24 avqust 2024 03:02
571

Neokolonializm ağır, utancverici və iyrənc cinayətdir

Fransa və Niderlandın müstəmləkə altında saxladıqları xalqları azadlıq, adi yaşamaq hüquqlarından məhrum etməsi demokratiyanın ən ciddi şəkildə pozulmasıdır

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun «Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli» mövzusunda keçirilən nazirlərin görüşündə «Multilateralizm bizim güclü vasitəmizdir» sözləri ilə müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqlarla həmrəyliyini ifadə edən Prezident İlham Əliyev vurğulamışdı ki, hazırda beynəlxalq təşkilatlar, xüsusilə də ciddi islahatlara ehtiyac duyulan BMT bəşəriyyətin gözləntilərinə cavab vermir: «Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.» Dövlətimizin başçısı eyni zamanda, vurğulamışdı ki, Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsi zamanın əsas tələbidir: «Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır.»

COVID-19 pandemiyası dövründə Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə maddi yardımlar göstərən « peyvənd millətçiliyi»nə qarşı mübarizə çağırışı ilə vaksinlərin ədalətli bölünməsi təşəbbüsünü irəli sürən Prezident İlham Əliyevin postpandemiya dövründə bərpanı dəstəkləmək çağırışları da dəstəkləndi. Müasir dövrümüzdə neokolonializm meyillərinin artmasından narahatlığını Bakı Təşəbbüs Qrupunu yaratmaqla bildirən Azərbaycanın qısa müddətdə gördüyü işlər beynəlxalq səviyyədə dəstəklənir. Respublikamızda keçirilən beynəlxalq tədbirlərdə, görüşlərdə qeyd olunurdu ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Son illərdə bu prosesin güclənməsi nəticəsində neokolonializmə qarşı mübarizə bütün Afrika ölkələrini bürüyüb. Əsrlərdən bəri Afrika ölkələrinə qarşı müstəmləkəçilik siyasətini, mənfur neokolonialist iddialarını hələ də davam etdirən ölkələrdən birincisi Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərdə törətdiyi qətliamlar, soyqırımlar Yelisey Sarayının müstəmləkə siyasətinin iyrənc qalıqlarıdır. Fransanın müstəmləkəçilik tarixində, soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirilməsi, əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi hələ də Paris muzeyində saxlanılması qəddarlığın heç nə ilə müqayisə olunmayan, bənzərsiz dəhşətidir. Neokolonializmə qarşı mübarizədə səsləndirilən əsas tələblərdən biri də həmin qalıqların Əlcəzairə təhvil verilməsi, müstəmləkəçilik keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Fransanın Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməsidir. XX əsrin ikinci yarısında Əlcəzairdə və özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi problemlərə səbəb olan rəsmi Paris hələ də çirkin siyasətini davam etdirir. Artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin həlli üçün yaradılmış, əslində isə Ermənistana dəstək kimi əvvəlcədən formalaşdırılan Minsk qrupunun həmsədri statusunda təcavüzkara maddi, hərbi, siyasi yardımlar göstərən, çirkin siyasətini İkinci Qarabağ müharibəsindən sonra da davam etdirən Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməli olduğunu unudub. Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının Mali və Burkina-Fasodan çıxarılmasından, Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olmasından sonra mənfur niyyətini, soyqırım siyasətini Cənubi Qafqazda davam etdirmək istəyir. Halbuki, əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, işgəncələr verilmiş və alçaldılmış insanlardan, polis tərəfindən qətlə yetirilmiş, irqçiliyin və islamofobiyanın əlaməti olan 17 yaşlı müsəlmanın ölümü üçün üzr istəməsi Fransanın tarixi günahının etirafı olardı.

Müstəmləkə altında saxladığı korsika xalqının dilinə qadağa qoyan, etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa Prezidenti Emmanuel Makronun özünü erməni milli azlığının müdafiəçisi kimi göstərməsi riyakarlıqdır. Bəllidir ki, Avropada «çiçəklənən» islamofobiyada Fransanın payı çoxdur. Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalist, tanınmış bloger və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni kaledoniyalı jurnalistlərin iştirakı ilə keçirilən «Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu»” adlı hibrid formatda dəyirmi masada rəsmi Parisin BMT Baş Assambleyasının xarici ölkələrin müstəmləkəsizləşdirilməsinə dair qətnamələrini yerinə yetirmək üçün siyasi iradəyə malik olmadığı diqqətə çatdırıldı. Qeyd olundu ki, bəşəri dəyərlərə qarşı cinayətlərini irqi ayrı-seçkilik əməlləri ilə təsdiqləyən Avropanın «mədəniyyət mərkəzi» Fransa insan hüquqlarının pozulması əməllərinə görə də statistikada ilk sıralarda yer alır. Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada yerli kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verməsi və bunun nəticəsində 10-dan çox mülki şəxsin öldürülməsi, yüzlərlə insanın yaralanması və həbs edilməsi beynəlxalq ictimaiyyətin dərin etirazına səbəb oldu. Nəticə etibarilə Makronun göstərişi ilə Yeni Kaledoniyaya giriş qapadıldı. Qanunsuz komendant saatı hələ də davam edir. Adanın əsl sahibləri olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb. İnformasiya blokadası tətbiq edilib.

Yelisey Sarayı kolonizasiya siyasətini Fransa Qvianasında da davam etdirir. Rəsmi Paris müstəmləkə altında saxladığı ölkələrin təbii sərvətlərini istismar edir, zorakılıq və ətraf mühitin deqradasiyası ilə ekoloji tarazlığa ciddi ziyanlar vurur. Təsadüfi deyil ki, Bakıda «Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı» mövzusunda keçirilən konfransda Fransanın kolonialist, müstəmləkəçilik siyasəti daha sərt şəkildə tənqid edildi.

Eyni sözlər Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş «Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu»” mövzusunda eynəlxalq konfransda da səsləndirildi.

Bakı Təşəbbüs Qrupunun (BTQ) və Bonayre İnsan Hüquqları və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutan konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatlarının rəsmiləri və vəzifəli şəxsləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirdilər. Bonayre adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına qətnamə layihəsinin təqdim edilməsi kimi tarixi ərəfədə keçirilən konfransın əsas məqsədlərindən biri də həmin qətnaməyə beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir. Avqustun 22-də Bakıda keçirilən «Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu»” mövzusunda beynəlxalq konfransda qəbul olunan Bəyannamədə qeyd edilir ki, müstəmləkə şəraitində mövcudluğunu davam etdirən Bonayre dövlətinin və xalqının bütün hüquq və azadlıqları BMT Nizamnaməsinin tələblərinə uyğun təmin edilməli, beynəlxalq ictimaiyyət Bonayre ərazisində yaşayanların problemlərinin həllinə dəstək göstərməlidir. Ada sakinləri ilə kölə kimi davranan, Fransanın insanlara qarşı ədalətsiz rəftarı ilə Makronun neokolonialist siyasətini davam etdirən Niderland hakimiyyəti gənc nəsli tarixindən, milli- mənəvi dəyərlərindən uzaqlaşdırmaq, tamamilə təcrid etmək üçün bütün ideoloji vasitələrdən istifadə edir. Özlərinin bayraqları, ana dilləri olsa da Bonayre sakinlərinin mənəvi sərvətlərindən, dövlət atributlarından istifadə hüquqları yoxdur və yaxud ciddi şəkildə məhdudlaşdırılıb. Bütün təhdidlərə, təzyiqlərə baxmayaraq Bonayre xalqı bu cür ikili standartlara qarşı mübarizəsini davam etdirirlər. Supergüclər hələ də başa düşmək istəmirlər ki, hər bir xalq gələcək nəsillərini öz dillərinə sevgi, milli-mənəvi dəyərlərinə bağlılıq ruhunda tərbiyə etməyə məhkumdur. Bu sahədə mübarizlik bonayrelilərin vətəndaşlıq borcu, məsuliyyətidir. Bonayre xalqı inanır ki, illərdən bəri haqsızlıqlara, təxribatlara milli birliyi, həmrəyliyi ilə qalib gələn Azərbaycan neokolonialst siyasətindən, müstəmləkəçiliyin boxuvundan əziyyət çəkən xalqların azadlığı uğrundakı mübarizəsini dəstəkləyəcək.

Bu inamı müstəmləkəçiliyə qarşı apardığı mübarizəsi ilə doğruldan Azərbaycanın gördüyü işlər göz qabağındadır. Rəsmi Bakı Qarabağın işğalına son qoyduqdan sonra müstəmləkəçilik siyasəti ilə bağlı prinsipial mövqe ortaya qoyub, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Məhz Bakıdan başlayan beynəlxalq təşəbbüs, daha dəqiq desək, neokolonializmə qarşı «Bakı Təşəbbüsü”» bəhrəsini verməkdədir.

Azərbaycan dövləti daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və dünyanın harasında baş verməsindən asılı olmayaraq, bu cür neqativ halları qınayır, bunu yolverilməz hesab edir.

Bakıda keçirilən «Sülh və qlobal təhlükəsizlik naminə dialoq»” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda neokolonialist siyasətin törətdiyi cinayətlərə qarşı beynəlxalq birliyin dəstəyinin vacibliyini «Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik» sözləri ilə bildirən Prezident İlham Əliyev əlavə olaraq diqqətə çatdırıb ki, dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu məcburi assimliyasiyadır. Azərbaycana qarşı təxribatları, erməni havadarlığı ilə seçilən Fransanı təqlid edən, ölkəmizə qarşı böhtanlar yağdıran Niderland, bu ölkədə yerləşən Haaqa Ədalət Məhkəməsi Bonayre xalqının azadlıq mücadiləsinə XXI əsrin çağırışları baxımından yanaşmalıdır.

Xuraman İsmayılqızı, «İki sahil»