20 sentyabr 2024 03:02
66

Qarabağda separatizmin kökünü kəsən antiterror tədbirləri

Azərbaycan şanlı Zəfəri ilə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. 30 il davam edən işğal dövründə ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edən Prezident İlham Əliyev bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini, işğalla barışmayacağımızı Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı.

Vətən müharibəsindən əvvəlki dövrdə də Azərbaycan-Ermənistan münaqişəsi mövzusunda danışarkən Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan ərazisində ikinci erməni dövləti olmayacaq. 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin  iyulunda  Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişlər. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçularla  yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.

Sonrakı proseslər göstərdi ki, 44 günlük hərbi əməliyyatlar nəticəsində diz çökərək kapitulyasiya edən Ermənistan, eləcə də Qarabağda olan separatizmin qalıqları nə bu bəyanatlardan, nə də müharibədən dərs çıxarmaq fikrində deyillər.  Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini icra etmək əvəzinə Ermənistan gizli yollarla Qarabağdakı separatçılara silah-sursat göndərirdi. Erməni silahlı dəstələri mütəmadi olaraq təxribatlar törədir, mina terrorunu davam etdirmək məqsədi ilə 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaları ərazilərimizdə basdırmaqla məşğul olurdular. Erməni separtçılar həmçinin əzəli Azərbaycan ərazilərində ekoloji terror törədir, qanunsuz formada təbii resurlarımızı talamağa çalışırdılar. Silahlı dəstələrin Azərbaycan ərazisindən çaxırlması üçün ölkəmizin haqlı tələblərindən, eləcə də Qarabağda yaşayan əhaliyə reinteqrasiya çağırışından yayınan Ermənistan tərəfi və separatçılar təxribatları intensivləşdirirdilər. Hətta separatçılar müstəqillik iddialarından əl çəkmir və özlərinə oyuncaq “prezident” seçirdilər.

Qarabağda qalmış erməni silahlı dəstələri növbəti dəfə 2023-cü il sentyabrın 19-da genişmiqyaslı hərbi təxribat və terror hücumları törətdilər. Azərbaycan Ordusu bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, ölkəmizin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar ağ bayaraq qaldırmalı oldular və bununla da separatizmin kökü kəsildi.

Azərbaycan Ordusu antiterror tədbirləri zamanı da yüksək peşəkarlıq nümayiş etdirərək yalnız legitim hərbi hədəfləri zərərsizləşdirdi. Heç bir mülki şəxs xəsarət almadı, həmçinin heç bir mülki obyektə ziyan dəymədi. Bir sözlə, 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı və qondarma rejiminin «rəhbəri» Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində  ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam təmin edildi. Öz gücü hesabına 44 günlük Vətən müharibəsi, həmçinin 23 saat 43 dəqiqəlik antiterror tədbirləri ilə ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan bu istiqamətdə uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün həm də bir nümunə yaratdı. Müzəffər Ali Baş Komandanımız  İlham  Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun keçirdiyi bu antiterror əməliyyatı suveren dövlətimizin qüdrətini və  lazım gəldikdə ədaləti bərpa etmək qabiliyyətini  bütün dünyaya bir daha sübut etdi.

Dövlət başçımızın Azərbaycan xalqına müraciətində  qeyd etdiyi kimi, Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Baş nazir Nikol Paşinyan əgər vaxtilə «Qarabağ Ermənistandır və nöqtə» deyirdisə, indi «Qarabağ Azərbaycandır»  deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. 

Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ölkəmizin maliyyə gücünün artması Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin genişlənməsinə daha çox vəsait ayırmağa imkan yaradır. Bu torpaqlarda həyatın əvvəlki axarına qaytarılması üçün dövlət büdcəsindən ayrılan böyük məbləğlər görülən nəhəng işlərin miqyasını göstərir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Dövlət Proqramı çərçivəsində 16 milyard manatdan çox vəsait ayrılıb. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.

Şəmsiyyə Əliqızı, “İki sahil”