21 avqust 2024 02:26
317

Makronun siyasi böhranı: İstefadan impiçmentə...

Son sosial sorğular fransızların 57 faizinin Prezidentin istefasını tələb etdiyini ortaya qoyub

“Paris 2024” Olimpiya Oyunları öncəsi hakimiyyətin legitimliyini artırmaq məqsədilə müxtəlif manipulyasiyalara başvurduqdan sonra Olimpiadanın tamamlanması ilə Prezident Emanuel Makronun istefa çağırışları daha da ön plana çıxıb.

Makronun prezidentlik dövründə həyata keçirdiyi siyasət ölkə daxilində geniş etirazlara və siyasi böhrana səbəb olub. Pensiyaçıların, fermerlərin və “Sarı jiletlilər” hərəkatının mütəmadi tətilləri və qarşıdurmaları eyni zamanda, iqtisadi böhran proqnozları Makronun siyasi mövqeyini xeyli  zəiflədib. Avropa İttifaqı ilə uyğunsuz siyasətləri və müstəmləkə ölkələrdəki problemləri də Fransanın beynəlxalq nüfuzuna zərər vurmaqdadır.

Fransanın xarici siyasətindəki uyğunsuzluqlar da ölkədəki siyasi böhranın bir hissəsi kimi qiymətləndirilir. Makronun Ermənistanın işğalçı siyasətini dəstəkləməsi və Azərbaycanın beynəlxalq hüquq çərçivəsindəki mövqeyinə qarşı sərt təzyiqlər göstərməsi Avropa İttifaqı çərçivəsində Fransa ilə uyğunsuzluqları artırıb. Azərbaycanın Avropa üçün əhəmiyyətinin artması və enerji xəritəsindəki rolu Ermənistanın bu kontekstdəki əhəmiyyətini xeyli azaldıb.

Onu da xüsusi vurğulamaq gərəkdir ki, Makronun Azərbaycanın beynəlxalq maraqları ilə ziddiyyət təşkil edən siyasəti həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tənqidlərə səbəb olub. Bu yanaşma Avropa İttifaqının və Fransanın beynəlxalq siyasətindəki təsirini azaldıb. Makronun iki prezidentlik dövrü ərzində həyata keçirdiyi siyasi xətt xüsusilə müstəmləkə siyasəti ölkədə yaranan böhranın köklü səbəblərindənbiri kimi göstərilir. Afrikada və digər bölgələrdə baş verən etirazlar Makronun siyasətinə qarşı artan narazılığı göstərir.

Göründüyü kimi, Fransa Prezidenti Emmanuel Makronun siyasi kimliyi təzadlarla doludur. Ölkəsində baş verən daxili proseslərdən tutmuş dünya siyasi arenasındakı hadisələrə münasibətinə qədər bir çox amillər onun liderlik keyfiyyətlərinin keyfiyyətsiz və yetərsiz olduğuna dəlalət edir. Fransa lideri nə qədər can atsa da Avropanın sayılıb-seçilən, sözü mötəbər hesab edilən liderləri sırasında dayana bilmir. Çünki sadalanan amillər təkcə hansısa dövlətin başçısı postunu tutmaqla deyil, həm də siyasətçi kimi özünəməxsus və uğurlu yola sahib olmaqdan da asılıdır. E.Makron şəxsində isə bu sadalanan lider-siyasətçi xüsusiyyətlərini görmək mümkün deyil. Üstəlik, hər ötən gün E.Makronun siyasi obrazı daha da təlatümlü və qarışıq bir vəziyyətə bürünür. Fransanın lideri kimi ağır bir vəzifənin öhdəsindən gəlməkdə acizlik nümayiş etdirən Makron bu gün öz ölkəsində heç də hər kəsin sevimlisi sayıla bilməz. Hətta belə demək olar ki, hər ötən gün ona qarşı qəzəb dalğası miqyasını genişləndirir. Ölkədə baş verən etirazlar, iğtişaşlar bunun bariz nümunəsidir. Bu etirazlara Fransa dövlətinin amansız reaksiyası da E.Makronun siyasətçi kimi ipdən asılı olduğunu göstərir.

