01 oktyabr 2024 22:54
100

Azərbaycançılıq birləşdirici, müdafiəedici və inkişafa aparan dəyərlər sistemidir

Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında bu çağırışı etdi ki, ölkəmizə  qarşı ideoloji təxribatların  bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır

Elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır

"Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?! Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır." Dövlət başçısı İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi bu fikirlər bütün dövrlər üçün aktuallığını qoruyan aəzrbaycançılıq ideologiyasının inkişafının və təbliğinin prioritetliyinə işıq salır.

Milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması...

Azərbaycançılığın ən parlaq səhifələri məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yazılıb. Ümummilli Lider  o dövrdə mövcud ideologiyanın qəlibləri çərçivəsində  Azərbaycanda  milli ruhun tamamilə sıxışdırılmasına nəinki yol vermədi, əksinə, onu yüksəltmək yolunda  bütün imkanlardan maksimum istifadə etməyə səy göstərdi. Milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi həmin dövrü xarakterizə edən mühüm məqamlardır. Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, dilimizin qorunması, inkişaf etdirilməsi xüsusi yer tutur.

Milli kimlik ilk növbədə milli-mənəvi dəyərlərdə ehtiva  olunur

Keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalqlar daim tarixin sərt sınaqlarından üzüağ çıxır, davamlı inkişafı ilə diqqət mərkəzində olur. Azərbaycan xalqının  bu gün   dünyanın 10 xoşbəxt xalqı sırasında yer almasını şərtləndirən mühüm amillər mövcuddur. Zəngin tarixə, mədəniyyətə,  ədəbiyyata, milli-mənəvi dəyərlərə malik olan xalqımız  bütün dövrlərdə tarixinə sahib çıxmış, onu  parlaq səhifələri ilə daha da zənginləşdirməyə səy göstərmişdir.  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq, bu mühüm məqamın şahidi olarıq. Ümummilli Lider   daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə  qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma  Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq, bu gün hər sahədə təcrübəsi nümunə olan, beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşan,  ən əsası qalibiyyəti ilə dünyaya səs salan  ölkəmiz üçün möhkəm baza formalaşdırıb. Nəzərə  alsaq ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva  olunur, bu halda Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz ziyalılarla keçirməsinin də nə qədər böyük əhəmiyyətə malik, bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addım olduğunu daha dərindən dərk edə bilərik.

Tarixə nəzər salsaq görərik ki, xalqımızın dövlətçilik salnaməsində mürəkkəb mərhələlər çox olub. Lakin bütün təzyiqlərə, çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmişdir. Məhz bu reallıqlara söykənərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.” Ümummilli Liderin böyük və müqəddəs ideallarla qurub-yaratdığı Azərbaycan dövlətinin tarixən keçib gəldiyi yolun öyrənilməsi mütləqdir, bir çağırışdır.

Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən xaricdə varlığının təsdiqini mühüm amil kimi önə çəkirdi. Ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması ilə yanaşı, diaspor quruculuğu mühüm məsələ kimi qarşıya qoyuldu.  Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanın ən çətin zamanlarında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk səsləndirdiyi çağırışlardan biri məhz bu olmuşdur ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Ümummilli Lider bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi Vətənidir. Dövlət, ölkə nə qədər xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Ümummilli Lider Heydər Əliyevin dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdiyi diaspor quruculuğu son 21 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müstəqil siyasətimizi həzm edə bilməyənlərin ideoloji təxribatları

Bu mühüm məqamı da unutmayaq ki, müasir dövr informasiya mübarizəsi dövrüdür. Ölkə Prezidenti İlham Əliyevin  vurğuladığı kimi, saxta, yəni, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır. İstənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Azərbaycan bu şər-böhtan kampaniyaları ilə daim üz-üzədir. Dövlətimizin başçısı İlham Əliyev qarşıda dayanan prioritetləri açıqlayarkən hər zaman  bu reallığı  diqqətə çatdırır ki, bizə qarşı informasiya kampaniyası aparılır.

