18 iyul 2024 23:10
307

Paşinyan London görüşündən niyə qaçdı?

Sərhədlərin delimitasiyası, hətta demarkasiyası prosesinin baş­lanması, 1990-cı və 1992-ci illərdə işğal edilmiş Qazax rayonunun dörd kəndinin qaytarılması Azərbaycanla Ermənistan arasındakı anlaşmanın müsbət nəticəsidir. Üstəlik, iki ölkə arasında sülh sazişi sənədində bir çox məsələlərin razılaşdırıldığı da bəyan olunub. Hətta iyulun 10-da Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blin­kenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Er­mənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində keçirilən görüşdə tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması is­tiqamətində əldə olunmuş irəliləyişi vurğu­layaraq, bu istiqamətdə işi davam etdirməyə razılaşıblar. Şübhəsiz, bütün bunlar iki ölkə arasında sülh danışıqlarının davam etdirilməsi üçün mühüm addımlardır. Amma Ermənistanın öz havadarlarına, xüsusilə Fransaya  arxalanaraq müxtəlif bəhanlələrlə sülh danışıqlarından qaçmaqdadır. 

Xəbər verildiyi kimi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulmuşdu. Amma Ermənistan tərəfi bundan imtina edib.

Qeyd edək ki, sammit çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi arasında görüş keçirilib. Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən sülh prosesi ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib. Ermənistanla danışıqlarda sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların sülh prosesində əsas maneə olduğu diqqətə çatdırılıb. Sammit çərçivəsində Birləşmiş Krallığın baş nazirinin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi üçün səy göstərilməsinə görə nazir Ceyhun Bayramov tərəfindən təşəkkür ifadə olunub, məhz Ermənistan tərəfindən imtina səbəbindən bu görüşün baş tutmamasının sülh prosesinə töhfə vermədiyi qeyd edilib.

Göründüyü kimi, rəsmi İrəvan sülhlə bağlı sazişin imzalanmasını da gecikdirir. Nikol Paşinyan görüşdən imtina etməklə Azərbaycanın təkliflərinə cavablarının hazır olmadığını da nümayiş etdirir. Bu fakt bir daha göstərir ki, Ermənistan baş naziri Nikol Paşinyan yenə öz ampluasındadır.

Bu görüşdən Ermənistan Baş naziri Nikol Paşinyanın imtina etməsi barədə rəsmi Bakının yaydığı məlumat İrəvanda təşviş yaradıb.  Elə bu səbəbdən Ermənistan rəsmiləri buna öz xislətlərinə uyğun don geyindirməyə çalışırlar. Məsələn, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan tez-tələsik belə bir iddia səsləndirib ki,  guya Ermənistan tərəfi Böyük Britaniyada Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında ikitərəfli görüşün keçirilməsini təklif edib, lakin Azərbaycan tərəfi bu təklifi rədd edib. O, həmçinin utanıb-qızarmadan bildirib ki, Ermənistan tərəfinin təklifi etibarlıdır. Şübhəsiz, Badalyanın bu iddiası hayların növbəti saxtakarlığından başqa bir şey deyil.    

Siyasətçilərin fikrincə, bu görüş baş tutsaydı, sülh müqaviləsinə böyük töhfə verə bilərdi. Çünki Londan liderlərin bir araya gələcəyi yeni məkan idi. Bu o baxımdan vacibdir ki, London münasibətlərin tənzimlənməsində pozitiv rol oynaya bilər.

Qvami Məhəbbətoğlu, “İki sahil”