflərə doğru gedirik. Postmünaqişə dövrünün çox ciddi çağırışları müəyyən olunub. İstər  Prezident  İlham  Əliyevin  inauqurasiya  mərasimindəki  çıxışına, istərsə də VII çağırış  Milli Məclisin ilk  iclasındakı çıxışına diqqət yetirsək  həmin çıxışlarda yer alan proqram istiqamətlərinə nəzər saldıqda görürük ki, bəli, Azərbaycan növbəti dövr ərzində çox böyük çağırışlar astanasındadır və Azərbaycanın üzərinə çox böyük öhdəliklər götürür. Əminəm ki, Azərbaycan  bu vəzifələri uğurla icra edəcək. Necə ki, bu gün COP29-la bağlı Azərbaycan çox böyük işlər həyata keçirilməkdədir. Qoşulmama Hərəkatında 120-dən çox dövləti özündə birləşdirən bir platformaya sədrlik edən Azərbaycan böyük uğurlara, siyasi müstəvidə, geosiyasi kontekstdə uğurlara imza atmışdısa,  bu gün artıq  200-ə yaxın dövlət COP29-un məhz Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar qəbul edir və artıq Azərbaycan ümumbəşəri prosesə töhfə verə biləcək böyük bir hadisəyə ev sahibliyi etməyə hazırlaşır. Bu da Azərbaycanın növbəti uğuru olacaq və bir vətəndaş olaraq mən də bu məsələ ilə bağlı qürurla danışıram, bundan şərəf duyuram və hər bir vətəndaş da bu prosesə öz töhfəsini verməli, güclü Azərbaycanımız naminə öz fəaliyyətini və zəhmətini əsirgəməməlidir”.

Yaqut Ağaşahqızı, “İki sahil”