23 avqust 2024 02:57
382

Qarabağ və Şərqi Zəngəzur: Sənaye potensialının inkişafı prioritetdir

Son illərdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr sırasında Prezident İlham Əliyevin təşəbbüsü ilə sənaye parkları və məhəllələrinin yaradılması mühüm əhəmiyyət daşıyır. Bunun nəticəsi olaraq bu gün Azərbaycanda sənaye parkları və sənaye məhəllələri iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın qeyri-neft sənayesinin inkişafında Qarabağda və Şərqi Zəngəzurdakı sənaye parklarının da fəaliyyəti diqqət çəkir. Hazırda Azərbaycanın sənaye potensialının böyük bir hissəsi 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə cəmləşib. Bu ərazilər təbii ehtiyatlarla zəngindir. Burada emal sənayesinin böyük inkişaf perspektivləri var. Uğurla reallaşdırılan bərpa proqramı çərçivəsində sözügedən ərazilərin sənaye potensialından da səmərəli istifadə edilməsi nəzərdə tutulub. Təsadüfi deyil ki, respublikamızda fəaliyyət göstərən 12 sənaye zonasının 8-i məhz regionların payına düşür. Qarabağ və Şərqi Zəngəzurun bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı, 2021-ci il 4 oktyabr Fərmanı ilə isə Cəbrayıl rayonunda 200 hektar ərazidə "Araz Vadisi İqtisadi Zonası" yaradılıb.

Ağdam Sənaye Parkının əsas istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların təşkili müəyyənləşdirilib.

Digər sənaye parklarında olduğu kimi, Ağdam Sənaye Parkında da sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli şərait yaradılıb. Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye zonasıdır. Parkda ümumi investisiyaların həcmi 195 milyon manatdan çox olan 21 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

"Mister Decor" MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib. İnvestisiya həcmi 7 milyon manat olan fabrik Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk müəssisədir. Almaniya və Çin texnologiyasından istifadə edilən müəssisədə istehsal olunan məhsulların daxili bazara çıxarılması ilə yanaşı, xarici ölkələrə də ixracı planlaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri üçün güzəştlər də tətbiq edilir. Rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib. Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır. Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20%-i məbləğində maliyyə yardımı ödənilir. Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər də verilir Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.

Bütün bu  amillər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının strateji əhəmiyyətini və iqtisadi inkişaf potensialını nümayiş etdirir. Bu bölgələrin sənaye potensialının inkişaf etdirilməsi Azərbaycanın ümumi iqtisadi inkişafına mühüm töhfə verəcəkdir. Bu regionun müasir sənaye mərkəzinə çevrilməsi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycanın iqtisadi nüfuzunu daha da artıracaq. Hazırda həyata keçirilən genişmiqyaslı layihələr Qarabağın və Şərqi Zəngəzurun parlaq iqtisadi gələcəyinə olan inamı daha da gücləndirir.   

Nigar Orucova, “İki sahil”