23 avqust 2024 08:46
392

Multikultural dəyərlərə sadiqlik bölgədə sabitliyin qorunmasının mühüm amillərindəndir

Dünyaya açıq, sabit məkan kimi tanınan demokratik dövlət kimi dəstəklənən Azərbaycanın daxili və xarici siyasətinin əsasını əsrlərə söykənən bəşəri dəyərlər, milli-mənəvi sərvətlər təşkil edir

Bəşəri dəyərlərə , bütün xalqların milli- mənəvi sərvətlərinə hörmətlə yanaşan, bunu beynəlxalq səviyyədə təbliğ edən Azərbaycan xalqı multikulturalizm ənənələrinə sadiqliyi ilə də seçilir. Sivilizasiyalar, Asiya ilə Avropa arasında coğrafi, mədəni, siyasi baxımdan körpü rolunu oynayan, heç zaman dini, milli zəmində münaqişə yaşanmayan respublikamız əbəs yerə nadir sabit ölkə adlandırılmır. Ölkəmizdə yaşayan millətlər, müxtəlif dinlərin nümayəndələri ən ağır zamanlarda belə Azərbaycanın ümumi inkişafı naminə birgə çalışmışlar. Azərbaycanın illərdən bəri humanitar platforma adlandırılması da xalqımızın birgəyaşayış qaydalarına hörmətinin ifadəsidir. «İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd”» devizi altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə «Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar» mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi multikultural dəyərlərə beynəlxalq dəstəyin ifadəsidir. «Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı» mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxış edən dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əsas məqsədi budur ki, sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və təhlükəli meyillərin qarşısı alınsın. Birinci Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən ölkəmiz bu təşəbbüsü ilə də yarışlara humanitar əməkdaşlıq prizmasından yanaşaraq dünyada dini radikalizmə, irqi ayrı-seçkiliyə qarşı mübarizədə nümunə göstərdi. Avropada multikulturalizmlə, İslam həmrəyliyi ilə bağlı gedən proseslərə fərqli yanaşmanın narahatlıq doğurduğu bir məqamda Azərbaycanda təşkil olunan tədbirlərə dünya birliyi tərəfindən yüksək qiymət verilməsi və diqqət yetirilməsi göstərir ki, belə təşəbbüslərə hələ də böyük ehtiyac var. Azərbaycançılıq məfkurəsinin, milli- mənəvi dəyərlərimizin əsasını təşkil edən humanizm prinsiplərinə əsaslanan dövlət-din münasibətlərinin tənzimlənməsində, İslami dəyərlərin qorunmasında, tolerantlığın möhkəmlənməsində əvəzsiz rola malik multikulturalizm həm də bəşəri dəyərləri özündə birləşdirir. Xüsusilə Qərb dövlətlərində multikulturalizmin iflasa uğraması ilə bağlı neqativ açıqlamalara illərdən bəri sadiq qaldığı təcrübəsi ilə cavab verən, bəşəri dəyərlərə humanizm prinsiplərindən yanaşan və hər cür zorakılığa, ədalətsizliyə qarşı mübarizəni əməli işi ilə təsdiqləyən Azərbaycanda plüralizm, birgəyaşayış qaydalarına demokratik yanaşma mövcuddur. Ölkəmizi özləri üçün ikinci Vətən adlandıran etnik, azsaylı xalqların adət-ənənələrinin yerinə yetirilməsi, müxtəlif mədəniyyətlərin qorunub, inkişaf etdirilməsi üçün yaradılan şərait bir daha göstərir ki, multikulturalizm respublikamızda dövlət siyasətinin əsasını təşkil edir və qorunur. Bilərəkdən yaradılan milli münaqişələr, islamofobiya meyillərinin qızışıdırlması, miqrantlara qarşı zorakılıq hallarının davam etməsi, dini radikalizmin «çiçəklənməsi» çox qorxulu tendensiya olmaqla kütləvi qırğınlara səbəb olan terror hadisələrinin artmasına da zəmin yaradır. Londonda miqrant probleminə həsr olunmuş «Suriya və regiona dəstək» adlı konfransda çıxış edən, «Azərbaycan Suriyada humanitar inkişafa artıq töhfə vermiş və verəcək ölkələr arasındadır. Lakin ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır» söyləyən Prezident İlham Əliyev multikultural dyərlərin təbliğini xalqların qarşılıqlı anlaşma şəraitində yaşamasının başlıca şərt adlandırmışdır. Bu gün də davam edən İsrail-Fələstin müharibəsində öldürülən günahsız insanların ağrı-acıları, dağılan şəhər və kəndlər 30 il Ermənistanın işğalı altında qalan Azərbaycan xalqının yaşadığı taleyin bənzəridir. Hazırda müharibə şəraitində yaşayan Ukraynaya davamlı maddi- mənəvi yardımını əsirgəməyən Azərbaycan təkcə Fələstinə deyil, Suriyaya, Əfqanıstana və digər ölkələrə də humanitar köməyini əsirgəməyib. COVID-19 pandemiyasının geniş yayıldığı dövrdə Qoşulmama Hərəkatına sədrlik edən Prezident İlham Əliyevin «peyvənd millətçiliyi» təşəbbüsünün beynəlxalq səviyyədə dəstəklənməsi Azərbaycanın brendi olan multikultural dəyərlərin geniş mənada təbliği və dəstəklənməsidir.

