22 avqust 2024 08:24
301

Cənubi Qafqazın problemləri Azərbaycanın diktəsi ilə həllini tapır

Bölgəyə kənar müdaxilələrə yol verilməyəcəyini bildirən Prezident İlham Əliyevin Ermənistanın havadarlarına cavabı birmənalıdır: «Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun.»

Tarixi zərurət olan dövlətçiliyin möhkəmlənməsində əsas amil olan milli ideyanın formalaşdırılması müasir dövrümüzdə daha aktualdır. 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki Qələbəmizin mahiyyətini də milli ideyaya sadiqlik kimi mənəvi zənginlik təşkil edir. Siyasi, iqtisadi, hərbi üstünlüklərə də mənvi zənginliklərimizə sadiq qalmaqla nail olmaq mümkündür. «Bizim belə bir ideyamız var idi. Yəni, siyasi üstünlükdən asılı olmayaraq belə bir ideyamız var idi. Bu da ərazi bütövlüyümüzün bərpası və öz ərazilərimizin qaytarılması idi. Biz buna nail olduq, keçən ilin sentyabrında biz buna tamamilə nail olduq» söyləyən Prezident İlham Əliyev bildirir ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq, Zəfərimizlə fəxr edəcəyik.

Son illərdə regionda baş verən hadisələr, köhnə stereotiplərin yeni dövrün çağırışlarına cavab verməməsi bölgə üçün diqqətçəkən yeganə geosiyasi dəyişiklik deyil. Bölgə ölkələrinin hər birində baş verən ciddi siyasi transformasiyalar, ciddi proseslər davam etməkdədir.

Dünya siyasətinin ən qaynar nöqtəsi olan Cənubi Qafqazda yeni vəziyyətin fomalaşması, bölgədə hər an partlamağa hazır bomba təsəvvürü yaradan Ermənistanın xarici siyasət vektorlarının başqaları tərəfindən tənzimlənməsi bütünlükdə region üçün ciddi təhlükədir. Azərbaycanın sülhə, əməkdaşlığa, bərabərliyə xidmət edən xarici siyasət gündəliyinin zənginləşməsi, beynəlxalq səviyyədə dəstəklənməsi Ermənistan və havarları üçün məqbul deyil. Cənubi Qafqaz respublikalarının iqtisadi inkişaf və siyasi əməkdaşlıq formatında birləşmələrinə mane olan kənar qüvvələr Sovet İttifaqından miras qalan «Bir nəfər hamı üçün, hamı bir nəfər üçün» şuarını müstəmləkəçilik ideyaları ilə dağıdaraq erməni separatçılarının etnik təmizləmə siyasətinə, daşnak terroruna «yaşıl işıq» yandırırlar. Kənardan edilən dəstəyə arxayınlaşan, Azərbaycanın torpaqlarını işğal edən, bölgədə siyasi sabitliyə təhlükə yaradan Ermənistanda papağını başına qoyub ətrafa ayıq başla baxmaq zərurəti hiss olunmur. 30 il işğal altında saxladıqları torpaqlarda Azərbaycanın təbii sərvətlərini istismar edən rəsmi İrəvanın korrupsiyalaşmış keçmiş və müasir rəhbərliyi «Ver yeyim, ört yatım» atalar məsəlinə uyğun dilənçiliyini, ələbaxımlılığını, itaətkarlığını hələ də davam etdirir. Əsrlərdən bəri Rusiyanın göstərişləri ilə hərəkət edən Ermənistanın başqaları tərəfindən idarə olunan xarici siyasətini Qərbə, ABŞ-a inteqrasiya etməsi bölgədə təhlükəsizliyə ciddi təhlükə, risklər yaradır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh sazişinin hələ də havadarlarının masalarında «yenilənməsi», bu ölkənin baş naziri Nikol Paşinyanın tez-tez mövqe dəyişməsi bütünlükdə Cənubi Qafqaz respublikalarının siyasi, iqtisadi inkişafına zərbə vurur. İkinci Qarabağ müharibəsindən, ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirindən sonra belə gələcəyi üçün düzgün yol seçməyən rəsmi İrəvan Prezident İlham Əliyevin «Həm Ermənistan rəhbərliyinə, həm beynəlxalq aktorlara deyirdim ki, bir dəqiqə ərzində mən düyməyə basıb bu əməliyyatı keçirəcəyəm, heç nə də edə bilməyəcəksiniz. Açıq deyirdim onlara. Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil» sözlərindən nəticə çıxarmadılar.