Son seçkilərdən sonra Makronun vəziyyəti daha da çətinləşib. Eyni zamanda, Prezidentin impiçment məsələsi də gündəmə gəlib. Xatırladaq ki, Makron partiyası parlament seçkilərində iflasa uğrayandan sonra seçicilərin səsinin əksəriyyətini toplamış “Əyilməz Fransa” partiyasının qələbəsini tanımayıb. Bu günlərdə Makrona ölkədə yaratdığı vəziyyətə və seçkilərin nəticələrinə hörmət etməyə çağırış olunub. Baş nazir Qabriel Attal istefa verib və iyulun 16-da Makron onun istefasını qəbul edib. XXXIII Yay Olimpiya Oyunları zamanı barışığa çağıran Makron parlament seçkilərinin ikinci turundan bir ay sonra hələ də ölkəyə Baş nazir təyin etməyib. Makron avqustun ortasından sonra bu məsələyə baxacağını bildirib. Bu isə ölkədə narazılıq doğurub. Solçular Lüsi Kastetin Baş nazir postuna namizədliyini irəli sürsələr də, Makron bu təkliflə razılaşmayıb. Bununla da Makronun impiçment məsələsi də gündəmə gəlib. “Əyilməz Fransa” partiyasının üzvləri Makronu iyulda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadığı və sosialist siyasi qüvvələrin irəli sürdükləri namizədi Baş nazir təyin etməkdən imtina etdiyi üçün onu demokratiyaya zərbə vurmaqda, həmçinin dövlət çevrilişinə cəhddə günahlandırıblar. Partiya təmsilçiləri Prezidenti ona qarşı impiçment proseduru başlamaqla hədələyiblər.  Onlar bildirirlər ki, dövlət başçısının qərarı demokratiyaya qarşı institusional çevriliş kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, impiçment prosesi bir dövlət başçısının vəzifədən alınması üçün tətbiq edilən xüsusi bir hüquqi mexanizmdir. Fransada impiçmentin qanuni əsasları və prosedurları Konstitusiyanın 68-ci maddəsi ilə müəyyən edilir. Bu maddəyə görə, Prezident "öz vəzifələrini icra edərkən ağır cinayət" törətdiyi halda impiçment edilə bilər. Bu müddəa yalnız Prezidentin ağır və qeyri-adi bir qanun pozuntusu halında tətbiq oluna bilər və hər hansı bir adi siyasi narazılıq bu prosesin başlaması üçün yetərli deyil. Fransada impiçment prosesi əvvəllər heç vaxt həyata keçirilməyib. Buna görə də belə bir vəziyyətin baş verməsi Fransa siyasi tarixində ciddi bir dönüm nöqtəsi ola bilər. Lakin bu prosesin başlayıb başlamayacağı siyasi güc balansından asılıdır.

Bu baxımdan son sosial sorğular fransızların 57 faizinin Prezidentin istefasını tələb etdiyini ortaya qoyub. Makronun “İntibah” partiyasının tərəfdarları belə, seçkilərdəki məğlubiyyət və Baş nazirin siyasi opponentlərdən biri tərəfindən təyin olunacağı halda, onun ölkəyə rəhbərlik edə bilməyəcəyini iddia edirlər. Bu vəziyyət, Makronun siyasi gələcəyini və Fransa daxilindəki böhranın dərinləşməsini işarə edir. Nəticə etibarilə  onun idarəetmə tərzinin ölkənin iqtisadi və sosial vəziyyətinə yaratdığı problemlər, siyasi müstəvidəki qeyri-sabitliklər və beynəlxalq nüfuzun zədələnməsi bu gün  Makronun yaşadığı siyasi böhranı daha da dərinləşdirir.

Nigar Orucova, “İki sahil”