Azərbaycanda hansı xalqa, etnik qrupa, dinə məxsusluğundan asılı olmayaraq ibadətgahlar dövlət tərəfindən qorunur, bərpa edilir. Bakının mərkəzində erməni kilsəsi belə yüksək səviyyədə bərpa olunub və fəaliyyətini davam etdirir. Ermənilər isə işğal altında saxladıqları Qarabağ və Şərqi Zəngəzuru xarabalığa çevirdilər. Otuz ilə yaxın davam etdirdikləri işğal dövründə şəhərləri, kəndləri viran qoyan, infrastrukturu dağıdan, təkcə məscidləri deyil, kilsələri, sinaqoqları, digər dini ocaqları, abidələri uçurub dağıdan, yerlə-yeksan edən ermənilər bütün bəşəri dəyərlərə qarşı vəhşiliklərini göstərdilər. Prezident İlham Əliyev «İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerləyeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerləyeksan ediblər» sözləri ilə bəşəri dəyərlərin qorunması üçün məsuliyyət dayıyan UNESCO-nu bölgəyə dəvət etsə də ermənipərəst təşkilatın nümayəndələri daşnak vandalizminə göz yumub, etirazlarını bildirmədilər. 

2016-cı ilin respublikamızda «Multikulturalizm İli» elan edilməsi, Birinci Avropa, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Prezident İlham Əliyevin humanist təşəbbüsü olmaqla dini radikalizmə qarşı mübarizəyə çağırış idi.

«Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır» söyləyən cənab İlham Əliyevin sözlərinin məntiqi açıqlaması budur: Dünyaya açıq olan, sabit məkan kimi tanınan demokratik Azərbaycan dövləti əsrlərə söykənən milli mənəvi dəyərlər üzərində qurulub. Ən əsası odur ki, multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycanın təşəbbüsləri dünya birliyi tərəfindən təqdir olunur.

30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad edən Silahlı Qüvvələrimizin tərkibində bütün millətlərdən olan Azərbaycan vətəndaşlarının düşmənə qarşı birgə vuruşması ölkəmizdə daim qorunan milli birlik və həmrəyliyin nümunəsi idi. Müharibədən sonra göstərdikləri igidliklərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən, orden və medallarla təltif edilənlər arasında müxtəlif xalqların igid övladlarının da olması Azərbaycan vətəndaşlarının ən dəyərli milli-mənəvi sərvətidir

Erməni vandalları tərəfindən dağıdılan tarixi abidələrimizə vəhşi münasibətə etinasızlıqla barışmayan, «Baxın, ağacları necə qırıblar. Baxın, vəhşi düşmən neyləyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır. Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür. Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər» sözləri ilə hələ də daşnak faşizmini, separatizmi «sülhə dəstək paket»ləri, «humanitar yardım» kampaniyası adı ilə dəstəkləyən siyasi karlara, korlara mənəviyyat dərsi verdi. Azərbaycanın təbii sərvətlərini istismar edib xarici ölkələrə daşıyan erməni havadarlarının yalanlarını faktlar əsasında ifşa edən Prezident İlham Əliyev ölkəmizə qarşı ikili standartlar siyasətini yeridənlərə ədalət prinsiplərini xatırlatdı. «Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb? Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər. Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər? Əfsuslar olsun, biz bunu bu günə qədər eşidirik ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Bu «dost ölkəyə» 20 il rəhbərlik etmiş cəlladlar bunu dağıdıblar. Onlar gəlib dağıdıblar bizim məscidimizi, təhqir ediblər. Bütün dünya bunu görməlidir. Əgər bizə qarşı hər hansı bir irad irəli sürüləcəksə, cavabını verəcəyik» sözləri ilə Avropada multikulturalmin təbliğinə əngəl törədənlərə, islamofob xofu yaradanlara insanlıq naminə bəşəri dəyərlərin qorunmasının vacibliyini xatırladan Prezident İlham Əliyev ümumi evimiz olan planetimiz üçün narahatlığını ifadə edir. COP29-a ev sahibliyi edəcək Azərbaycanın bu kimi hallara qarşı mübariz olacağını bildirir.

