22 avqust 2024 03:46
320

Vaxtilə Laçının işğala məruz qalması böyük faciə idi

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək, onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, xüsusən Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Beynəlxalq hüququn imperativ normaları və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan tərəfindən Azərbaycana qarşı qeyri-qanuni gücdən istifadənin, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən 700 mindən artıq köklü Azərbaycan əhalisinin zorla qovulması ilə onların fundamental hüquq və azadlıqlarının kütləvi pozulmasının nəticələrinin Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sayı 90 mindən az olan erməni azlığın “öz müqəddəratını təyin etmək” və “insan hüquqları” kontekstində təqdim etmək cəhdləri cəfəngiyatdır və heç bir mənəvi, hüquqi və siyasi çərçivəyə sığmır.

Hazırda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə geniş quruculuq işləri aparılan Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biri olmaqla, dövlətimiz üçün  strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Bu iqtisadi rayon geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfatının inkişafı üçün münbit torpaq sahələrinə, zəngin meşə massivinə malikdir. Rayonun ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları və s. faydalı qazıntı ehtiyatları olmaqla  ərazidə 8 mineral su yataqlı yeraltı su hövzəsi mövcuddur.

Bütün laçınlılar üçün acı xatirətək tarixin arxivinə çevrilmiş 1992-ci ilin 18 may tarixi nə qədər ağır olsada   2023-cü il Laçına Böyük Qayıdışın başlanğıc ili kimi sevincli və qürurludur.

Mirhaşim Calalov,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı  üzrə ərazi partiya təşkilatının üzvü