23 avqust 2024 00:44
367

Laçınlar oylağına çevrilən Laçın

Bu əsrargəngiz diyarın əzəli sakinləri 26 avqust- Laçın Şəhəri Gününü yenidən qurulan abad və firavan şəhərdə qarşılayırlar

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Zəfər nəticəsində 10 noyabr 2020-ci ildə Azərbaycan -Rusiya- Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Laçınu kimi strateji əhəmiyyətə malik olan rayona tamamilə sahiblənməyimiz sonrakı dövrdə ölkəmizə separtizmə və terrorçuluğa qarşı mübarizədə əlavə dvidendlər gətirdi.

Laçın Şəhəri Günü bayram tədbirində çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyevin demişdir: «Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.»

30 ildən çox davam edən və nəticəsiz qalan sülh danışıqları zamanı «5+2» formatını irəli sürən, Qarabağdakı azsaylı erməni üçün israrla ən yüksək status tələb edən Ermənistan və havadarlarının planları tarixi Zəfərimizdən sonra darmadağın oldu. İndi Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının  kənd və şəhərlərində, o cümlədən Laçında Azərbaycan Bayrağı dalğalanır. Laçın şəhərində, Sus və Zabuxda, eləcə də digər kənd və şəhərlərimizdə həyat yenidən canlanır. Artıq Azərbaycan işğaldan azad edilmiş şəhərlərdə bayramlar keçirir, turistlər qəbul edir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür.

Vətən müharibəsi bitəndən sonra qısa bir zamanda işğaldan azad edilmiş ərazilərimiz sürətlə dirçəlməyə başladı. Qarabağ və  Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli və planlı quruculuq işləri aparılır. Bu əraziləri ziyarət edən hər bir şəxs istər öz vətəndaşlarımız, istərsə də xarici diplomatlar, siyasətçilər, jurnalistlər  erməni vandalizminin acı nəticələrinin sahibi olmaqla bərabər, eyni zamanda, azərbaycanlıların işğaldan azad edilən torpaqlarda tikinti –quruculuq işləri aparıldığını  əyani şəkildə görürlər. Belə qısa müddətdə abadlaşan rayonlarımızı görənlər hətta  heyranlıqlarını gizlədə bilmirlər. Bu mənzərə azərbaycanlıların nə qədər yaradıcı və qurucu xalq olduğunu göstərdiyi qədər də hayların bir  o qədər barbar, dağıdıcı olduğunu göstərir. Çox xoş mənzərədir ki, gözlərimizin önündə kəndlər, şəhərlər sürətlə yenidən qurulur, xarabalıqlar Gülüstana çevrilir.

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin və diplomatik məharətinin unikallığı ondadır ki,  regionun ən güclü ordusunu, Cənubi Qafqazın ən güclü iqtisadiyyatını, ərazi bütövlüyümüzün qorunması və suveren hüquqlarımızın bərpa edilməsi üçün yüksək səviyyəli hüquqi baza yaratdı.  Bununla da ölkəmizi Ermənistanın tarixi müttəfiqləri tərəfindən göstərilən təzyiqlərdən qorudu. Nəticədə  müharibənin gedişində hərbi və diplomatik Qələbəyə nail ola bildik. Heç kimin bizi yolumuzdan döndərə, iradəmizə təsir etməyə cəsarəti çatmadı.

Bir sözlə, güclü Azərbaycan dövləti və yenilməz ordumuz bu tarixi Zəfərlə yeni reallıqlar yaratdı. Xüsusilə ölkəmizin dünyada nüfuzu və beynəlxalq əhəmiyyəti dəfələrlə artdı. Ata vəsiyyətini layiqincə yerinə yetirən,  ölkəmizin şərəf və ləyaqətini ucaldan,  nüfuzumuzu yüksəldən,  bir sözlə, bir dövlət və millət olaraq başımızı ucaldan Prezident İlham Əliyev bu müqəddəs və tarixi missiyasını bu gün də ali səviyyədə  davam etdirir. Bu gün  müasir tariximizin yeni səhifələri yazılır. Laçında müəssisələrin təməli qoyulur, açılışlar edilir. İşğal  edilmiş bütün ərazilər kimi, Laçın da Azərbaycan Prezidentinin və Birinci vitse- prezident Mehriban Əliyevanın  heyrətamiz zəhməti, Vətənə böyük məhəbbəti sayəsində yenidən qurulur. Bunu bütün dünyada, o cümlədən  Ermənistanda da görürlər.