Bu günlərdə bölgəyə daha yaxın qonşu olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən belə nəticə çıxarmayan rəsmi İrəvanın Kremlə arxa çevirib «uzaq ellərə» əl uzatması haylara yaxşı heç nə vəd etmir. Məlumdur ki, Azərbaycan bölgədə həm təhlükəsizlik, həm də idxal-ixrac əməliyyatları, iqtisadi əməkdaşlıq məsələlərinə daim önəm verir və Rusiya ilə son illərdə bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur. İki ölkə arasındakı siyasi, hərbi, humanitar sahədəki əlaqələr yüksək səviyyədədir. Azərbaycanın bölgə ölkələrinə neft-qaz layihələrində dəstək verməsi, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin keçdiyi ərazidə yerləşməsi bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsinə də müsbət təsir göstərir. Bu reallıq belə qlobal enerji, nəqliyyat layihələrindən kənarda qalan Ermənistanı «Qərb yuxusu»ndan ayıltmır.

Xüsusilə ötən ilin sentyabrında aparılan anttiterror tədbirlərindən sonra Cənubi Qafqazda yeni müharibə təhlükəsini qızışdırmaqla bölgəyə yerləşmək niyyətlərini gerçəkləşdirməyə çalışan ABŞ, Qərb, xüsusilə Fransa yalançı vədlərin əsiri olan Ermənistan rəhbərliyinə xalqının milli maraqlarını yerinə yetirməyə imkan vermirlər. Hələ də revanşist çağırışları, Azərbaycanın sərhədyanı bölgələrdəki mövqelərini atəşə tutmaqla əslinə sözdə dedikləri «sülh sazişini imzalamaq» məsuliyyətlərini «unudurlar.» «Ona görə də indi vəziyyət belədir, biz, əlbəttə ki, bütün bunlara cavab verəcəyik. Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik. Belə ki, fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur» sözləri ilə Fransanın qanlı əməllərini təkrarlayan Ermənistanın mina terrorunu davam etdirməsini sülhə təhdid adlandıran Prezident İlham Əliyev rəsmi İrəvana göndərilən silah-sursatları faşizmə dəstək kimi dəyərləndirir.

10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda qeyd olunan nəqliyyat- kommunikasiya xətlərinin açılması ilə bağlı vədini yerinə yetirməyən Ermənistanı yeni ərazi iddiaları ilə şirnikləndirən ABŞ-ın , Qərbin məqsədi Rusiyanı bölgədən uzaqlaşdırmaq, qlobal nəqliyyat layihəsi olacaq Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməkdir. Regionda yeni təhlükələr yaradacaq bu cür fikirlərin reallaşmasına heç vaxt imkan verilməyəcəyini «Bir məsələ də önəmlidir, bu yolun təhlükəsizliyi. Çünki mən dəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan boyun qaçırır. Rusiya sərhədçiləri bu ölkənin İranla, Türkiyə ilə sərhədindədirlər. «Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, bu yol açılmasın. Biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi. Onu da bildirməliyəm ki, bu şayiələri, belə ucuz şayiələri yayan da Fransadır» sözləri ilə bəhanələri ifşa edən Prezident İlham Əliyevin vurğuladığı kimi, sonda dalanda qalan Ermənistan olacaq.

Bir neçə ay bundan əvvəl Zəngəzur dəhlizi ilə bağlı mövqeyini Azərbaycanın daim təkrarladığı «Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik» sözləri ilə bildirən ABŞ Dövlət Departamenti rəsmilərinin mövqe dəyişmələrində məqsəd Cənubi Qafqazı yenidən müharibə ocağına çevirməkdir. Respublikamızın digər bölgələri ilə Azərbaycanın tarixi ərazisi olan Naxçıvanı, bütünlükdə türk dünyasını birləşdirəcək bu yola nəzarətə sahiblənmək «Dağdan gəlib bağdakını qovmaq», türk həmrəyliyindən ehtiyatlanmaqdır.

«İndi də bizi ittiham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Ermənistanın ərazisindən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varianta ehtiyac qalmayacaq. Yoxsa bu da anlaşılan deyil. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir?» söyləyən Prezident İlham Əliyev fikrini arqumentlərlə təsdiqləyir. Ermənistanla İran arasında güclənən ticarətə, rəsmi Tehranın Qərbi Zəngəzurda konsulluq açmaq təşəbbüsünə «laqeyd qalan» ABŞ-ın Zəngilanda Amerika əsgərlərini yerləşdirmək niyyətinin arxasında hansı qaranlıq məqamların dayanması izaha ehtiyacı olmayan aksiomadır.

Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verilməyəcəyini dəfələrlə bildirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində Xankəndidə, Xocalıda Dövlət Bayrağımızın dalğalanmas bu qətiyyətin real təsdiqi oldu. 

Cari ilin aprel ayının 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə əldə olunmuş razılığa əsasən respublikalararası sərhədə uyğun olaraq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri qeyd-şərtsiz, bir güllə atılmadan Azərbaycana qaytarıldı. Yəni, « Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur» deyənlər cavablarını aldılar.

Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının bölgəni nəzərdə tutulan müddətdən tez tərk etmələri, Xankəndi separatçılarının Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşları tərəfindən həbs edilməsi haylara daha böyük zərbə oldu. Aprelin 5-də Qərbin məkrli planı olan Brüsseldə keçirilən Ermənistan-Avropa İttifaqı (Aİ) -ABŞ müştərək konfransında « Azərbaycanın Ermənistana torpaq iddiası, Azərbaycan Milli Ordusunun yeni hücuma hazırlaşması» kimi bəhanələri ilə Hayastanın silahlandırılması, Qarabağdan könüllü köçən ermənilərə guya zor tətbiq edildiyinin beynəlxalq ictimaiyyətə çatdırılması, onların Xankəndiyə qayıtmaları ilə bağlı feyk xəbərlərin əsasında da Qərbin, ABŞ-ın Cənubi Qafqaz xəyallarının reallaşaması üçün şəraiti formalaşmaq cəhdləri dayanır.

Ermənistanın Tavuş rayonunun sərhəd kəndlərinə səfəri zamanı sakinlərlə görüşündə haylara Azərbaycan torpaqlarını könüllü tərk etmələrini «İmtina etsək, bu, o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Və mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında qarşılaşanda deyəcəksiniz: «Yaxşı, biz adi kəndlilərik, bizim məlumatımız yox idi, amma, axı siz hər şeyi bilirdiniz» sözləri ilə «məsləhət görən» Nikol Paşinyanın hazırda okeanın o tayındın çalınan havalara oynaması göstərir ki, müstəqil xarici siyasəti olmayan Ermənistan oyuncaq dövlətdir. Paşinyana dövlət başçımız İlham Əliyevin «Nəyi, necə, nə vaxt etmək» düsturunu növbəti dəfə xatırlatmağının məqamı yetişib.

Daim sülhün, sağlam düşüncəyə, reallığa əsaslanan dialoqun, beynəlxalq hüquq normalarına hörmətin tərəfdarı olan, işğalda qalan 8 kəndimizi azad etmək üçün güc tətbiq etməyəcəyimiz barədə öhdəlik götürən Azərbaycanın 19 aprel tarixli siyasəti göstərdi ki, məcburetmə tədbirlərinə ehtiyac duyulmadan da məsələləri həll etmək mümkündür.

Qazaxın 4 kəndinin boşaldılması Müzəffər Ali Baş Komandanın Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzaladığı kapitulyasiya aktına müvafiq olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana təhvil verilməsi tarixi uğurumuzun təkrarıdır. Yəni, Azərbaycanın növbəti dəfə xoş niyyət göstərərək Ermənistanı beynəlxalq hüquqa əsaslanan sülh sazişini imzalamağa çağırması, rəsmi Bakının prinsipiallığı Cənubi Qafqazda yeni geosiyasi reallıqların yaranmasına yönəldilib. Bölgədə sabitlik üçün təhdid yaradan qüvvələrin təxribatlarını ifşa edən bu siyasət Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin yeni istiqamətlər üzrə inkişafını şərtləndirən mühüm sənədlərin imzalanması Fransa və digər Qərb dövlətlərinin məkrli niyyətlrini növbəti dəfə iflasa uğratdı. Azərbaycanın dəfələrlə irəli sürdüyü «Tərəflər arasında sülh prosesinin təminatında kənar vasitəçilərə ehtiyac yoxdur!» tezisi özünü doğruldur. ABŞ, Aİ kimi vasitəçilik adı altında prosesə müdaxilə etmək istəyənlər məqsədlərinə nail olmadılar və ola bilməyəcəklər də.

«Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək» söyləyən Prezident İlham Əliyev ölkəmizə qarşı aparılan çirkin siyasətə hər zaman hazır olduğunu bildirir. Əlavə olaraq qeyd edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməli, bölgə respublikalarının ümumi razılığı əsasında formalaşmalıdır. «Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun» söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki, biz heç vaxt sakitləşməməliyik və müdafiə qüdrətimizi daha da möhkəmləndirməliyik.

Xuraman İsmayılqızı, «İki sahil»