22 avqust 2024 17:42
340

Azad Laçın, abad Laçın

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb

Laçın rayonunda 1992-ci il üçün bir şəhər, bir qəsəbə ( Qayğı qəsəbəsi), 125 kənd olmuşdur. Rayon Azərbaycan Respublikasının  cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistan ilə həmsərhəddir. Laçın şəhərinin Bakı ilə şose yolu ilə ara məsafəsi 450 km-dir.

Laçında e.ə. II-I minilliklərə aid edilən qədim və nadir abidələr vardır. Xanlıqlar dövründə Laçın bölgəsi Qarabağ xanlığının tərkibində olub. 1828-ci ildə II Rusiya-Qacarlar müharibəsindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən bölgə Şimali Azərbaycanın tərkibində Rusiya imperiyasına birləşdirilib. Azərbaycanda xanlıqlar ləğv olunduqdan sonra Laçın bölgəsi Qarabağ əyalətinə qatılıb.1868-ci ildən isə bölgə yeni yaradılan Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil edilir. Bölgə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin, 1920-1991-ci ildə Azərbaycan SSR-in tərkibində olmuşdur.

1905-1907 və1918-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində  erməni quldur dəstələrinin törətdiyi qırğınlar nəticəsində yarım milyona yaxın türk- müsəlman həlak olmuşdur. AXC yaradıldıqdan sonra Qarabağı və Zəngəzuru ələ keçirmək məqsədilə ermənilərin cəhdləri davam edir. Bu istiqamətdə səy göstərən erməni generalı Andronik Ozanyanın bir neçə minlik dəstəsi Laçının nüfuzlu şəxslərindən olan Sultan bəy Sultanov tərəfindən Laçın-Zabux yolundakı dərədə pusquya salınıb məhv edilir. Yalnız bir neçə nəfər erməni, Andronik daxil olmaqla, qaçıb canını qurtara bilir.

1920-ci ildə bölgə Sovet Rusiyasının XI Qırmızı Ordusu tərəfindən işğal olunur.

1920-ci il noyabrın 30-da Zəngəzur qəzası iki yerə bölündü və onun 6742 kv.verstlik ərazisindən 3105 kv.versti, Laçın da daxil olmaqla Azərbaycan SSR-in tərkibində qaldı. 3637 kv.verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi. 1923-cü il iyulun 7-də DQMV-nin yaradılması nəticəsində Şuşa qəzası iki hissəyə bölündü- Şuşa şəhəri də daxil olmaqla Şuşa rayonu DQMV-nin tərkibinə keçdi. İndiki Laçın,Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən torpaqlarda Kürdüstan qəzası yaradıldı. Qəzanın Abdallar kəndi şəhər statusu alır və qəza mərkəzi seçilir. 1930-cu ildə Azərbaycan SSR-də qəzalar ləğv edildi. Onların yerində yeni inzibati ərazi vahidləri- rayonlar yaradıldı. Bu zaman  Laçın bölgəsi ayrıca inzibati ərazi vahidi- rayon statusu aldı.

Laçın şəhəri və rayonu 18 may 1992-ci ildə erməni işğalçıları tərəfindən işğal olundu. Rayonun əhalisi məcburi köçkünə çevrilərək Respublikamızın müxtəlif kənd və şəhərlərinə köçdü. Vətən müharibəsndə tarixi qələbədən sonra digər işğal altında ərazilərimiz kimi Laçın da azad olundu.

Hər il 26 avqust Azərbaycan Respublikasında Laçın şəhəri günü kimi qeyd olunur.

Anatoli Orucov,
YAP Xətai rayon təşkilatının Telnov 6 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvü