18 iyul 2024 12:58
272

“Əkinçi"dən başlanan yol

XIX əsr xalqımızın ictimai-iqtisadi və mədəni həyatında bir çox cəhətdən seçilən əsrdir. Məhz bu əsrdə Azərbaycanda elm, mədəniyyət, ədəbiyyat yeni istiqamətdə inkişaf etməyə başlayır. Azərbaycanda xalq, millət işi uğrunda mübarizəyə qoşulan ziyalılar meydana çıxır. Onlardan biri də Həsən bəy Zərdabidir. Bu böyük ziyalının adı çəkildikdə ilk öncə gözlərimiz qarşısında "Əkinçi" qəzetinin naşiri və redaktoru olan böyük şəxsiyyət canlanır. Çünki Azərbaycanda "Əkinçi"yə qədər mətbu orqanı yox idi.

Odur ki, 1875-ci il iyulun 22-də ilk "Əkinçi"nin sayı çap olunduğu gün milli mətbuatımızın əsası qoyulur. Azərbaycan ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa etdikdən sonra bu tarixi hər il Milli Mətbuat Günü kimi qeyd edirik. Qəzeti nəşr etməkdə Həsən bəyin əsas məqsədi xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq idi. Bunu müəllifin 1906-cı ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsindən aydın görürük. Həsən bəy yazırdı: "Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rǝxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar". Lakin Həsən bəyin bu arzusunun həyata keçirilməsi üçün Azərbaycanda heç bir şərait yox idi.

Özünün dediyi kimi, "qəzetin çıxarılması üçün mətbəə yox, çapçı yox, hürufat yox. pul yox, kitabxana yox, əmələ yox. Bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır". Belə bir mühitdə qəzet çıxarmaq M.F.Axundzadənin dediyi kimi, "dağ çapmaq kimi" bir işə bənzəyirdi. Lakin Həsən bəy buna nail oldu. Belə ki, o vaxt Bakının qubernatoru rus generalı olan Staroselski idi, amma övrəti gürcü qızı idi. Ona görə də qafqazlılara çox hörmət edirdi. Zərdabi bu məqamdan istifadə edərək qəzet barəsində ona müraciət edir, ondan məsləhət istəyir. General ona məsləhət görür ki, qəzetin adını "Əkinçi" qoysun. Guya qəzet əkin və ziraətdən danışacaq özü də boyuna çəkir ki, onda senzorluğu da öz üzərinə götürür. Bu imkandan istifadə edən Həsən bəy ərizə verib qəzetin nəşrinə icazə alır. Ayda iki dəfə 300-400 tirajla nəşr edilən “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalə və digər yazıları dərc olunurdu. 1877-ci ildə Rusiya-Türkiyə müharibəsi başladığı zaman arxa cəbhədə "türk-tatar" dilində qəzetin mövcudluğundan ehtiyat edən Bakı qubernatoru həmin il sentyabrın 29-da “Əkinçi"nin nəşrinə rəsmən qadağa qoyur. Qəzetin ümumilikdə 56 sayı işıq üzü görür. İlk milli mətbu orqanı olan “Əkinçi" qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - iyulun 22-si Azərbaycanda “Mətbuat Günü” kimi qeyd edilir.

A.Məmmədova,
YAP Xətai təşkilatının “Q.Nəbi 6a" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü