30 sentyabr 2024 14:01
133

Hər bir uğur böyük səylərin nəticəsidir

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasətə 2003-cü ildən başlayaraq bir daha dəstək verildi. Bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin ilin 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə Prezident seçilən Dahi Lider Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm baza formalaşdı.

Dahi şəxsiyyət Heydər Əliyev müstəqillik yollarında yenicə addımlarını atan dövlətin qarşısında dayanan həlli vacib məsələləri diqqətə çatdırdı. Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq.

Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artmasını şərtləndirdi. Ulu Öndər Heydər Əliyev ilk gündən bu çağırışı etdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bir amal - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdi. 2001-ci ildə Ümummilli Liderin təşəbbüsü və Sərəncamı ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu qurultay birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsində öz sözünü dedi. Ulu Öndər Heydər Əliyev proqram xarakterli çıxışında Vətənin bir olduğunu və hamımızın bu Vətən üçün çalışmasının vacibliyini diqqətə çatdırdı. Əsas hədəflərdən biri soydaşlarımızın yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı, həqiqətlərimizi faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırmaq idi.

Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyeviin dünya azərbaycanlılarının birliyi istiqamətində atdığı addımlar davamlılığı ilə göz qabağındadır. Tarixi Zəfərimizdə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsində bu birlik əhəmiyyətli rol oynadı. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin  təqdimatı oldu.

Azərbaycan son 21 ilə yaxın dövrdə 1993-2003-cü illərdə  yaradılan möhkəm təməl üzərində inamla addımlayır. Prezident İlham Əliyev Ümummilli Liderin görmək istədiyi qalib, bütövləşən, yeni Azərbaycanı dünyaya təqdim edir. Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Tarixi Zəfərimizin, suverenliyimizin yaratdığı reallıqlar regionda, dünya siyasətində yeniliklərə yol açdı. Hazırda iqtisadi imkanlarımız azad edilmiş ərazilərdə genişmiqyaslı işlərdə özünün aydın ifadəsini tapır. Dörd ildə 5 şəhərə və 4 kəndə qayıdış görülən işlərin təqdimatıdır.

Cənab İlham Əliyev bu günlərdə iqtisadi məsələrə həsr olunmuş müşavirədə bu fikri böyük əminliklə qeyd etdi ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. O da qeyd edildi ki, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, dövlətimizin güclənməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi xarici investorların bizə olan münasibətini daha da yaxşılaşdırıb. Ölkəmizdə çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror tədbirlərindən sonra dövlət suverenliyinin bərqərar olması çoxsaylı investorları ölkəmizə cəlb edib.

Hazırda regionlarımız, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz sürətli inkişafı ilə diqqətdədir. Hər bir əlamətdar gün keçilən yolun təhlilini bir zərurətə çevirir. Oktyabrın 4-də qeyd edəcəyimiz Cəbrayıl Şəhəri Günü bu ərazilərimizdə ötən dövr ərzində görülən işlərə işıq salır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri məhz 2020-ci il noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. Həmin vaxtdan ötən 4 ilə yaxın dövr ərzində bu ərazilərdə, o cümlədən Cəbrayıl rayonunda və şəhərində görülən işlərin miqyasının göstəricisi cari il sentyabrın 26-da bura ilk köçün başlanması oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonra Cəbrayıl şəhərinə ilk səfəri zamanı Azərbaycan Bayrağını ucaltdıqdan sonra böyük qürur hissi ilə qeyd etdi ki, haqq-ədalət zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan Bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bu gün azad edilmiş bütün torpaqlarımız yenidən qurulur, bərpa edilir, soydaşlarımız dogma yurd-yuvalarına qayıdır, yeni həyat başlayır. Cəbrayıl şəhəri sakinlərinə qovuşduğu üçün sevinclidir.

Fəxrəddin Vəliyev,
​YAP Şəmkir rayon təşkilatının sədri