02 oktyabr 2024 12:12
43

Azərbaycana həsr olunmuş ömür

Tarix boyu hər bir xalq dahi şəxsiyyətlər yetirmiş və belə şəxsiyyətlərin ən müqəddəs missiyaları daim millətini,vətənini ucaltmaq olmuşdur.Belə müdrik simalar böyük amallar,yüksək ideyalar sahibi kimi tarixə düşərək əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayır.Zaman ötdükcə onların xalqı,vətəni üçün etdiklərinin,ölkəsinin inkişafındakı misilsiz xidmətləri daha çox nəzərə çarpır.Xalq şairimiz Xəlil Rza Ulutürkün tədbirincə desək,qüdrətli şəxsiyətlər dünyaya işıq saçırlar.Belə tarixi şəxsiyyətlərdən biri də Türk dünyasının böyük oğlu xalqının xilaskarı,uzaqgörən siyasətçi Heydər Əliyevdir.

Onun  uzaqgörən dövlətçilik və idarəçilik siyasəti nəticəsində biz müstəqil Azərbaycanda yaşayır və qalib bir xalq kimi özümüzlə qürur duyuruq.Hakimiyyətə gəldikdən sonra heç bir dövlət başçısının üstəsindən gələ bilməyəcəyi siyasi,iqtisadi böhrandan çıxaraq bütövləşdirmə siyasəti həyata keçirməyə başlamış qarşısında duran vacib məsələlərin yerinə yetirilməsi barədə qərarlar qəbul etmişdir.Ulu Öndərimizin hər bir sahəyə xüsusi diqqət yetirməsi və  bu sahələrdə bir çox islahatlar aparması bizim bugünkü qələbəmizin təməlini qoymuşdur.Məhz bu islahatların həyata keçirilməsi onun dövründən başlamışdır və dövlətimizin hər bir sahədə inkişafına təsir etmişdir.1993-cü il oktyabr ayı.Azərbaycan tarixində yeni açılan bir səhifə.Ümummilli liderimizin prezident seçildiyi xalqımızda yeni ümidlər doğuran əhəmiyyətli bir gün! Ən əsası  mürəkkəb  ağır və çıxılmaz vəziyyətdə olan ölkəmiz böhrandan xilas edildi.Bnunula da ölkəmizin inkişafı yeni bir dövrə qədəm qoydu. Qüdrətli şəxsiyyət  mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi Heydər Əliyevin ölkəmizin inkişafı üçün  qarşısında duran vəzifələri miqyasca böyük idi.

Xalqın milli kimliyindən uzaqlaşdırılmasının qarşısı alınmalı,cəmiyyətin mənəvi bütövlüyünə nail olunmalı,vətəndaşlara xalqımızın tarixi keçmişi,dini,dili mədəniyyəti ilə bağlı düzgün fikir formalaşdırılmalı,dövlətin  yüksəlişə təkan verən islahatlar həyata keçirilməli idi.Ümumiyyətlə Ümummilli liderimizin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə zəngin mədəniyyəti və böyük tarixi keçmişi olan,həmişə qürur duyduğu,daim gələcək taleyini düşündüyü doğma Azərbaycanın inkişafı çiçəklənməsi üçün əzmlə  çalışmış hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.Dövlətçiliyimizin formalaşma prosesi Ulu Öndərin dövründə özünün ən yüksək zirvəsinə çatdı. Bir sözlə onun hakimiyyətə qayıdışı ilə siyasi,ictimai,elmi-həyat və beynəlxalq əlaqələrdə dönüş yarandı.O ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir:Bir prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu,islahatlar yoludur.İslahatlar vasitəsilə dövlətimizin inkişafının həyata keçirilməsi onun fikrincə dövlət siyasətinin əsas prinsipini təşkil edirdi. O hər zaman deyirdi:İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz.Ona görə də Dövlət İdarəçilik Akademiyasının yaradılmasının vacibliyini hər zaman vurğulayırdı. Sadəcə bununla bitmir.Həmçinin Azərbaycan gəncələrinin hərb sənətinə olan marağının artırılması, torpaqlarımızın müdafiəsi üçün könüllü,pərakəndə fəaliyət göstərən hərbi dəstələr yerinə ciddi nizam-intizama malik kadrların yaradılması ordu quruculuğu sahəsində görülən ən əhəmiyyətli tədbirlərdən biri olmuşdur.Bu mənada Heydər Əliyevin milli zəmində apardığı hərbi təşkilati işin zirvəsi Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması idi. Çox böyük əngəllərin olmasına baxmayaraq hərbi ənənələrin canlandırılması,gənclərimizin hərb işinə cəlb edilməsi üçün fövqaladə əhəmiyyətə malik olan belə bir təhsil ocağının əsası 1971-ci ildə paytaxtda açılmışdır.

