25 avqust 2024 19:27
419

Durovun həbsi insan hüquqlarına və söz azadlığına zərbədir - ŞƏRH

“Telegram” mesajlaşma proqramının qurucusu və baş direktoru, rus-fransız milyarder Pavel Durov Paris yaxınlığındakı Burke hava limanında həbs edilib. Durov şəxsi təyyarəsi ilə səyahət edirmiş. 39 yaşlı sahibkarı mühafizəçisi və bir qadın müşayiət edib. O, Fransa polisinin ilkin araşdırması çərçivəsində həbs qərarı ilə saxlanılıb. Onu 20 ilə qədər həbs gözləyir.

TF1 və BFM televiziyalarının məlumatlarına əsasən, Fransa polisi “Telegram” mesajlaşma proqramında cinayət fəaliyyətinin maneəsiz yayılmasına imkan verildiyini hesab edir. Yerli mediaya görə, Durov avqustun 25-də mümkün ittihamla üzləşəcək.

Bir milyarda yaxın istifadəçisi olan “Telegram” Rusiya, Ukrayna və keçmiş Sovet İttifaqının digər respublikalarında xüsusilə təsirlidir. “Facebook”, “YouTube”, “WhatsApp”, “Instagram”, “TikTok” və “Wechat”dan sonra əsas sosial media platformalarından biri hesab olunur.

Rusiya əsilli Durov “Telegram”ı 2013-cü ildə qardaşı ilə birlikdə yaradıb. O, 2014-cü ildə satdığı “VKontakte” sosial media platformasında hökumətin müxalifət icmalarını bağlamaq tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra Rusiyanı tərk edib. 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.

Bəzi analitiklərin müharibə üçün “virtual döyüş meydanı” adlandırdığı “Telegram” Ukrayna Prezidenti Volodimir Zelenski və onun rəsmiləri, habelə Rusiya hökuməti tərəfindən sıx şəkildə istifadə edilən platformaya çevrilib.

“Teleqram”da bır sıra məqamlar narahatedicidir. Amma insan hüquq azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ən azından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməlidir. Bu olmayınca, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız olacaq.

Dünyaya insan hüquqları dərsi keçən Aİ ona üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Aİ niyə açıqlama vermir? Bəs ABŞ Dövlət Departamenti necə? Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi və institutu qalmamışdı.

Pavel Durovun həbsi ABŞ kəşfiyyatının işidir. Bunu avstraliyalı deputat, “Vikiliks”in rəhbəri Culian Assancın tərəfdarı Edrian Makrey deyib. “Əlbəttə, Durovun həbsi ABŞ kəşfiyyatının işidir. O, Teleqrama Vatsap və META-nın digər platformalarında olduğu kimi “gizli giriş” əldə etmək istəyirlər”, – deyə o bildirib.

Hazırda Fransada saxlanılan və barəsində ittihamlar irəli sürülən Durovla bağlı bir çox siyasi şəxslər və iş adamları azadlıq çağırışları edirlər. Amerikalı milyarder İlon Mask “FreePavel” həştəqi ilə Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib. Bu isə o deməkdir ki, Qərb jurnalistləri bu həbsə ən yüksək səviyyədə etiraz edəcək.

Təbii ki, Durovun təhlükəli cinayətkar kimi təqib olunması Qərbdə demokratiya və söz azadlığına ikili yanaşmanın real göstəricisi kimi qəbul edilməlidir. Başqa ölkələrə “söz azadlığı” dərsi keçən Qərbin özündəki real vəziyyət Durovun timsalında açıq-aydın sezilir. Qərb bu işlərlə məşğul olduğu halda, azad media haqqında danışmağa mənəvi haqqı yoxdur.

Əslində, əgər kim kimi nəyinsə pozulmasında ittiham etmək istəyirsə birinci, güzgüdə özünə baxıb görməlidir, özündə qüsurlar varmı? Durovun başına gələnlər tamamilə qəbuledilməzdir. Bu, söz azadlığının kobud şəkildə pozulması deməkdir. Onda Qərb kimisə bu məsələlərdə necə ittiham edə bilər? Həmin hadisə Qərb tarixində ən qara səhifələrdən biridir. Bunlar ikili standartlardır və cəmiyyətimiz bunları çox yaxşı anlayır.

Əgər Qərb bu qədər demokratik və obyektivdirsə, nəyə görə Durovu həbs edib? Qərb ilk öncə bu suala cavab verməli, ikili standartlar mövqeyindən geri çəkilməlidir. Əks təqdirdə, Qərbin özü təhlükəli duruma düşəcək.

Cavid Əkbərov, “İki sahil”