Şuşada ənənənvi olaraq keçirilən «Xarıbülbül» festivallarında ölkəmizdə yaşayan müxtəlif xalqların milli adət-ənənələrini nümayiş etdirmələri tolerant Azərbaycanın milli sərvətidir. Dinindən asılı olmayaraq xristianların, provaslavların yəhudilərin milli bayramlarında Prezident İlham Əliyevin azsaylı xalqları təbrik etməsi xeyirxahlığın və humanistliyin ifadəsidir.

Ötən ay Prezident İlham Əliyevin dost Pakistana rəsmi səfəri zamanı ölkəmizin humanist təşəbbüsləri, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi layihələr tolerantlıq ənənələri kimi yüksək dəyərləndirilmişdir. Vurğulanmışdır ki, Fondun təşəbbüsü və dəstəyi ilə qardaş ölkədə pulsuz tibbi diaqnostika və əməliyyatlar aparılıb, tibb müəssisələrinin və su təchizatı sistemlərinin tikintisinə töhfələr verilib, xeyriyyə tədbirləri təşkil edilib, fiziki qüsürlu şəxslər əlil arabaları ilə təmin olunublar. Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilib və təhsil ocağı 2012-ci ildə əsaslı təmir edilib. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub. Müəssisəyə 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim edilib, Xayber Göz Fondunun yeni blokunun və gözləmə otaqlarının tikintisi üçün maddi yardımlar göstərilib, Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Su Təchizatı Sistemi yaradılıb. Bu cür müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu «Könüllü qadınlar» təşkilatı və «Daily Times» qəzeti tərəfindən «Humanizmin Simvolu - 2012-ci İl»in Qadını” mükafatı ilə təltif olunub. Diqqətə çatdıraq ki, misilsiz xidmətlərinə görə «Hilal-e Pakistan» ali ordeni ilə mükafatlandırılan Mehriban xanım Əliyeva bu təltifə layiq görülən ilk birinci xanımdır.

Bu günlərdə ölkəmizdə dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mətbuata bəyanatlarında iki ölkə arasında genişlənən humanist əlaqələrdən bəhs edən Prezident İlham Əliyev Azərbaycanın multikultural dəyərlərə sadiqliyini, qarşılıqlı anlaşma şəraitində birgə fəaliyyətin hər iki ölkəyə verdiyi töhfələri diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, siyasi, iqtisadi sahədə olduğu kimi, iki dövlət arasındakı humanitar əməkdaşlıq xalqlararası təmasları yaxınlaşdırır. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəbdə 160 min şagirdin təhsil aldığını, 800 mindən çox şagirdin rus dilini ikinci dil kimi öyrəndiyini, respublikamızda fəaliyyət göstərən 26 ali məktəbində 15 mindən artıq tələbənin rus bölmələri üzrə təhsil aldığını diqqətə çatdıran Prezident İlham Əliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filiallarının fəaliyyətini yüksək dəyərləndirmişdir. İyunda Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi mədəniyyətlrarası münasibətlərin inkşafına töhfə adlandırılmışdır. Ölkəmizə səfəri zamanı sadalanan uğurları qarşılıqlı münasibətlərin məntiqi nəticəsi adlandıran Prezident Vladimir Putin azərbaycanlı sənətkarları gələn ay keçiriləcək onuncu - yubiley Sankt-Peterburq Mədəniyyət Forumuna dəvət etmişdir. Prezident Vladimir Putin Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünü dəstəkləmişdir. Eyni zamanda bildirmişdir ki, hazırda Rusiyanın ali məktəblərində 8 minə yaxın azərbaycanlı gənc təhsil alır, o cümlədən onların mindən çoxu Rusiyanın Federal büdcəsi hesabına oxuyur.

Göründüyü kimi, Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olan multikultural dəyərlərə sadiqliyi xalqları yaxınlaşdıran, bölgədə sabitliyin qorunmasına xidmət edən mühüm amillərdəndir.

Xuraman İsmayılqızı, «İki sahil»