27 sentyabr 2024 03:01
74

Donor təşkilatlarının Azərbaycana biganəliyi nədən qaynaqlanır?

Bu gün ermənidən çox erməni olan bu qurumların ortaya qoyduğu mövqe ayri-seçkiliyin, riyakarlığın və ikili standartların bariz nümunəsidir

Dünya tarixinə nəzər salanda müharibədən sonrakı dövrün problemləri aktuallığı ilə diqqət çəkir. Belə ki, müharibələr dağıntılara səbəb olur, torpağın səthini belə deqradasiyaya uğradır, millətlərin, xalqların, dövlətlərin inkişafına mənfi təsir göstərir. Azərbaycan da müharibənin yaratdığı bu mənfi təsirlərdən az zərər görməyib. 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan Ordusu tarix yazdı və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bir-birinin ardınca düşmənin 30 ilə yaxın tapdaq altında saxladığı və tamamilə dağıtdığı şəhər və qəsəbələrimizi, kəndlərimizi düşməndən azad etdi. Artıq müharibə bitib və Azərbaycan xalqının, ölkəmizin qarşısında daha bir tarixi missiya - işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişaf proseslərinin təmin edilməsi ilə bağlı genişmiqyaslı işlərin görülməsi durur.

Müharibədən sonrakı vəziyyət, genişmiqyaslı dağıntıların olması, onların yaratdığı çətinliklər Azərbaycan üçün də xarakterikdir. Ölkəmiz işğalçı Ermənistanı diz çökdürərək Qarabağ Zəfərinə nail oldu. Lakin otuz illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. BMT-nin hesablamalarına görə, işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir. İşğal nəticəsində bütün istiqamətlər üzrə Azərbaycana dəymiş zərəri hesablasaq o zaman dəymiş zərərin daha böyük olduğunu görərik. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsasən, işğal nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə ümumilikdə 265 milyard dollar ziyan dəyib. Hərbi Prokurorluq tərəfindən aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə isə bütün istiqamətlər üzrə dəymiş maddi ziyanın ümumi həcmi 819 milyard dollar təşkil edir. Dağıntıların hərtərəfli və miqyasının böyük olması isə azad edilmiş ərazilərin bərpası prosesini mürəkkəb və zaman alan prosesə çevirir. Bunun üçün həm də böyük maliyyə vasaiti tələb edilir. Azad ərazilərdə yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir, tarixi-mədəni dini abidələrimiz bərpa edilir. Bütün bunlar isə Azərbaycan dövlətinin heç kimdən yardım almadan yalnız öz iqtisadi qüdrəti hesabına həyata keçirilir. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bəyan edib ki, dünyanın donor təşkilatları işğaldan azad edilmiş ərazilərin bərpasına biganədir: “Bu günə qədər bizə bərpa işlərində köməklik edən Özbəkistan və Qazaxıstan qardaş dövlətlər olub. Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilibdir və hazırda Qırğızıstan Respublikası da Ağdam rayonunda məktəb inşası ilə məşğuldur. Vəssalam. Bundan başqa, necə deyərlər, bizə bir daş da müftə verilməmişdir. Biz bütün bu işləri öz hesabımıza edirik. Dünyanın bir çox donor təşkilatları var, onlar, necə deyərlər, bu məsələyə biganədirlər. Halbuki, bu böyük ərazini bu vəziyyətdə görən minlərlə xarici nümayəndə olub”.

Dövlət başçısının da vurğuladığı kimi, beynəlxalq donor təşkilatları ötən 4 ildə bərpa prosesinə ümumiyyətlə, heç bir maraq göstərməyiblər. Bir qəpik belə maliyyə yardımı ayırmayıblar. Azərbaycana münasibətdə belə ədalətsizlik heç də təsadüfü deyil. Məsələ ondadır ki, dünyadakı donor təşkilatları Qərbin nəzarətindədir. Çünki onları maliyyələşdirən aparıcı Qərb ölkələridir. Qərbin Azərbaycana münasibəti qərəzli olduğu üçün həmin fondlar da bərpa prosesinə qoşulmur. Əksinə işğalçı Ermənistana daha çox yardım edilir. Bəzi dövlətlər və beynəlxalq qurumlar ermənilərə yardım etmək üçün sanki yarışa giriblər. Baxmayaraq ki, hər kəs kimin işğalçı, kimin isə işğala məruz qaldığını yaxşı bilir, bununla belə ölkəmizə qarşı ikili standartlar davam edir.

90-ci illərin əvvəllərində Azərbaycanda yaşanan hadisələr, müharibənin doğurduğu iqtisadi və humanitar böhranı xatırlayanlar yaxşı bilirlər ki, hələ o vaxt da xarici donor təşkilatları gözə dəymirdilər. Yüz minlərlə azərbaycanlı doğma yurdundan qovulan zaman bu gün ermənilərə yardım  yarışına çıxan dövlətlər və beynəlxalq təşkilatlar yoxa çıxmışdı. Çadır şəhərciklərinin olduğu dövrləri xatırlayaq. Ac-yalavac vəziyyətdə, heç bir əşyası olmayan, çadırda ağır şəraitdə yaşayan soydaşlarımıza heç bir təşkilat yardım etmədi. Qış aylarında çadır şəhərciklərində min bir əziyyət çəkən soydaşlarımızın o yardımlara ehtiyacı yox idimi? Doğrudur, Azərbaycan öz gücü hesabına həmin şəhərcikləri ləğv etdi. Azərbaycan dövləti 1993-2019-cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərcləyib. Bu vəsaitin 4 milyardı dövlət büdcəsindən, 2.5 milyardı Dövlət Neft Fondundan, 1.4 milyardı beynəlxalq maliyyə qurumlarından, qalanı isə digər mənbələrdən götürülüb. Bu gün ermənidən çox erməni olan xarici donor təşkilatları sərgilədikləri riyakarlıq nümunəsi ilə əsl simalarını ortaya qoymaqla yanaşı, humanizmin onlar üçün yalnız siyasi məqsəd daşıdığını da təsdiq etmiş olurlar.

Sevinc Azadi, “İki sahil”