01 oktyabr 2024 23:27
82

Qərb yeni xəyanətkarlar axtarışında

Qərb dairələri tərəfindən əsassız şəkildə Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri Qərbin ikiüzlülüyünə, ikili standartlarına və riyakarlığına heç bir şübhə yeri qoymur

Qırx dörd günlük Vətən müharibəsindən sonra aydın oldu ki, torpaqlarımızı azad etməyimiz və regionda yeni reallıqlar yaratmaq təşəbbüslərimiz bəzi dairələrin ürəyincə deyil. Çünki Qələbəmiz regionda şəffaf və legitim şərtlər formalaşdırıb ki, bu da daha öncə 30 il ofşor əsaslarda regionun bütün resurslarını istismar edənlərin imkanlarını heçə endirib. Azərbaycan, həmçinin keçmiş münaqişənin hərbi mərhələsini tez bitirməsi ilə bu dairələrin toparlanması və planlaşdırdığı ssenariləri həyata keçirə bilməsi imkanlarını sıfıra endirdi. Buna görə də aradan keçən 4 il ərzində müxtəlif təxribatlarla regionda vəziyyəti gərginləşdirməyə cəhdlər olunur. Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin uzun illərdir Azərbaycanın suveren torpaqlarının işğalına, xalqımıza qarşı törədilmiş çoxsaylı müharibə cinayətlərinə susmaları, bu gün isə insan hüquq və azadlıqlarından, humanizmdən danışaraq Ermənistan üçün qalxan rolunu oynamaları ikrah doğurur. Bu dövlətlərin 300 min azərbaycanlının Ermənistandan, 700 min azərbaycanlının isə uzun müddət işğal altında saxlanmış Azərbaycan ərazilərindən etnik təmizləmə nəticəsində zorla çıxarılmasını və soydaşlarımızın əmlakına, iqtisadiyyatına və mədəni irsinə vurulan yüz milyardlarla ABŞ dolları dəyərində ziyanı görməzdən gəlmələri ikili standartlara söykənən siyasətlərinin nəticəsidir. Bu gün Avropa İttifaqının Ermənistandakı missiyasının müşahidə apardığı ərazilərdə tarix boyu Qərbi azərbaycanlılar yaşayıblar və sonradan deportasiyaya, insanlıqdan kənar münasibətə məruz qalıblar. Bununla bağlı, Qərbi Azərbaycan İcması dəfələrlə bütün beynəlxalq qurumlara müraciətlər etsə də heç bir reaksiya verilməyib. Bu münasibət Azərbaycana demokratiya, insan hüquqlarından dərs keçməyə çalışan qüvvələrin beynəlxalq hüquq və insani dəyərlərdən ölkələrə təzyiq etmək üçün silah kimi istifadə etdiyini aydın şəkildə göstərir. COP29 yaxınlaşdıqca məlum anti-Azərbaycan qüvvələr "insan hüquqları" bəhanəsi ilə Azərbaycana qarşı hücumlarını intensivləşdiriblər. Erməni lobbisi ilə sıx əlaqəli olan "Freedom House", "Human Rights Watch" və digərləri əvvəllər ermənipərəst motivlərini gizlətməyə çalışırdılarsa da artıq bunu açıq şəkildə edirlər.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, artıq bu hücumları həmin təşkilatların erməni mənşəli əməkdaşlarının özləri həyata keçirir. Eyni zamanda, bu təşkilatlar irqçi düşüncəyə malik digər erməni aktivistlərin bütün hücumlarını dəstəkləyirlər. Buna son nümunə isə "Freedom House"un erməni millətçisi Şeyla Paylan tərəfindən "Newsweek"də yayımlanan böhtan dolu məqaləni dəstəkləməsidir.

"Biz bu hücumları qətiyyətlə pisləyir və Paylanın işlədiyi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsini (UNODC) onun haqqında zəruri ölçü götürməyə çağırırıq", -deyə bəyanatda vurğulanıb.

Göründüyü kimi, Cənubi Qafqaza soxulmaq üçün bölgədə "suyu bulandırmaq" istəyənlər Azərbaycan və ətraf ölkələrdə sabitliyi həzm edə bilmir, hər vəchlə bölgə dövlətlərini xaosa sürükləməyə çalışırlar. Onlar istənilən ölkədə sabitliyi pozmaq üçün  əsasən "beşinci kolon"dan istifadə edirlər.  Məhz onların vasitəsilə cəmiyyətin həssas kəsimini müxtəlif vasitələrlə və mövzularla manipulyasiya etməyə, ölkənin daxili sabitliyinə təhdidlər yaratmağa, ictimai-siyasi proseslərə müdaxilə etməyə çalışılır. Lakin radikal müxalifəti yaxşı tanıyan xalqımız əsla bu kimi oyunlara aldanmır. Ona görə Avropanın bəzi təşkilatları Azərbaycanda yenidən "beşinci kolon" formalaşdırmaqda, yeni xəyanətkar simalar axtarışındadır. Qərbə boyun əyməyən Azərbaycan kimi ölkələri isə daim təzyiq altında saxlamaq üçün yeni münaqişələrə cəlb edirlər. Bu gün   Ermənistanın Birləşmiş Ştatlar və Qərb fondları vasitəsilə silahlandırılması bu məqsədə xidmət edir. Ermənistan hakimiyyətinin və revanşistlərin əvvəlki işğalçı və militarist ritorikasına qaytarılması da bunlarla bağlıdır. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə hərəkət edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi kimi çıxış edən Avropa İttifaqı bu gün nümayiş etdirdiyi mövqeyi ilə özü-özünü ifşa edir, vasitəçilik təşəbbüsünə kölgə salır. Qərb dairələri tərəfindən əsassız şəkildə Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri Qərbin ikiüzlülüyünə, ikili standartlarına və riyakarlığına heç bir şübhə yeri qoymur.

2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində Avropa Şurasının Parlament Assambleyası (AŞPA) heç vaxt işğalçı dövlət olan Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Amma indi - təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəmizdən, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələnmiş 2023-cü ilin 19 sentyabrında Qarabağda birgünlük lokal antiterror tədbirlərindən sonra xalqımız və dövlətimiz AŞPA və digər Avropa strukturları tərəfindən təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzə qalıb”. 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti Assambleyanın sessiyalarında erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən avropalı parlamentarilər daş atıb başlarını tuturdular ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar utanıb-qızarmadan, abır-həya etmədən bunun əksini deyirlər. Dünya erməni lobbisinin əlində alət olan AŞPA-nın bu üzdəniraq deputatları Azərbaycanı qaralamaq üçün heç bir fürsəti əldən vermir, həyasızcasına Azərbaycanı Qarabağın erməni əhalisinin etnik təmizlənməsində” və onların buradan zor gücünə qovulmasında ittiham edirlər. Halbuki Ermənistanın baş naziri Nikol Paşinyan, ermənilər Qarabağı könüllü surətdə tərk edən zaman bölgədə olmuş dünyanın ən böyük və nüfuzlu beynəlxalq təşkilatı BMT-nin müşahidə missiyası onların ərazidən öz istəkləri ilə, heç bir zorakılıq halları olmadan köçmələrini bəyan etmişdilər.

Şəmsiyyə Əliqızı, “İki sahil”