25 avqust 2024 14:10
676

Şvabenin yenə erməni damarı tutub

Almaniya Parlamentinin üzvü Frank Şvabe növbəti dəfə sərsəmləyib. Belə ki, o, “Azadlıq Radiosunda” 23 avqust tarixində dərc edilmiş müsahibəsi zamanı, Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, ölkəmizin sözügedən qurumun  təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib, rəsmilərimizə qarşı təhqiramiz ifadələr səsləndirib.

Bəli, bu həmin Şvabedir ki, məhz onun  heç bir fakta əsaslanmayan qərəzli çıxışından sonra AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməmişdi. Nəticədə Azərbaycan nümayəndə heyəti qurumun zalında bəyanat verərək Assambleyada fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bildirmişdi. Bu, həmin Şvabedir ki, onun siyasi məhbus anlayışına həm də Qarabağdakı separatçı rejimin keçmiş liderləri daxildir. Bu, həmin Şvabedir ki, 2024-cü il fevralın 7-də keçirilmiş prezi¬dent seçkilərinə AŞPA-nın müşahidəçilə¬rinin dəvət olunmamalarından qeyzlənməklə yanaşı,  ATƏT-in seçkilərdəki müşahidəçilik missiyasına qısqanclıqla yanaşmışdı. Bu, həmin Şvabedir ki, erməni lobbisinə və beynəlxalq aləmdə nüfuzunu tamamilə itirmiş ermənpərəst Fransa Prezidenti Emmanuel Makrona yaxınlığı ilə seçilir və onların diktəsi altında oturub-durur. 

Şübhəsiz, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçi kimi tanınan  Şvabenin növbəti sayıqlaması da siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi göstəricilərinə görə dünyanın lider ölkələrindən olan Azərbaycanın uğurlarına qarşı qərəzdən başqa bir şey deyil. Bəli, 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarının azad olunması istiqamətində atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərdə hazırda aparılan genişmiqyasllı abadlı-quruculuq işləri, ən əsası aparılan müstəqil siyasət Şvabeni olduqca narahat edir. 

Halbuki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin bildirdiyi kimi, Frank Şvabe yaxşı bilir ki, AŞPA-nın müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir. Şvabenin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizə səfər etmək niyyətinə gəldikdə isə, yəqin o bilməmiş deyil ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb. Onlar ölkəmizə qarşı nümayiş etdirdikləri qərəzli mövqelərindən əl çəkməyənədək atılmış bu addım qüvvədə qalacaq. Yəni, AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək.

Bütün bunlar azmış kimi, bu cənab Azərbaycan-Rusiya münasibətlərini də topa tutmağa çalışıb. Nə yazıq bu bədbəxt hələ də anlamır ki, Putinin Azərbaycana ikigünlük səfəri iki ölkə arasında etimad mühitini gücləndirmək, Bakının uğurlu və balanslaşdırılmış xarici siyasətinə hörmət etmək əlaməti idi. Bəli, bu gün  Qafqaz regionunda uzunmüddətli sabitliyin və sülhün təmin olunması üçün vacibdir. Azərbaycan hər zaman Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin tərəfdarı olub. Bu kontekstdən çıxış edərək deyə bilərik ki, qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı mühüm əhəmiyyət daşıyır. Bəli, danılmaz faktır ki, Azərbaycan ərazisindən qərb qolunun keçəcəyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun reallaşdırılması, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, regiondankənar dövlətlərin Cənubi Qafqazda işlərə destruktiv müdaxiləsinə imkan verməmək iki ölkənin gündəmindədir. Bütün bunlar isə o deməkdir ki, artıq Moskva və Bakının qarşılıqlı fəaliyyəti regional miqyas alıb. Halbuki, bu gün Qərb təcavüzkar Ermənistandan alət kimi istifadə edərək Çənubi Qafqazı fəlakətə sürükləyir. Bəs niyə Şvabe məsələyə bu konteksdən yanaşmır? Göürünür, bu onun və onun kimi Azərbaycana qərəzli mövqe nümayiş etdirənlərin  maraq dairəsinə daxil deyil.

Yeri gəlmişkən qeyd edək ki, ümumiyyətlə, Şvabe onun kimi “siyasətçilər”  hər zaman ölkəmizə münasibətdə qərəzli olub, bu və ya digər məsələyə  sırf ikili standartlar prizmasın¬dan yanaşıblar. Məsələn, insan haqlarından ağızdolusu danışan bu muzdlu siyasətçilər otuz ildə bir milyon azərbaycanlının qaçqın və məcburi köç¬kün həyatı yaşamasına qiymət vermə¬yib. Amma bir erməninin burnu qanayanda elə hay-küy salır ki, gəl görəsən. Bütün bunlar da erməni lobbisinin pul kisələrinə xidmət edən Şvabe kimilərin çirkin sifarişləri yerinə yetirmələrindən qaynaqlanır. 
Şvabe unutmasın ki, Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir, bu öhdəlikləri yaxşı anlayır. Bununla yanaşı, rəsmi Bakı bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinə, onlardan sui-istifadə edilərək ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinə yol verməyəcək və düşünülmüş siyasəti ilə bölgədə yaratdığı yeni reallıqlara yeni töhfələr əlavə edəcək

Qvami Məhəbbətoğlu, “İki sahil”