Ölkəmizin uğurlu inkişafını, müstəqil siyasətini həzm etməyən dairələr daim əks-təbliğat kampaniyası həyata keçirir, onların inhisarında olan beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanı “qeyri-demokratik” ölkə kimi təqdim edirlər. Diqqət çəkən məqam budur ki, demokratiya anlayışının mahiyyətini hələ də dərindən dərk etməyən işğalçı Ermənistan “azad ölkələr” sırasında yer alır. Bu faktın özü gündəmə gətirilən hesabatların, rəylərin hansı əsasda hazırlandığını, dövriyyəyə buraxıldığını əsaslı şəkildə açıqlayır. Reallıq budur ki, Azərbaycanın müstəqil siyasəti bəzi qüvvələr tərəfindən həzm edilmir, nə yolla olursa-olsun ölkəmizin haqqında mənfi rəy yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu kimi ədalətdən uzaq, əsassız təbliğatlara biganə yanaşmalar isə dünyanın ikili siyasətinin təqdimatıdır ki, Azərbaycan bunu istər demokratik inkişafa, istərsə də hazırda tarixə qovuşan  Qarabağ münaqişəsinə münasibətdə aydın şəkildə görür.

Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarını nəzərə alsaq, bu çağırışı edə bilərik ki, müasir dövrümüzdə mətbuatın inkişaf problemləri ilə yanaşı, hər bir dövlətin milli təhlükəsizliyi ilə eyni səviyyədə dəyərləndirilən, ictimai rəyin formalaşdırılmasında başlıca aparıcı rola malik  informasiya təhlükəsizliyinin qorunması bütünlükdə cəmiyyətin, insanların vətəndaşlıq borcu olmalıdır. Əsas diqqət yetirilən sahə isə sosial şəbəkələrdə yerləşdirilən informasiyaların ölkələrarası əməkdaşlığın genişləndirilməsindəki rolu və əhəmiyyətidir. İnkişaf istiqamətlərini demokratiyanın təkmilləşdirilməsində, söz, mətbuat, vicdan azadlığının qorunmasında görən Azərbaycanın dövlət siyasətinin əsasında insan amili dayandığı kimi, hər kəsin ölkənin qanunları çərçivəsində sərbəst düşünmə və münasibətini bildirmə hüquqları mövcuddur. Həyatımızın ayrılmaz parçasına çevrilən, cəmiyyətin hər üzvünü hadisələr haqqında məlumatlandıran internetin ictimai rəyin formalaşdırılmasındakı rolu böyükdür. Əsas məsələ isə internetdən istifadə zamanı informasiya məsuliyyətini dərindən dərk edib, məlumatların ictimaiyyətə çatdırılmasında, auditoriyanın formalaşdırılmasında peşəkarlığı qorumaqdır.

Hər bir ölkənin  müəyyən səbəblərdən, münaqişəli məsələlərin mövcudluğu üzündən əks qütblərdə dayanan  əlaqələri də mümkündür. Təbii ki, bu zaman mənfi informasiyalara geniş yol açılır. Belə qərəzli münasibət ölkəmizdən də yan keçməyib. Dövlətimizin başçısı İlham Əliyev  bu çağırışı edir ki, bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bunun üçün gələcək nəsillər öz fəaliyyətlərini bu istiqamətdə qurmalı, təxribatlara uymamalı, bəzi beynəlxalq təşkilatların yalan məruzələrinə inanmamalıdırlar.

Qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olan, beynəlxalq təşkilatlarda söz sahibi kimi yüksək mövqeyə yüksələn Azərbaycan həqiqətlərinə kölgə salmağa çalışan ermənipərəst qüvvələr ölkəmiz haqqında mənfi imic fomalaşdırmağa cəhd etsələr də niyyətləri heç zaman  baş tutmur. Belə qərəzli təbliğatlara tutarlı cavab Azərbaycan reallıqlarıdır. Hətta beynəlxalq təşkilatlarda təmsil olunan diplomatlar, siyasətçilər belə  məkrli yanaşmalara iradlarını bildirərək Azərbaycanı dünyada ən sürətli inkişaf edən ölkə kimi xarakterizə edirlər. Beynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının, o cümlədən Dünya İqtisadi Forumunun hesabatları Azərbaycanın təkmil islahatlar, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində davamlı uğurlara imza atdığının aydın mənzərəsini yaradır. Qlobal informasiya məkanında həqiqətlərlə yanaşı, təxribat və yalan məlumatların kifayət qədər artdığını çıxışlarında xüsusi qeyd edən Prezident İlham Əliyev informasiya təhlükəsizliyini ərzaq, enerji təhlükəsizliyi kimi dövlət siyasətinin aspekti  hesab edir.

Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, müstəqilliyimizin əbədiliyini təmin edən daxili və xarici siyasətimiz elə təməl üzərində qurulub ki, heç bir təsir onu sarsıda bilməz. Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılması yolverilməzdir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da edir ki, yeni texnologiyaların yaratdığı bütün imkanlardan səmərəli istifadə edilərək Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Müxtəlif dillərdə internet resursları yaradılmalı, həqiqətlərimiz faktlar əsasında dünyaya bəyan edilməlidir. Bu mühüm uğurumuzu da qeyd etməliyik ki, Azərbaycan kosmik klubun üzvüdür. Son 5 ildə Azərbaycan orbitə 3 peyk çıxarıb. Bu uğurumuz iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası istiqamətində mühüm addımdır.

Müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin, inkişafa aparan yolun əsasını təşkil edir.  Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən Dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Cənab İlham Əliyev bu reallığı da qeyd edir ki, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respubilkamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır. Bu gün Azərbaycan çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması onun artan iqtisadi və siyasi mövqeyinin təsdiqidir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.

Dövlətimizin başçısı uğurlarımız fonunda bu reallığı qeyd edir ki, Azərbaycan ona görə bəzi hallarda beynəlxalq müstəvidə təzyiqlərlə üzləşir ki, heç kimin qarşısında baş əymir və əyməyəcək. Buna görə də ölkəmizdə sabitlik, inkişaf, əmin-amanlıq var.

 Bu gün tariximizin yeni dövrünü yaşayırıq. Tarixi Zəfərimiz, onun ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi yeni reallıqlara yol açdı. Bu reallıqlar isə hər bir sahədə yenilikləri, təkmilləşməni şərtləndirdi. Bugünümüzün reallıqları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin vaxtilə səsləndirdiyi “Gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” çağırışının  təsdiqidir. Gənclərimizin vətənpərvərlik ruhunda, milli ruhda tərbiyəsi tarixi Zəfərimizi şərtləndirən mühüm amillər sırasında oldu. Vətən, torpaq sevgisi azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindəndir. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin və ötən il bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsinin fonunda bu məqamı böyük qürur hissi ilə qeyd edir ki, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi:  “Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.»

Ailə tərbiyəsi və məktəb

Cənab İlham Əliyevin suverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan vəzifələri açıqlayarkən, daha dəqiq desək son 20 ilin  uğurlarının ümumiləşdirilmiş ifadəsi olan 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində əsas diqqət göstərdiyi məsələlərdən biri məhz azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi oldu. «Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk» söyləyən Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var. Bu çağırış da səsləndirildi ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Bu mühüm məqam da qeyd edildi ki, bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, cəmiyyətimizin əsasıdır. Bu, sarsılmaz varlıqdır,  dəyərdir və bunu sarsılmaz etmək  əlimizdədir: “Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq. Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz.”

Cənab İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında bu reallığı da diqqət çatdırdı ki, Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. O da qeyd edildi ki, Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.

Yeganə Əliyeva, "İki sahil"