26 avqust 2024 19:15
371

Artıq azad Laçın sakinlərinə qovuşub      

Prezident  İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 26 avqust   Laçın Şəhəri Günü kimi qeyd edilir. 2022-ci ilin 26 avqust tarixində dövlət başçısı İlham Əliyev “Twitter” səhibəsində belə bir  müjdəni paylaşdı: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Avqustun 26-da xalqımızla bu sevinci bölüşən Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabr ayında Laçın rayonuna səfər etdi, şəhərin mərkəzində qalibiyyət rəmzi olan Azərbaycan Bayrağını ucaltdı. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonunda da bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Bunun bariz nümunəsi laçınlıların mərhələ-mərhələ bu torpağa qayıtmasıdır. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi ötən il  28 May-Müstəqillik Günündə reallaşdı. Qısa müddətdə belə bir qürurverici hadisənin yaşanması dövlətimizin qətiyyətinin, böyük səylərinin, iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Reallıq budur ki, Azərbaycan dünyaya  təkmil dirçəliş modelini, şəhərsalmanın müasir təcrübəsini təqdim edir.

   44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə  imzalanan sözügedən Sərəncam tariximizin hər bir Zəfər səhifəsinin, bu Qələbənin qəhrəmanlarının  indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayacaq.

   Tarixi Zəfərimizdən üç il sonra, ötən ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağı dalğalanır. Artıq bütün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanını xatırladır. Bərpa-quruculuq işlərinin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz.  Bu gün Laçın rayonunun timsalında bütün bərpa- quruculuq işləri barədə aydın təsəvvür yaranır.

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

  Bütövlükdə Laçında 700-dən artıq bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıdış həyata keçirilir. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. Tamamilə yenidən tikilərək istifadəyə verilən Sus kəndinə isə  ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur. Hazırda kəndə 20 ailənin  köçürülməsi təmin olunub. 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb.

Görülən və görüləcək işlər bunlarla tamamlanmır. Onların miqyası olduqca genişdir. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq soydaşlarımızın  gələcəkdə daha rahat yaşayışları üçün bütün imkanlar yaradılır. Görülən işlər bu çağırışı dünyaya çatdırır- Bu torpaqların sahibi bizik, qurub yaradırıq.

İşğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələrdir. Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu,  2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Gələcəkdə ölkəmizin dayanıqlı inkişafı üçün imkanlar yaranır. Dövlət başçısı İlham Əliyevin “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun” fikirləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin ümumiləşdirilmiş ifadəsidir.

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi