27 sentyabr 2024 00:00
68

27 sentyabrda başladıq!

Zəfər ardınca Zəfər qazandıq…

30 ilə yaxın müddətdə torpaqlarımızı  işğal altında saxlayan Ermənistan İkinci Qarabağ müharibəsində acı məğlubiyyətə uğrayaraq kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 günlük Vətən müharibəsi qəhrəmanlıq dastanı kimi tarixdə əbədi yerini aldı. Bu tarixi Zəfərə gedən yol 2020-ci ilin 27 sentyabr tarixindən başladı.  Belə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq ölkəmizə qarşı növbəti təcavüzə başladılar. Nəticədə hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.

Qəhrəman Azərbaycan Ordusu cəmi 44 gün ərzində möhtəşəm Zəfərə imza atdı. 30 ilə yaxın müddətdə düşmən tapdağında qalan, bu müddət ərzində bütün tarixi, mədəni, dini abidələrimizin yerlə-yeksan edildiyi ərazilərimiz rəşadətli Azərbaycan Orudusu tərəfindən azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın haqq savaşı həm hərb meydanında, həm də diplomatik müstəvidə gedirdi. Erməni lobbisi, eyni zamanda, anti-Azərbaycan dairələr ölkəmizə qarşı informasiya müharibəsi başladaraq müəyyən təzyiqlər göstərməyə çalışırdılar. Lakin bu dairələr Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti qarşısında geri çəkilmək məcburiyyətində qaldılar. Məhz Prezidentimizin qətiyyətli siyasəti, mahir diplomatik bacarığı nəticəsində 3 rayonumuz heç bir hərbi əməliyyatlar keçirilmədən düşmənin işğalından azad edildi. Azərbaycan Ordusunun Zəfər yürüşü doğma Qarabağı azadlığa qovuşdurmaqla yanaşı, tarixi, mədəni, elmi, dini irsimizi də erməni vandallarından xilas etdi.

Amma Ermənistan üçtərəfli Bəyanata əsasən öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyini yerinə yetirmədi. Əksinə, 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağa daşıyaraq, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırdı. Keçən il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Hazırda xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

2023-cü ilin noyabrın 8-də Xankəndi şəhərində keçirilən Zəfər paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun məğlubedilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev Xankəndidəki Zəfər meydanında xalq, ordu, dövlət birliyinin təcəssümünü və böyük Qələbəni təsdiqlədi. Qarabağda ucalan azadlıq bayrağı isə müzəffər ordumuzun şərəf əsəri, milli kimliyimizin simvolu kimi dəyərləndirilir.

Azərbaycanın Ordusunun 2020-ci ilin sentyabrın 27-də başlanmış mübarizəsi 2023-cü ilin sentyabrında böyük Zəfərlə yekunlaşdı. Silahlı Qüvvələrimiz Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Əslində, keçən əsrin 80-ci illərinin sonundan başlayaraq torpaqlarımız uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı. Bu gün Azərbaycan regionun ən güclü və ən güclü ordusuna malik ölkədir. Azərbaycan Ordusu istənilən müdaxilənin qarşısını almaq iqtidarındadır.

Tarixi Zəfərimizi, suverenliyimizin tam bərpasını bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci il 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhidlərimizin  ruhlarına, onların doğmalarına ali ehtiramın göstəricisidir.

Azərbaycan dövləti, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə hər zaman xüsusi diqqət və qayğı göstərirlər. Bundan əlavə, ölkə Prezidentinin Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması şəhid ailələri və qazilərimizə olan ali diqqətin göstəricisidir. Şəhid ailələrinin, qazilərimizin mənzil-məşiət şəraitinin yaxşılaşdırılması, bu kateqoriyadan olan şəxslərin yaranmış istənilən probleminin dövlət tərəfindən təxirəsalımaz tədbirlərlə həll edilməsi Prezident İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərindəndir.

Prezident İlham Əliyevin bu il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamasını xüsusilə qeyd etmək lazımdır. Sərəncama əsasən, Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi təkcə Azərbaycan xalqının və Ordusunun tarixi xidmətlərinə verilən qiymət deyil, həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir. 

Bu gün 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixindən bizləri 4 illik zaman ayırır. 30 ilin işğalına, torpaq həsrətimizə son qoyulduğunu, ərazi bütövlüyümüzün təmin edildiyini böyük qürur hissi ilə qeyd edirik. 

Yaqut Ağaşahqızı, ”İki sahil”