27 sentyabr 2024 22:39
74

XİLASKAR

Azərbaycan dövlətinin və xalqının taleyində olduqca əlamətdar hadisələrdən biri - 1993-cü ilin oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq prezident seçilməsindən 31 il ötür.

Böyük səs çoxluğuyla Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edərək, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O zaman  Ümummilli Lider andiçmə mərasimindəki nitqində bildirmişdi: «Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.»

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan zaman Azərbaycanın bu çətinlikləri arxada qoyacağını, hər kəsin belə qüdrətli, güclü dövlətin vətəndaşı olması ilə fəxr edəcəyini bildirmişdi. Ulu Öndər Heydər Əliyevin 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində səsləndirdiyi bu vədini bir daha yada salıb: «Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.»

1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində inkişaf etməsi,  sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatların həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər də ölkə üçün həlledici illər oldu. Məhz həmin illərdə milli dövlətçiliyin möhkəm təməli qoyuldu, Azərbaycanı Respublikasının istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi.

Ulu Öndər qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında Qurucu və Xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb və qalacaq. Ümummilli Liderin bu müdrik kəlamları Azərbaycanın bu gününə və sabahına nur saçan qətiyyətli fikirlərdir: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam.»

Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”  deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur.  1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Ulu Öndər Prezident olduğu illərdə dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu,siyasi islahatlar aparılmağa başlandı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasətinin aparılmasına başlanıldı və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş verdi.

Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Ulu ndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. İllər öncə böyük uzaqgörənliklə deyirdi: «Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır».

Böyük liderin arzuladığı o an, nəhayət ki, 2020-ci ilin noyabrında yetişdi. Ümummilli Liderin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaratdı. Məhz iqtisadi güc və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Xalqımız bu möhtəşəm nailiyyəti həm də, Ulu Öndər Heydər Əliyevin  uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirir. Bu gün ölkə olaraq, xalq olaraq tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi o mübarək gün nəhayət gəldi. Azərbaycanın şanlı bayrağı artıq Qarabağın bütün bölgələrində dalğalanır. Öz gücü hesabına 44 günlük Vətən müharibəsi, 23 saat 43 dəqiqəlik antiterror tədbirləri ilə ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan  dövlətimizin qüdrətini və ədaləti bərpa etmək qabiliyyətini  bütün dünyaya bir daha sübut etdi.

Şəmsiyyə Əliqızı, “İki sahil”