27 sentyabr 2024 23:28
73

Sənin Makrondan nə fərqin var, Əli Kərimov?..

Azərbaycan əleyhdarları xarici dairələrin maliyyəsi və sifarişləri ilə fəaliyyət göstərən AXCP sədri Əli Kərimlinin və marginallaşmış dəstəsinin son günlər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin, eləcə də sülh sazişinin imzalanması ilə bağlı mübahisəli məsələlərin həll edilməsinin ləngiməsində ölkəmizi xəyanətkarcasına ittiham etməsi gülünc olduğu qədər də ikrahdoğurucudur.

Şübhəsiz, məlum antimilli ünsürlər tərəfindən burada nələrə işarə vurulduğunu anlamaq üçün o qədər də baş sındırmaq lazım deyil. Məsələnin mahiyyəti çox sadədir: Sirr deyil ki, uzun illərdən bəri anti-Azərbaycan dairələrin əmtəəsinə çevrilən antimilli ünsürlər sülh danışıqları məsələsində ölkəmizi ittiham etmək və bütün bunları cəmiyyətin beyninə yeritmək üçün məlum mərkəzlərdən aldıqları tapşırıqları mənəviyyatsızcasına yerinə yetirirlər.

Radikal müxalifət təmsilçiləri başda AXCP sədri Əli Kərimli, onun marionetkası, əsl “qocalıqda yorğalıq” nümunəsi olan Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri internet resurslarında populist ritorikaları, obyektiv təhlilə əsaslanmayan, reallıqdan uzaq analizləri ilə cəmiyyətdə çaşqınlıq yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu başıpozuq dəstənin üzvlərinin gündəlik müraciət etdikləri mövzular açıq-aşkar göstərir ki, onlar anti-Azərbaycan dairələrdən günbəgün, saatbasaat tapşırıq alırlar.

Sosial şəbəkələrdə dövlətçiliyə, milli maraq və mənafelərə yönəlik çıxışları, zərərli ritorikaları ilə cəmiyyətdə gərginlik yaratmaq üçün dəridən-qabıqdan çıxan, məkrli mərkəzlər tərəfindən pərdə arxasından idarə olunan bu ünsürlər Azərbaycanla Ermənistan arasında sülh danışıqlarındakı əngəllərdə rəsmi İrəvanı deyil, namərdcəsinə çörəyini yeyib, suyunu içdikləri öz ölkələrini ittiham etməkdən çəkinmirlər.

Bu xəyanətkarlar iki ölkə arasında davam edən sülh danışıqları, üzərində müzakirələr aparılan sülh müqaviləsi layihəsi ilə bağlı demək olar ki, Fransa Prezidenti Emmanuel Makronun ermənipərəst mövqeyini dəstəkləyirlər. Belə ki, E.Makron BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışında həyasızcasına bildirib ki, dünya ictimaiyyəti Ermənistanı dəstəkləməlidir. “Beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etmək üçün Ermənistanı dəstəkləməlidir”. 

Fransanın xarici işlər naziri Jan-Noel Barrot isə “X” sosial şəbəkəsindəki mikrobloqunda yazıb. “Biz dəstəkləyirik: Ermənistan demokratiyasının suverenliyi və davamlılığı; Cənubi Qafqazda ədalətli və davamlı sülh”.

Təbii ki, bütün bunlar rəsmi Paris tərəfindən Ermənistandakı revanşizmə dəstək kimi qiymətləndirilməlidir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı silahlandıran, Cənubi Qafqazda yeni eskalasiya və gərginlik ocağı yaratmağa çalışan, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallşmasına əngəl olan, delimitasiya prosesində əldə olunmuş  nailiyyətlərə xələl gətirmək istəyən, nəhayət sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli şəraiti təhlükə alıtna salmaq üçün ən çirkin vasitələrdən istifadə edən Makrona Azərbaycanın radikal müxalifəti tərəfindən haqq qazandırılması xəyanətkalığı pik nöqtəsidir.

Halbuki sülh danışıqlarını pozan Ermənistandır. Hazırkı Ermənistan konstitusiyası iki ölkə arasında sülh sazişinin imzalanması üçün də əngələ çevrilib. Həmçinin Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var. Azərbaycan dövləti bunların aradan qaldırlımasını istəyir.

Nəhayət, başda Ə.Kərimli olmaqla marginallaşmış radikal müxalifət zümrəsinə  bir daha demək istərdik ki, siyasət iti məntiqlə düşünə bilən dərin zəkalı intellekt sahiblərinin, təfəkkür adamlarının işidir. Sizin kimi qlobal gerçəklikləri və regionda baş verən prosesləri dərindən qavraya bilməyən, Vətən, torpaq təəssübündən məhrum, mağara təfəkkürlü, ötən əsrin 90-cı illərinin, necə deyərlər, qaranlıqlarında ilişib qalan populist xəyanətkarların yox, Ə.Kərimli!

Zahid Rza, “İki sahil”