Bu da onu göstərir ki, Ulu Öndərin dövründə ordu quruculuğu daim ön planda olmuşdur.1991-ci il Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra təməlini qoyduğu Azərbaycan ordusu cəbhədə bir çox uğurlar əldə etmişdir.1993-cü il Beyləqan istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində 30 km-dək ərazinin,1994-cü il Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 22 kəndinin azad edilməsi bunun bariz nümunəsidir ki,bu əməliyyatlar Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il 12 may Bişkek protokolunun imzalanması ilə başa çatmışdır.Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq aləmdə milli maraqlara uyğun həll edilməsi üçün 1994-cu il Budapeşt,1996-cı il Lissabon sammiti nəticəsində münaqişənin ədalətli beynəlxalq prinsiplərə uyğun həll edilməsinin vacibliyi vurğulanmış bunun nəticəsində ərazi bütövlüyümüzün 53 dövlət tərəfindən tanınması Ümummilli Liderin uzaqgörən siyasətinin bariz nümunəsidir. 1995-ci il noyabrın 12-də  AR-in ilk konstitusiyası qəbul olundu.Bununla da ölkəmizin hüquqi,qanuni əsasları yaranmış ,dövlət və vətəndaş cəmiyyəti quruculuğunda önəmli addım atılmışdır.1994-cü il 20 sentyabr Azərbaycanda "Neft Strategiyası"-nın əsasını qoyan əsrin müqaviləsinin imzalanması həmçinin 1997-ci ildə Bakı-Novorossiyk, 1998-ci ildə Bakı-Supsa Qərb neft kəmərini istifadəyə verilməsi,noyabrın 18-də İstanbulda Xəzər dənizinə çıxarılacaq neftin Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair sazişin imzalanması, iqtisadi sahədə aparılan islahatların əhəmiyyətli  nəticələridir. Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın neft sənayesində köklü islahatlar aparılmasına,güclü infrastruktur yaradılmasına,neft sənayesinə müasir texnologiyaların cəlb edilməsinə gətirib çıxardı.Bununla belə iqtisadi əlaqələrdə dönüş yarandı,beynəlxalq aləmdə müstəqillik ifadəsi altında Azərbaycan müstəqil dövlət kimi tanındı ən əsası Respublikamız 3-cü minilliyə siyasi cəhətdən sabit iqtisadi,mədəni və sosial cəhətdən inkişaf edən dövlət kimi daxil oldu.1998-ci il Konstitusiya məhkəməsinin yaradılması,Şərqdə ilk dəfə ölüm cəzasının ləğvi "Böyük ipək yolu" beynəlxalq konfransında Bakı bəyənnaməsinin qəbul edilməsi ən əsası 2002-ci ildə konstitusiyamıza edilən düzəlişlər nəticəsində demokratik dövlət quruculuğunun əsasları möhkəmlənməsi daxili inkişafa təkan verdi. Beynəlxalq aləmdə isə 1994-cü il NATO-nun sülh və tərəfdaşlıq proqramına qoşulması 1997-ci ildə strateji əməkdaşlıq sazişlərinin bağlandığı dövlətlərdən ibarət GUAM təşkilatına üzvlük beynəlxalq nüfuzun artmağına kömək etmiş xarici dövlətlərlə olan iqtisadi əlaqələrdə öz nəticəsini vermişdir.Bir sözlə Ulu Öndərin 1-ci və 2-ci prezidentliyi dövründə həyata keçirilən islahatlar onu göstərirki,beynəlxalq təşkilatlara üzvlük,neft sazişlərinin imzalanması,konstitusiya dəyişikliklərinə aid qərarların qəbul edilməsi islahatların əsasını təşkil edirdi. 

2003-cü  ilin oktyabr tarixində keçirilən prezident seçkiləri nəticəsində Cənab Prezident Ali Baş Komandan İlham Əliyev prezident seçildi. Bununla da Azərbaycanda dövlətçiliyin inkişafı naminə həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoydu. İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu layiqincə dəvam etdirildi və yeni tərəqqi dövrü başladı.Ulu Öndərimizin yarımçıq qalmış ideyaları layiqincə reallaşdırıldı ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da yüksək zirvələrə qaldırıldı.Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir ki, biz tarixə qızıl hərflərlə yazılmış 44 günlük müharibəni zəfərlə bitirdik.Ancaq müharibə ərəfəsində həyata keçirilən Tovuz və Aprel döyüşləri bu böyük zəfərin başlanğıcını qoydu.Düzdür biz çox şəhid qurban verdik ancaq tarixlər yeniləndi.Bəlkə də,adi gün kimi yaşadığımız 27 sentyabr 8 noyabr tarixləri əhəmiyyətli gün kimi təqvimə daxil oldu.Bu tarixlər Azərbaycan xalqının yaddaşına əbədi olaraq qalacaq və heç bir zaman unudulmayacaqdır!

Bütün bu uğurların əsası isə Ulu Öndərin uzaqgörən, idarəçilik sisteminin bəhrəsidir.Bu günlərdə də biz müstəqil xalq kimi yaşayırıq doğma torpaqlarımıza qayıtmışıq !Bu xoşbəxtliyi bizə bəxş edən və bu uğurlarımız təməlini qoyan Azərbaycanın xilaskarı, tarixi və tarix yazan dahi şəxsiyyət ruhun şad olsun!

İradə Əhmədova,
Bakı Dövlət Universitetinin doktorantı, 
264 nömrəli məktəb-liseyin  tarix müəllimi