24 avqust 2024 08:21
402

Zəngəzur dəhlizi düyünlərin açarıdır

Paşinyan onu əli ilə açmaq əvəzinə dişinə salıb

Azərbaycanın məqsədi anklavlar qaytarılandan və Zəngəzur dəhlizi açılandan sonra Ermənistanla sülh müqaviləsini bağlamaqdır. Ermənistan bunların hər ikisindən qaçmağa cəhd etdikcə vəziyyət müəkkəbləşir və vaxt onun zərərinə işləyir. Odur ki, ayıq başla düşünənlər Ermənistanın hərbi-siyasi şəraiti mürəkkəbləşdirməməsini istəyirlər. Onlar anlayırlar ki, yarıtmaz Nikol Paşinyan hökuməti bacarmadığı işlərdən yapışıb. Kiçik bir ölkənin Fransa və Hindistan silahları ilə doldurulması xoş gələcəkdən xəbər vermir. İkinci Qarabağ müharibəsindəki acılardan hələ də əziyyət çəkən sadə ermənilər yeni savaş istəmirlər. Ona görə də əhalinin böyük əksəriyyəti tezliklə sülhün bərqərar olunmasının tərəfdarıdır.

Son günlər Ermənistanda süni ajiotaj yaşanır. Təbliğat ruporları israrla iddia edirlər ki, Azərbaycan Zəngəzur dəhlizinin açmaq üçün hücuma keçəcək. İstisna deyil ki, bu, Ermənistanda çoxlarının arzudur, bəlkə elə Nikol Paşinyanın özünün də...

Səbəbi də odur ki, Paşinyan çətin durumda qalıb, “Zəngəzur” deyən kimi Makron bir tərəfdən, ABŞ digər tərəfdən, ölkədəki revanşistlər də o biri yandan “ağzından vurur”, ardını gətirməyə  imkan vermirlər. Əgər baş nazir Zəngəzur dəhlizini açmaq niyyətində deyildisə, o halda 2020-ci ilin 10 noyabrında üçtərəfli Bəyanatı niyə imzalayırdı? 9-cu bənddən narazılığını niyə bildirmirdi?

Əslində Nikol Paçinyan başa düşür ki, kommunikasiyaların açılması Ermənistanı blokadadan və çətinliklərdən xilas edəcək. Yeganə "nəfəslik" Gürcüstandan keçən Lars yoludur ki, o da  ilin altı ayı yağış, qar, uçqunlar səbəbindən işləmir. Amma göründüyü kimi, hər şey onun düşündüyü kimi deyil.

"Yaxın vaxtlarda anklavların Azərbaycana qaytarılmasına dair Bakı və İrəvan arasında razılaşma imzalana bilər."

Bu sözləri mətbuata erməni politoloq Suren Zolyan deyib: “Lavrovun 10 noyabr sənədinə istinad etməsi, məncə, Rusiyanın dəhlizə (Zəngəzur) başqa ölkənin nəzarətinin qurulmasının qarşısını almaq məqsədi daşıyır. Artıq bəzi ekspertlər dəhlizə nəzarətə Hollandiya təşkilatının cəlb olunacağını müzakirə edirlər. Ekspertlər bildirirlər ki, xarici qüvvələrin Ermənistan Respublikasının suverenliyinə xələl gətirməyəcəyi, holland gömrükçülərinin rüşvət almayacaqları, özbaşınalıq etməyəcəkləri və s. heç kəsə məlum deyil. Rusiya da yumşaq şəkildə bizə xatırladır ki, bununla razı deyil. Dəhliz ilk növbədə Azərbaycana lazımdır. Rusiya da dəhlizin əleyhinə deyil, bütün danışıqlar nəzarətdən gedir”.

Lakin politoloqun iddia etdiyi kimi, dəhliz təkcə Azərbaycana deyil, Ermənistana da külli miqdarda tranzit haqqı qazandıracaq, xariclə nəqliyyat əlaqələri yaranacaq. Əvvəllər bunu baş nazir Nikol Paşinyan da qeyd etmişdi. Lakin indi xarici ağaları ona bu xüsusda çox da danışmamağı tapşırıblar. Ancaq dəhlizin açılmasına əngəl törətsə əli o xeyirdən də üzüləcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərində olduğu kimi. Ermənilər sonradan buna peşman olsalar da, sonrakı peşmançılıq fayda verməz-deyiblər.

Suren Zolyan Azərbaycanın Cənubi Qafqazda lider mövqeyində olduğunu etiraf edib: “2020-ci ildən sonra Azərbaycan Cənubi Qafqazın mərkəzinə çevrilib, Rusiya da bu faktı nəzərə alır, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinə məhz bu səbəb olub. Çox təəssüf ki, Ermənistan artıq amil, tərəf kimi qəbul edilmir və Putinin Bakıda Ermənistanla bağlı müzakirələri mütləq Paşinyana deyəcəyinə dair sarkastik eyhamının səbəbi də budur. Bu, son dərəcə təhqiramizdir".

Açıqlamalarda artıq Ermənistanın bölgədə əhəmiyyətli faktor olmadığına dair eyhamlar görürük. Deməli, hamı bu ölkənin oyuncaq bir qurum olduğunu anlayıb. Putinin demədiyini Lavrov söylədi, Lavrovun demədiyini Zaxarova dilə gətirdi. Təsadüfi deyil ki, bunun ardınca Belarus Prezidenti Aleksandr Lukaşenkonun erməniləri cin atına mindirən bəyanatı gəldi, onlar vəziyyətə uyğun olaraq Ermənistana məhəl qoymadıqlarını söyləməyə çalışırlar. Lukaşenkonun "Ermənistan heç kimə lazım deyil" ifadəsi mışhurlaşıb və bir neçə ölkə mətbuatının manşetinə çıxarılıb.

Ekspert qeyd edib ki, Azərbaycan ictimaiyyətə açıqladığı bütün məqsədlərə nail olub, Ermənistan isə heç bir ictimai vədlərini həyata keçirməyib: “İndi elan olunur ki, sülh sazişində yolların açılması ilə bağlı bənd yer almayacaq. Amma bütün bu bəyanatlar heç bir məna kəsb etmir, çünki Azərbaycan bəyan etdiyi bütün məqsədlərə çatacaq. Növbədə anklavlar məsələsidir, bundan sonra dəhlizdən danışacaqlar”.

Zolyanın iddiasına görə, yaxın vaxtlarda Bakı və İrəvan arasında sülh prosesi çərçivəsində sənəd imzalana bilər. Onun qənaətinə görə, yaxın vaxtlarda dəhlizin yer almadığı hansısa sənəd imzalanacaq, amma anklavlar məsələsi mütləq orada yer alacaq. Kərki və buradan keçən yollar Azərbaycanın nəzarətinə keçsə, Sünik (Zəngəzur) məsələsi avtomatik həll olunacaq.

Rusiya xarici işlər naziri Sergey Lavrov bundan öncə Ermənistanı Zəngəzurdan keçən yolların açılmasına dair 10 noyabr üçtərəfli Bəyanatının müvafiq bəndini pozmaqda, prosesi sabotaj etməkdə ittiham etmişdi. Haqqı da var. Hazırda Rusiya telekanallarının süjetlərində Nikol Paşinyan komandası “sabotajçılar” adlandırılır. Artıq bütün dünya bilir ki, Azərbaycan ərazisində sabotaj yolu ilə qurulan Ermənistan dövləti belə işlərlə məşğuldur. Axı, onun mayası haramdan yoğrulub...

Vəli İlyasov, "İki sahil"