21 avqust 2024 10:25
327

Bu gün azad Qarabağda yaşayırıq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq

Dövlətimizin başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu çağırışı etdi ki, bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir

Dörd il bundan öncə bu arzu ilə yaşayırdıq- İşğal altında olan torpaqlarımız azad edilsin, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın və bu ərazilərdə yeni həyat başlasın. Bu, arzu olmaqla yanaşı, həm də əminlik idi. Çünki xalqımız əmin idi ki, dövlətimizin uğurlu siyasəti, qətiyyəti sayəsində torpaqlarımız tarixi sahibinə qayıdacaq. Ədalətin Zəfər çalacağı gün uzaqda deyil. 30 il Azərbaycan dövləti münaqişənin həlli istiqamətində səylər göstərdi, sülh danışıqları əsasında məsələnin nizamlanmasına çalışdı. Lakin Ermənistanın havadarlarının dəstəyi ilə danışıqlar prosesindən müxtəlif vasitələrlə yayınmaq cəhdləri, cəbhə xəttində təxribatlar törətməsi açıq-aşkar göstərirdi ki, məsələnin nizamlanmasında, torpaqlarımızı geri qaytarmaqda maraqlı deyil. Ermənistanın Əksər dünya güclərindən aldığı dəstək, işğalçılıq siyasəti həyata keçirdiyi halda böyük qayğı ilə əhatə olunması daha böyük iddialarla yaşamasına, yeni ərazilər uğrunda müharibə planları hazırlamasına gətirib çıxardı. 27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutması bu planların açıqlanmasında yardımçı oldu. Azərbaycan dövlətinin, xalqının səbir kasası daşdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmri tarixi Zəfərimizlə tamamlandı. «Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq» söyləyən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi vurğulayır ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı.

Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi. İşğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur. Dövlət başçısı İlham Əliyev 2021-ci il 30 avqust tarixində Şuşada keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində bu məqama xüsusi diqqət yönəldərək bildirmişdi: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.” Müzəffər Ali Baş Komandan, eyni zamanda, onu da qeyd etmişdi ki, noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir: “Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.”

Azərbaycan dövləti 30 illik işğal dövründə dünyadan ədalət gözlədi. 44 günlük İkinci Qarabağ müharibəsi xalq-Prezident-ordu birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Dövlətimizin başçısı nəyi nə zaman və necə etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Bir addım belə mövqeyindən geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan rədd olub getmək. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli Bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbəyə həsr olunan Zəfər paradındakı çıxışında bu məqamı xüsusi qeyd etdi ki, biz bu illər ərzində həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində güc topladıq. İqtisadiyyatımızı, ordumuzu gücləndirdik. Beynəlxalq münasibətlər sistemində güc və beynəlxalq hüquq amillərini nəzərə alsaq, Azərbaycan hər iki istiqamətdə böyük uğurlara imza atdı. Ən əsası dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Baxmayaraq ki, bu qətnamələr saralmış kağız üzərində qaldı, əsas olan budur ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bu sənədlərdə öz əksini tapdı. Azərbaycanın döyüş meydanında qələbəsində bu illər ərzində yaradılan möhkəm hüquqi bazanın rolu inkaredilməzdir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır.

“Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.» Dövlət başçısı İlham Əliyevin 44 günlük müharibə dövründə 30-a yaxın xarici mətbuata müsahibələrinin hər biri gələcək illərdə Vətən müharibəsi ilə bağlı reallıqların öyrənilməsində zəngin mənbədir. Prezident İlham Əliyev, eyni zamanda, müharibənin gedişi dövründə Ona ən çox təsir edən, kədərləndirən və ən çox sevindirən məqamlara da aydınlıq gətirdi. Bildirdi ki, ən çox kədərləndirən itkilərimizdir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Onların hamısı bizim soydaşlarımız, övladlarımız, qardaşlarımızdır. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir: «Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir. Niyə sən bu mülki şəhəri atəşə tutursan?... Yəni, bu erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi köçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.»

Prezident İlham Əliyev müharibənin Azərbaycanın Qələbəsi ilə başa çatacağına tam əmin idi. Azərbaycan bütün istiqamətlərdə üstünlüyə malik idi. Ona görə hər bir müsahibəsində müharibədən sonrakı dövrdə görüləcək işlərdən bəhs etdi, Azərbaycanın gələcəyini necə gördüyünü açıqladı. Dövlətimizin başçısı hələ 44 günlük Vətən müharibəsinin getdiyi dövrlərdə ölkəmizin gələcəyinin çox parlaq olacağını böyük əminliklə qeyd etdi. Bildirdi ki, son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaq, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. İşğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq: «Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.»

Bu gün yeni dövrün yeni hədəflərindən bəhs edirik. O dövr ki, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Ötən ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Artıq yeni dövr yeni hədəflərin müəyyənləşdirilməsinə çağırışlar etdi. Bu çağırışlardan biri də bu il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi oldu. Cənab İlham Əliyevin inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində yeni dövrün hədəfləri açıqlandı. Bildirildi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası əsas prioritetlər sırasındadır. Bu gün işğaldan azad edilmiş torpaqlarımızın hər daşı erməni vəhşiliklərinin şahididir. Amma Azərbaycan dövləti, cənab İlham Əliyev tariximizin bu səhifələrini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, sahibinə qovuşmuş torpaqlarımızın yenidən əvvəlki simalarına qayıtmaları üçün bütün zəruri addımları atır. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək üçün atılan mühüm addımlar sırasında işğaldan azad edilmiş şəhərlərin günlərinin təsis edilməsini xüsusi qeyd etməliyik. Cənab İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2022-ci ilin 26 avqust tarixində özünün “Twitter” səhifəsində bu paylaşımı etmişdir: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Təkcə Laçın rayonunda görülən bərpa-quruculuq işlərinin fonunda ümumilikdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər barədə aydın təsəvvür yaranır. Belə ki, 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda “Merik” və “Ağbulaq” Su Elektrik stansiyalarında son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Ötən ilin 28 May-Müstəqillik Günündən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma yurdlarına qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən, indiyədək Laçın şəhərində 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. Tamamilə yenidən tikilərək istifadəyə verilən Sus kəndinə isə ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur. Hazırda kəndə 20 ailənin köçürülməsi təmin olunub.

Qeyd etdiklərimiz Laçın rayonunda görülən işlərin çox az hissəsidir. Bərpa-quruculuq işlərinin miqyasının genişliyi Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən bu çağırışı xüsusi qeyd edir ki, bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir.

Yeganə Əliyeva, “İki sahil”