02 oktyabr 2024 13:19
96

Müstəqilliyimizin sarsılmazlığını təmin edən LİDER

Müstəqil Azərbaycanın tarixində elə vacib və əlamətdar günlər var ki, həmin dövrdə ölkənin gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Belə günlərdən biri də oktyabr ayının 3-nə təsadüf edir.

Ölkənin parçalanması və dövlətin dağılmasının astanasında olduğu bir şəraitdə Azərbaycan xalqı vəziyyətdən çıxmaqdan ötrü xilaskar axtarırdı. Belə bir şəxs yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev idi. Xalq Heydər Əliyevə inanır və ona xilaskar kimi baxırdı.

Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etmişdir. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Azərbaycan xalqının göstərdiyi bu siyasi iradə mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün hüquqi qurtuluş, inkişafa gedən yolun ilk pilləsi idi.

Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan irəli gəlirdi. Hələ 1969-1982-ci illərdə Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Vətəninə sonsuz bağlılığı, dövlətinə, dövlətçiliyə sadiqliyi, millətinə sevgisi ona həqiqətən də ümumxalq sevgisi qazandırmışdır. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.

O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib faktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.

Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb.

Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.

Bu gün Azərbaycan Heydər Əliyevin yolu ilə uğurla addımlayır. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən və xalq, dövlət birliyi şəraitində bu siyasət Azərbaycanda yaşayır, dəstəklənir və qalib gəlir.

Mehman Əliyev,
Qaz İxrac İdarəsinin əməkdaşı,
YAP Xətai rayon təşkilatının "Rövşən Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü