23 avqust 2024 02:26
320

Tarixi ədalətin təntənəsi

1 dekabr 2020-ci il tarixində, erməni işğalı altında olan  Laçın rayonu dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə qeyd olunmalıdır  ki, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalandı. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi  ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisə  kimi bütün dünya Azərbaycanlıları tərəfindən sevinclə qarşılandı.

Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğal ərəfəsində rayonda 60 min nəfərə yaxın azərbaycanlı və kürd yaşayırdı.  Sovet hakimiyyəti 1930-cu ildə bölgəni inzibati ərazi vahidinə çevirmiş və əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçını inzibati mərkəz təyin etmişdir. . XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü "məğrurluq" mənasındadır.

1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edildi. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirildi. 1992-ci ilin may ayından ermənilərin işğalı altında olan Laçının azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatdı, işğalçılardan təmizlənən şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli şanlı bayrağımız ucaldıldı.İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkildi.  Düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edildi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bununla da 28 il işğal altında olan Laçın rayonu dekabrın 1-də qəsbkarlardan azad edildi, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil oldu və orada üçrəngli şanlı bayrağımız ucaldıldı.  2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması,  işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövqeləri sıradan çıxarıldı. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi.

Hazırda Laçında bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. Laçına qayıdan əhalinin məşğulluğunu təmin etmək  məqsədi ilə tərkibində 46 müəssisəni birləşdirən Aqro və Sənaye Parkı yaradılmışdır.

Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədiləAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən hər il avqust ayının 26-sı”Laçın şəhəri günü” kimi qeyd edilir.

Laçın şəhəri bu gün öz küllərindən yenidən doğulur.bu gün Laçına yenidən qovuşmaq istəyən,lakin həmin günü görmədən dünyasını dəyişən laçınlıların və Laçın uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu şaddır.  

İradə Bağırova,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanında yerləşən ərazi partiya təşkilatının üzvü