23 avqust 2024 00:17
416

İnsanları məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm siyasətinə son qoyulmalıdır

Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Avqustun 22-də Azərbaycanın paytaxtında “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Bakı Təşəbbüs Qrupu və Bonayre İnsan Hüquqları və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutan tədbir Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasına həsr edilib. Konfransda Niderlandın əsarəti altında olan Boneyra xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi imkanlar müzakirə olunur.

Tədbir Bonayre xalqının gələcək tarixi üçün çox mühüm bir hadisə ərəfəsində keçirilir. Tədbirdən bir neçə həftə sonra Bonayre adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına qətnamə layihəsinin təqdim edilməsi planlaşdırılır. Hazırkı konfransın əsas məqsədlərindən biri də həmin qətnaməyə beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.

Bonayre xalqı üçün belə bir tarixi əlamətdar hadisə ərəfəsində azadlıq uğrunda mübarizə aparan şəxslərin məhz Azərbaycana toplaşması ölkəmizin dekolonizasiya sahəsində dünyanın əsas mərkəzlərindən birinə çevrilməsini təsdiq edir. Bu, həm də ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində dekolonizasiya prosesinə verdiyi töhfələrin, uğurlu lokomotiv rolunun nəticələrinin bariz nümunəsidir.

 Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Qrup XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən, dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Bonayre adasının nümayəndə heyəti Bakı Təşəbbüs Qrupuna Bakıda birgə beynəlxalq konfransın təşkili ilə bağlı müraciət edib. Biz beynəlxalq konfransın avqustun 22-də təşkili barədə qərara gəlmişik. Bonayre adası cari ilin oktyabrında BMT-yə qətnamə layihəsi təqdim edəcək. Qətnamə layihəsi adanın kolonizasiya siyahısına əlavə olunmasını özündə əks etdirir.

Nümayəndə heyəti qətnamə layihəsini təqdim etməzdən əvvəl Bakıdan bununla bağlı dünyaya çağırış ünvanlayacaq.

Konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland və başqa ölkələrin nümayəndələri, BMT və digər beynəlxalq təşkilatların rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirlər.

Tədbir iştirakçıları Niderlandın əsarəti altında olan Bonayre xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər və beynəlxalq hüquqi imkanlar barədə müzakirələr aparırlar.

Konfransın təşkilində məqsəd Bonayre adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına təqdim edəcəyi qətnamə layihəsi ilə bağlı beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.

Hazırda köləlik, müstəmləkə siyasəti müxtəlif formalarda davam edir. Bu gün müstəmləkəçilik beynəlxalq hüquqla qadağan olsa da, təəssüf ki, mövcuddur. Hazırda bəzi ölkələr beynəlxalq hüququn əsas prinsiplərinin müddəaları, eyni zamanda, insanların öz müqəddəratını təyinetmə hüquqlarının fundamental prinsipləri ilə bağlı ikili standartları təbliğ edirlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev beynəlxalq konfransda bildirib ki, əvvəllər xalqlar müstəmləkəçiliyə və mübahisələrə daha çox məruz qalırdılar. Bu gün ikili standartların qurbanı təkcə insanlar deyil.

Niderlandın müstəmləkəçiliyi altında olan Belizin nümayəndə heyətinin üzvü, Belizin BMT-də daimi və səlahiyyətli səfiri Karlos Füller bildirib ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən ölkələr üçün çox mühüm platforma yaradır və buna görə təşəkkür edirik: “Düşünürəm ki, biz və müstəmləkəçilikdən əziyyət çəkən digər xalqlar bunu dünyanın diqqətinə çatdırmalıdırlar.” O bildirib ki, ölkəsi öz müstəqilliyini 1981-ci ildə əldə edib. Bu çox əziyyətli proses idi. Müstəqilliyimiz uğrunda əzmlə mübarizə aparmışıq və buna 20 ildən sonra nail ola bilmişik. Müstəmləkəçilikdən əziyyət çəkən digər ölkələr və regionlar da öz səslərini ucaltmalıdır.

Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının nümayəndə heyətinin üzvü, “Radio Vision FM”in rəhbəri Albertiko Canqa bildirib ki, biz yaşadığımız adada çox çətinliklərə məruz qalmışıq. Əvvəllər pulsuz stomatoloji xidmətdən istifadə imkanımız var idi, sonradan onu aradan qaldırdılar. Mütəxəssislərimiz xaricdən gəlir, üç aydan bir onların sayı azaldılır, bu da xəstə ilə səhiyyə sistemi arasında əlaqənin kəsilməsinə gətirib çıxarır. Adadakı təhsil sistemi onların övladlarını doğma torpaqlarını tərk etmək məcburiyyətində qoyur. Qurulan sistem gəncləri o həddə çatdırır ki, onların hamısı təhsil almaq üçün xaricə gedirlər.

A.Canqanın sözlərinə görə, tələbələrin əksəriyyəti Niderlanda gedir. Həmin gənclər müqəddəs torpaqlarına qayıdanda belə onlara öz adalarında deyil, Niderland iqtisadiyyatına dəstək olmaq üçün xaricdə iş təklif olunur.

Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının nümayəndə heyətinin üzvü, Boner Dəyişim Hərəkatının yaradıcısı Ceyms Finis bildirib ki, mən Karib dənizində yerləşən Bonayre adasından gəlmişəm. Bizim dilimiz Karib regionunda müstəmləkə siyasətindən qurtulmağı bacaran və mövcudluğunu qoruyub saxlayan iki dildən biridir. Bonayre xalqı tarixində ilk dəfədir ki, indiki və gələcək nəsillərin hüquqları uğrunda mübarizə naminə bu beynəlxalq konfransda öz sözünü söyləyə bilir. Bizim adamız Niderlandın müstəmləkəsidir. İnsanlarımız çox çətin vəziyyətdədir. Belə ki, adamızdakı bütün qanunlar müstəmləkə olduğumuz üçün Niderland tərəfindən yazılır. Bizim xalqımız demokratik hüquqlarına sahib deyil. 2030-cu ildə ölkəmizin yerli əhalisinin 30 faizdən az olacağı deyilir. Demək olar ki, biz öz ölkəmizdə milli azlıq olacağıq. İnsanlarımızın bu vəziyyətdən şikayət etmək hüquqları belə yoxdur. Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə dəstəyinə və bizə sözümüzü demək üçün şərait yaratdığına görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm.

Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının nümayəndə heyətinin üzvü, gənc fəal Zahit Teadora konfransda bildirib ki, ölkəsindəki Niderland məktəb sistemi vətəndaşların şüuruna təsir etmək, onlara işçi, kölə olmağı öyrətmək üçün istifadə olunur. İnsanların çoxu Niderlandda təhsil almağa məcbur edilir. Məktəbdəki təcrübəmə əsasən deyə bilərəm ki, bizi yalnız Niderland dilində danışmağa məcbur edirdilər. Vəziyyət elə həddə çatıb ki, biz artıq buna alışmışdıq. Xalqımız üçün böyük təhlükə var, bizə ciddi kömək lazımdır. Niderlanddakı məhkəmə sistemi də bir çox uşaqların gələcəyini pozur, bizim hakimlər yalnız niderlandlılardır. İnsanlarımızı həbs edirlər, amma bizə qarşı pis hərəkət edən heç bir niderlandlı heç vaxt saxlanılmır.

Beynəlxalq konfransın təşkilində dəstəyə görə Bonayre xalqı adından Azərbaycan hökumətinə, Bakı Təşəbbüs Qrupuna, xüsusi qonaqpərvərlik üçün isə xalqınıza təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk.

Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar deyib ki, bu gün biz bütün dünyaya çox vacib bir mesaj veririk ki, kiçik icmaların hüquqları da böyük xalqların hüquqları qədər həyati əhəmiyyət kəsb edir.

“Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyannamə qəbul edilib. Sənəddə bildirilir ki, müstəmləkə şəraitində mövcudluğunu davam etdirən Bonayre dövlətinin və xalqının bütün hüquq və azadlıqları BMT Nizamnaməsinin tələblərinə uyğun təmin edilməli, beynəlxalq ictimaiyyət Bonayre ərazisində yaşayanların problemlərinə diqqət yetirməlidir.

Göründüyü kimi, Şərqlə Qərb arasında yerləşən, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlərdən bəri bəşəri dəyərlərə sadiq olmaqla tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlayır. Etnik qruplara və müxtəlif dinlərə məxsus bütün ölkə vətndaşları üçün Azərbaycan doğma Vətən, ata-baba ocağı, yurd yeridir. Ölkə daxilində mövcud olan sabitlik, birgəyaşayış qaydalarına hörmət, qarşılıqlı etimad bir daha göstərir ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Dövlətçilik və milli maraqların qorunması bütün ölkə vətəndaşları üçün müqəddəs borcdur. Azərbaycanın 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrliyi müddətində bütün xalqların milli-mənəvi dəyərlərinə hörmət və etimadını dəfələrlə sübut edib. COVID-19 pandemiyasının davam etdiyi müddətdə “peyvənd millətçiliyi”nə qarşı mübarizənin önündə gedən Azərbaycan yeni müstəmləkə tendensiyalarına qarşı barışmaz mövqeynin birlik və həmrəyliyi ilə təsdiqləyir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşmasına qəti etirazını bildirən xalqımız insanları məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə qarşı mübarizlik nümunəsi göstərir. Hələ də demokratik dəyərlərə ikili standartlardan yanaşan, bəzi dövlətlərin, Avropa təsisatlarının başqa ölkələrin daxili işlərinə müdaxiləyə səssis qalmaqla kifayətlənməyərək qəbul etdikləri ədalətsiz qərar və qətnamələri ilə ölkələrin daxili işlərinə müdaxilə kimi tendensiyalarını davam etdirən Avropa Parlamenti və AŞPA bu cür addımları ilə yeni müstəmləkə niyyətlərini qızışdırdıqlarını başa düşməlidirlər. Dünyada ədalətin tərəfdarı olan Azərbaycan həmişə öz hüquqlarını müdafiə edən, müstəqilliyə qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini qorumaq istəyən xalqların yanında olduğunu əməli işi ilə təsdiqləyir.

Şəmsiyyə Əliqızı, “İki sahil”