Laçın həmişə təbii sərvətləri ilə zəngin olub. İşğaldan azad edildikdən sonra kənd təsərrüfatına yararlı torpaqları ilə ölkə iqtisadiyyatına  əhəmiyyətli dərəcədə xeyir verməyə başlayıb. Bu gün  rayonda əsas civə yataqları olan Narzanlı, Çilgəzçay, Sarıbulaq (ümumi ehtiyatları 1124 ton), əhəng istehsalına yararlı Laçın əhəngdaşı (ehtiyatları 4457 min ton) və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı (ehtiyatları 2533 min m3), mişar daşı istehsalına yararlı 2 tuf Ağoğlan, Əhmədli (ümumi ehtiyatları 5125 min m3), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil (ehtiyatları 998 min m3) yataqları və istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları vardır.

Bu bölgədə inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncərayonda  mərmər, əhəng sexləri, iki ədəd daş karxanası fəaliyyət göstərib. Bu, bir daha rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün fundamental əsaslardandır. Nəzərə alsaq ki, Qarabağın inkişafında əsas faktor tikinti sektoruna yararlı xammal bazasıdır, Laçın rayonu da bu istiqamətdə yaranacaq inkişaf trayektoriyasında mühüm paya sahib olacaqdır.

Laçın rayonunun bir sıra investisiya tutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir. İşğaldan əvvəl əməkqabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bütün bu göstəricilər yerli fermerlər üçün əlavə imkanlar yaradır. Kənd təsərrüfatında əsas bitkiçilik məhsulları olan dənli və dənli paxlalıların (o cümlədən buğdanın) istehsalı 2450 ton olmaqla üstünlük təşkil edir. Digər kənd təsərrüfatı məhsullarından şəkər çuğunduru, kartof, tərəvəz, bostan bitkilərini adını çəkmək mümkündür. İşğaldan əvvəl əhali burada əsasən heyvandarlıqla məşğul olmuş və iribuynuzlu mal-qara, arı, qoyun və keçi saxlamışdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1990-cı ildə Laçın rayonunda təxminən 40 mindən çox iribuynuzlu mal-qara, 240 min qoyun-keçi olmuşdur. İşğaldan əvvəl hər il rayon üzrə dövlətə 6000 ton süd, 5000 ton ət, 400 tondan çox yun satılırdı.

Laçın rayonu ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyi ilə seçilib. Dünyada «Qasımuşağı» adı ilə tanınan xalçanın yaranması Laçın rayonunun adı ilə bağlıdır. Sovetlər dönəmində rayonda yun və gön-dəri qəbulu müəssisəsi fəaliyyət göstərib. Bütün bu istiqamətlər gələcəkdə rayonun bölgənin yüngül sənayesinin inkişafında dəstəkləyici faktora çevrilməyinə səbəb olacaqdır.

Ümumiyyətlə, işğaldan əvvəl Laçında 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi mövcud idi. Bununla yanaşı, rayonda yağ-pendir, konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, yun və gön-dəri qəbulu müəssisəsi, kimya birliyi, baytarlıq müalicəxanası, tikinti materialları istehsalat birliyi, ağac emalı sənayesi, yol və tikinti quraşdırma idarəsi, Sumqayıt alüminium və maşınqayırma zavodlarının filialları, yüngül sənaye və yerli sənaye kombinatları, iki asfalt zavod, beton zavod, mərmər, əhəng, pemoksol və toxuculuq sexləri, iki daş karxanası fəaliyyət göstərirdi. Bəli, məhz müzəffər Azərbaycan Ordusu Laçından işğalçı erməniləri qovmaqla Laçını yenidən laçınlar oylağına çevirdi.

İndi Laçın şəhərindəki təbiət gözəllikləri yeni şəhərsalma arxitekturası ilə elə bir vəhdət təşkil edir ki, bu gözəlliyə baxmaqdan doymaq olmur. Laçına qayıdan keçmiş məcburi köçkünlərin sayı minlərlədir. Burada ən müasir infrastuktur yaradılıb. Laçınlılar müasir evlərlə, işlə, təmin ediliblər. Arxasında qüdrətli Azərbaycan Ordusunun gücünü hiss edən də özlərini ən xoşbəxt insalar kimi hiss edirlər. Laçın şəhərindəki bu inkişaf və gözəllik həm də onların 30 illik Vətən həsrətinə, Vətənsizlik yarasına məlhəm olmağa başlayıb.

Elçin Zaman, «İki sahil»