02 oktyabr 2024 11:06
60

Ulu Öndər Heydər Əliyev fenomeni

Tarixin müxtəlif dövrlərində yaşadıqları dövrün tarixinə birbaşa təsir göstərən şəxsiyyətlər olmuşdur. Həmin şəxsiyyətlər yaşadıqları dövlətlərin, eləcə də böyük bir coğrafiyanın gələcəyinə birbaşa təsir göstərmişlər. Ümummilli lider Heydər Əliyev də tarixə tarixi dəyişən şəxsiyyətlərdən biri kimi düşmüşdür.

Ulu Öndərin hakimiyyətinin Sovet İttifaqı dövrü Azərbaycanın dövlət infrastrukturunun yaradılması, gələcək kadr potensialının formalaşdırılması və gücləndirilməsi, milli kadrların önə çəkilməsi, dövlətin sənaye və kənd təsərüfatı sahələrinin güclü inkişafı və.s ilə xarakterizə olunur.

O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.

Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev məktəbinin ən layiqli davamçısı kimi onun Azərbaycan dövləti ilə bağlı yarım qalan işlərini davam etdirdi. Bu gün Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmiş, regionun ən güclü dövlətinə çevrilmişdir. Bu regionda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir layihənin icrası mümkün deyil. Azərbaycan dünyada tanınan, sayılan və hörmət edilən bir ölkədir. Vaxtilə Ulu öndər Heydər Əliyev “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyirdi. Məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dünyaya günəş kimi doğdu.

Ulu Öndər Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Lalə Salahova,
264 saylı  məktəb-liseyin tarix müəllimi