28 sentyabr 2024 00:13
93

Salam, Zəfər müjdəli Cəbrayıl!

2020-ci ilin 4 oktyabrı - Vətən müharibəsinin 8-ci günü. Hər bir azərbaycanlı cəbhədən növbəti xoş xəbəri eşitmək üçün ekran başında, sosial şəbəkələrdə səbirsizliklə gözləyir. Nəhayət, axşam 8 radələrində Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində daha bir qələbə xəbərini verir: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!” Bu xəbəri düz 30 ilə yaxın idi ki, gözləyirdik. Həmin axşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşları idi. Bundan bir il əvvəl avqustun 23-nü Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Birinci Qarabağ müharibəsi zamanı düşmənə ciddi müqavimət göstərən rayon 400-ə yaxın şəhid vermiş, 177 nəfər əlil olmuş, 91 nəfər əsir və itkin düşmüşdür. Cəbrayıldan olan 6 döyüşçü erməni işğalçılarına qarşı döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. İranla sərhəddə, Araz çayı sahilində yerləşən, strateji mövqeyə malik Cəbrayılın ərazisi 1000 kvadratkilometrdən çoxdur. Rayonun 80 minlik əhalisi doğma yurd-yuvasından didərgin salınaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdır. İşğal edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irs talan edilmiş, saxtalaşdırılmış, yaxud dağıdılmışdır. Rayon ərazisində Araz çayı üzərində XI-XIII əsrlərdə inşa edilən məşhur Xudafərin körpüləri, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıl şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və digər abidələr vandalizmə məruz qalmışdır.

Hələ səkkiz il əvvəl, 2016-cı ilin aprel döyüşləri zamanı strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində sakinlər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtdılar. Prezident İlham Əliyevin tapşırığı ilə Cocuq Mərcanlıda gözəl qəsəbə salındı, infrastruktur yaradıldı. Dövlətimizin başçısı qəsəbənin açılışında demişdi ki, “Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır”.

Belə də oldu... Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı. Uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı, rayon əhalisi respublikamızın 58 rayonuna pənah apardı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri məhz Cəbrayıl şəhərinin azad edilməsi oldu. Prezident İlham Əliyev Ermənistan kapitulyasiya aktını imzalayandan bir həftə sonra Cəbrayıla gəldi, şəhərdə və Xudafərin körpüsündə Azərbaycanın Dövlət Bayrağını qaldırdı. Ermənilərin darmadağın etdiyi Cəbrayıl şəhərindən dünya ictimaiyyətinə səslənərək bu sözləri dedi: “Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar”

Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücumu mümkün olmuşdu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olub.

İşğaldan azad olunan ərazilərdə bu gün həyat yenidən canlanır. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl da artıq tikinti meydançasını xatırladır. Şəhər mərkəzi ilə yanaşı, bir neçə kənddə tikinti aparılır. Prezident İlham Əliyev bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrasını şəxsi nəzarəti altında saxlayır. Dövlət başçısı postmüharibə mərhələsində dəfələrlə işğaldan azad olunan ərazilərə səfərlər edib və müxtəlif infrastruktur obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərinə qatılaraq özünün dəyərli tovsiyələrini verib. Eləcə də Cəbrayıl rayonuna səfərlər də müntəzəm hal alıb.

2022-ci il oktyabrın 20-də Cəbrayılda növbəti tarixi gün yaşandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə ağac əkmə mərasimi baş tutdu, həmçinin “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimləri keçirildi. Ötən il may ayının 5-də Prezident İlham Əliyevin iştirakı ilə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyuldu. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir.

Onu da vurğulayaq ki, hazırda Cəbrayıl şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması ilə bağlı işlər sürətlə davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış bir qrup Cəbrayıl sakini artıq yeni görkəmdə olan doğma şəhərinə qovuşub. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb. Doğma yurda qovuşan cəbrayıllıların dilindən qopan ilk sözlər bu olub: “Salam, Zəfər müjdəli Cəbrayıl!” Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, birinci mərhələdə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinə ümumilikdə 3 min 193 sakin köçürüləcək. Birinci mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq. Baş plana əsasən, kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Burada inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, idman və ailə-sağlamlıq mərkəzləri, mərasim evi, bazar kompleksi və digər qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur. Həmçinin Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq. 2026-cı ilədək dövrü əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır.

Şəhərin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərq olmuş məkan kimi planlaşdırılmasına imkan verib. Baş plana əsasən, yaşıllıqların ümumi sahəsi 110 hektar təşkil edəcək. Bununla da şəhər ərazisinin 18 faizi yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay ətrafında salınması təklif edilən “Yaşıl zolaq” mərkəzi park kimi müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək. Şəhərə ilin sonuna kimi 712 ailənin köçürülməsi planlaşdırılır.

Sevinc Azadi, “İki sahil”