20 sentyabr 2024 08:24
98

Nikol çaş vəziyyətdə

Bu adamın bədəni bilmir ki, başı nə danışır

Mövcud vəziyyətlərdə özünü qəribə aparan Ermənistanın baş naziri Nikol Paşinyanın düşünülməmiş bəyanatlar verməsinin, məzəli hərəkətlərinin şahidi çox olmuşuq. İş o yerə çatıb ki, hətta yüksək vəzifə tutan hayların özləri də ona qeyri-ciddi adam kimi baxırlar. Bu günlərdə haylar qarşısındakı çıxışında o, yenə də "quş" buraxıb.

“Ermənistan onun suverenliyinə təhdid yaratdığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub. Ermənistan bu təşkilatla münasibətlərdə dönüş olmayan nöqtəyə yaxındır”.

Bu öz yerində. Görün ardınca  Ermənistanın baş naziri Nikol Paşinyan nə deyib. O, bildirib ki,  Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqı ( Kremlin iqtisadi bloku) ilə ticarət dövriyyəsini azaltmaq, iqtisadi əlaqələri kəsmək kimi vəzifəsi yoxdur. Həmçinin ərz edib ki, “ölkə iqtisadi əlaqələrini şaxələndirməyə, o cümlədən Avropa İttifaqı və ABŞ-la istiqamətləri intensivləşdirməyə çalışır, lakin söhbət əvəzetmədən yox, diversifikasiyadan gedir”.

Paşinyan "quşu" elə burada buraxıb. Yəqin diqqətdən qaçmadı ki, İrəvan bir yandan, “Rus NATO-su” sayılan KTMT-dən uzaqlaşmaq kursuna sadiqliyini söyləyir, digər yandan isə Rusiyanın dominant olduğu iqtisadi birlikdə qaldığını bəyan edir. Məntiqlə belə çıxır, Nikol Paşinyan Rusiyanı həm sevir, həm də ona nifrət edir. Qəribədir, deyilmi?

Gerçəkdə isə Ermənistan bir-birinə uzun müddət düşmən kəsilmiş iki blokla – Qərb (NATO) və Rusiya (KTMT) eyni vaxtda sıx əlaqələr qurmağı və bu yolla güclənməyi, o sırada hərbi sahədə dirçəlib Azərbaycanla ayaqlaşmaq və hər iki güc mərkəzinin siyasi himayəsini qazanmağı xəyal edir. Adını isə absurdcasına “diversifikasiya” (şaxələnmə) qoyur. Halbuki bunun adı “diversifikasiya”, “balanslaşma” yox, “iki stul” siyasəti və ya münasibətlərdə hərc-mərclikdir.

Nikol Paşinyan 2018-ci ildən hakimiyyətin zirvəsinə dırmaşsa da heç nə artırmayıb. Yəni, kütbeyin hay olaraq qalıb. Ancaq o, özünü hamıdan çoxbilmiş hesab edərək ərköyün aparır, gülüş doğuran hərəkətlər edir, axmaq fikirlər söyləyir. Bu, ona ulu dədə-babalarından gəlib. Çünki haylar heç vaxt öz ağıllarına, bacarıqlarına güvənməyiblər. Həmişə kimsə onlara həm ağalıq, həm də vəkillik edib. Ona görə də özgələrin hesabına həmişə “yağ yeyib yaxada gəziblər.” Odur ki, ağılları gedib ATƏT-in üzdəniraq Minsk qrupu dönəminə. Bu, həmin ikiüzlü, siyasi fırıldaqçı qurumdur ki, bığlı-saqqallı həmsədrləri  Rusiya, ABŞ və Fransadan idilər və onların hər üçü işğalçının başını tumarlamaqla məşğul olurdular. Onlar “şaxta baba” kimi ildə bir dəfə qəbulolunmaz təkliflərlə Azərbaycana gəlir, Ermənistanda isə donuz kababı yeyərək İrəvan konyakı içib geri qayıdırdılar. Paşinyanın komandası yenə istəyir ki, Ermənistanın bir əlindən rus, o birindən isə “Co dayı”, digərindən isə müsyö Makron tutsun. Bu isə mümkün olan iş deyil. Bu dövlətlərin hər birinin öz marağı var. Söhbət həmin məqama gələndə didişməyə başlayacaqlar. Ermənistan üçün ən təhlükəlisi də budur. ABŞ və Fransa kiçik bir ölkəni silahla nahaq yerə doldurmayıblar. Lazım gələndə o silahları bir-birlərinə tuşlayacaqlar. Şəksiz-şübhəsizdir ki, Ermənistan fillərin yanında qarışqaya oxşayır.   İşdir-şayətdir, həmin “fillər” ayağa qalxıb "yem üstündə" vuruşmalı olsalar onda Ermənistan ayaqlar altında şam-şum olar. Görünür, onları ölkəyə böyük həvəslə dəvət edənlər burasını düşünməyiblər. Bax, bu "şam-şumdan" yaxa qurtarmaq üçün Nikol Paşinyan hər iki tərəfə yalmanmağa məcburdur. Ancaq bunun xeyri olacaqmı?

Vəli İlyasov, "İki sahil"