27 sentyabr 2024 10:03
92

Azadlığın simvolu

Bugün, 27 sentyabr, İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümüdür. Vətənin xoş günlərini bizə gətirən igidlərin mübarizəsinin başlanğıcı olan o gün. Mən 2002-ci ildə dünyaya göz açmışam, o zamanlar Qarabağ münaqişəsi hələ də həll olunmamış, xalqımızın ürəyində dərin bir yara idi. Biz Qarabağ həsrəti çəkilən illərdə doğulmuş, uşaq yaşlarında o həsrəti hələ başa düşməsə də hiss etmiş, böyüdükcə isə o həsrəti daha dərindən yaşamış nəsilik. Biz “Vətən bağı əl-əlvandır, yox içində xarıbülbül” dən tutmuş, “Ya Qarabağ, ya ölüm”ə kimi bu həsrətə həsr edilmiş mahnılarla, şeirlərlə böyüdülmüş nəsilik. Biz o nəsilik ki, bu torpaqların bir gün azad olunacağına dair ümidlərlə böyüdük. Hər birimiz, məktəb illərində, ailə söhbətlərində, televiziyada bu mövzunun daim gündəmdə olduğunu gördük və eşitdik. Hər bir azərbaycanlı üçün Qarabağ məsələsi, mühüm önəm daşıyırdı. Bizim nəsil, bu torpaqların bir gün geri alınacağına dair inamla böyüdü. 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi, bu ümidlərin gerçəkləşməsi və xalqımızın birliyinin, iradəsinin təntənəsi oldu.

Mən Qarabağı həmişə başı dumanlı xəyal edərdim, düşünürəm ki, çoxumuzda bu belə olub. Yaş artdıqca başa düşdüm ki, o duman əslində Azərbaycanın üstündə idi. Həsrətin dumanı idi. İkinci Qarabağ müharibəsindəki uğurumuz bu dumanları vətənimizin üstündən çəkdi. İkinci Qarabağ müharibəsi, bir zamanlar unudulmaz xatirələrlə dolu olan bir torpağın azadlığı uğrunda verilən mübarizənin davamı oldu. Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın, o cümlədən Çingiz Mustafayevin, xatirəsi bu döyüşlərdə yeni bir ruh yaratdı. Onların cəsarəti, Vətən sevgisi, gənc döyüşçülərin qəlbində yanar bir alov oldu. Elçin, Xudayyar, Pəhli kimi igidlərin qanı, bu torpağın uğrunda yazılan qəhrəmanlıq dastanını əbədiləşdirdi. Hər bir şəhid, bu müharibənin qəhrəman simvollarıdır, onların adları daim unudulmaz. Bu torpaqlar uğrunda canlarını fəda edən şəhidlərimiz, hər zaman bizim qəlbimizdədir. Onlar, Vətən sevgisi ilə dolu olan gənc qəlblərin simvolu, azadlığın sönməz işıqlarıdır.

Bugün Qarabağ, əzəli məskunlarının yenidən qovuşduğu, yeni ümidlərlə dolu bir məkandır. Bugün Qarabağda məktəblər, universitetlər fəaliyyətə başlayıb. Bu, yalnız bir coğrafiya deyil, bir mədəniyyətin, bir ruhun bərpasıdır. Qarabağın təbiəti, xarı bülbülün gözəlliyi ilə bəzənir, bu torpaqların gözəlliyi insanları bir araya gətirir. Qarabağ əl-əlvandır; burada yaşayan insanların sevgi dolu qəlbləri, mübariz ruhları bir-birini tamamlayır. Qarabağ qızları və oğulları, şanlı tariximizin daşıyıcıları, əminəm ki, bu torpaqlarda yeni bir gələcək üçün çalışacaqlar. Onların hər bir addımı bu yurdun yenidən doğuşunun simvolu olacaq. Qarabağ, bu yeni dövründə daha da şanlanacaq, əziz insanları ilə dolu, bəxtəvər bir diyar olacaq.

Qarabağ həsrəti sona çatdı. İndi bizim məsuliyyətimiz, bu torpaqları daha da gücləndirmək, inkişaf etdirmək və gələcək nəsillərə əmanət etməkdir. Bizim gəncliyimiz, müstəqil və azad Qarabağda yeni üfüqlərə açılacaq, bu torpağı daha da yüksəldəcək. Qarabağ, bizim ruhumuzun simvolu, azadlığımızın rəmzidir. Bu yolda irəliləyərək, biz unudulmaz şəhidlərimizin ruhuna, Vətənimizin həsrətinə layiq bir gələcək yaradacağıq.

Gövhər Mərdan,
Bakı Slavyan Universitetinin jurnalistika ixtisası üzrə 3-cü kurs tələbəsi