19 iyul 2024 00:09
457

İqtisadi tərəqqi, güclü sosial siyasət

Neft gəlirlərinin idarə edilməsində şəffaflığın təmin olunması ölkəmizin hərtərəfli inkişafını şərtləndirən mühüm sosial-iqtisadi layihələrin icrasına yol açır

Dayanıqlı inkişafın əsas tələblərindən biri şəffaflığın təmin olunmasıdır. Şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkənin hərtərəfli inkişafına stimuldur. 2003-cü ildə Dövlət Neft Fondunun vəsaitləri 800 milyon dollar təşkil edirdisə, cari il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 58 000,6 milyon dollar təşkil edib. Ölkə iqtisadiyyatına qoyulan investisiyanın həcmi 310 milyard dollardır ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. 2024-cü il üçün inkişaf tempi 2,6 faiz proqnozlaşdırılır. Valyuta ehtiyatlarımız kifayət qədər çoxdur. Qeyri-neft sektorunun inkişafına geniş imkanlar açan enerji sektorunda da davamlı uğurlara imza atılıb. Son 20 ildən artıq dövrdə  bu sahədə əldə edilən uğurlara  diqqət yetirsək görərik ki, Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edib.  2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəmərlərinin reallığa çevrilməsi, 2017-ci ilin oktyabrında Azərbaycanın tranzit imkanlarının təqdimatında əhəmiyyətli rol oynayan BTQ dəmir yolunun istifadəyə verilməsi,  növbəti illərdə çoxtərəfli əməkdaşlığın formalaşdırılması,  regional çərçivədə başlayan əməkdaşlığın coğrafiyasının genişlənməsi diqqətdən kənarda qalmır. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, əsas seqmentlərindən olan  TANAP istifadəyə verildi. 2020-ci ilin dekabrın 31-də isə Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP istismara verildi. 

Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır.  Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını seçib. 2003-cü ildən yeni keyfiyyətlə davam etdirilən sosial siyasət nəticəsində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkələrdən biri oldu. Azərbaycan həyata keçirilən uğurlu, təkmil sosial-iqtisadi islahatları ilə beynəlxalq aləmdə qazandığı sosial dövlət imicinə yeni əlavələr etdi. İnkişafın Azərbaycan modeli artıq özünü təsdiqləmiş, müsbət təcrübə kimi öyrənilir. «Bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq aləmdə də ən böyük zirvələrə çata bilmişdir.

Yeni idarəçilik təcrübəsi tətbiq edilir

Azərbaycan bütün sahələrdə təcrübəsi ilə nümunə oldu. Tarixi Zəfərimizdən sonra bütün sahələrdə müşahidə edilən yeniliklər, təkmilləşmə  kompleks şəkildə ölkənin hərtərəfli inkişafına xidmət edir. Azərbaycan innovasiyalar ölkəsi kimi qazandığı imicə yeni əlavələr edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri şəhərsalmasının müasir təcrübəsini dünyaya təqdim edir. Bütün işğaldan azad edilmiş ərazilərimiz müasir tələbləri özündə ehtiva edən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə yenidən qurulur, bərpa edilir. Bu torpaqlarda yeni idarəçilik təcrübəsi tətbiq edilir. Prezidentin səlahiyyətli nümayəndələrinin fəaliyyəti işin səmərəliliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST layihələrinin uğurlu icrası, mərkəzlərin sayının artması sosial xidmət sahəsində yeniliklərə yol açır ki, bu da öz növbəsində vətəndaş məmnunluğunun artırılmasını şərtləndirir. Dövlətin siyasətində vətəndaş məmnunluğunun artırılması prioritetdir. Əvvəldə də qeyd etdiyimiz kimi, yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac yarandı. Dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi   yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır.  Yeni reallıqlara uyğun olaraq regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək. Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün işğaldan azad edilən  ərazilərdə layiqli yaşayış təmin edilir, müasir infrastruktur qurulur, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq təmin olunur. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilir.  Bir sözlə, Milli Prioritetlərdə  nəzərdə tutulan  istiqamətlər növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.

Neft Fondunun vəsaitlərinin istiqamətləndirilməsində şəffaflıq

Təbii ki, bu uğurlara yol açan əsas faktor iqtisadiyyatın inkişafında neft amilinə önəm verilməsi oldu. Bu, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli Lider “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışını səsləndirərək bu reallığı da diqqətə çatdırdı ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi bugünkü reallıqlara yol açdı. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi növqeyini daha da möhkəmlndirdi, etibarlı tərəfdaş kimi  nüfuzunu artırdı. Hazırda Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihədən danışmaq mümkün deyil. Ulu Öndər Heydər Əliyev bu çağırışı da səsləndirmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ümummilli Liderin Fərmanı ilə 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin istiqamətləndirilməsində şəffaflığın yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin icrasına yol açır.  ARDNF-in 2024-cü ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatında qeyd edildiyi kimi, cari ilin  iyunun 30-na  Fondun aktivləri 58 000,6 milyon dollar təşkil edib. Fondun aktivləri bu ilin əvvəlinə (56 069,7 milyon dollar) nisbətən 3,4 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə fondun aktivləri (54 915,1 milyon dollar) 5,6 faiz artıb. Bundan başqa, cari ilin yanvar-iyun ayları ərzində ARDNF-in büdcə gəlirləri 1,3 dəfə azalaraq 9 milyard 254,9 milyon manat, büdcə xərcləri isə 2,4 dəfə artaraq 6 milyard 414,4 milyon manat təşkil edib. Bu statistik rəqəm də açıqlanır ki, cari il yanvar-iyun aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 7,1 milyon manat yönəldilib.

Strateji hədəf

Göründüyü kimi, müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda  təhsil  dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib. Son 20 ildən artıq dövrdə  dövlət başçısı İlham Əliyevin  siyasi iradəsinə uyğun olaraq qara qızılın insan kapitalına çevrilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin innovasiyalara, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə böyük həcmli işlər görülüb və davam edir.  Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri təhsilin ən yüksək tələblərə cavab verməsidir: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir.” Dövlətimizin başçısı bu reallığı da diqqətə çatdırır ki, intellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da birbaşa təhsillə bağlıdır. Texnoloji inkişaf hər bir ölkənin gələcəyi üçün həlledici sahədir. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz reallıqlardan biri də dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə edilməsidir. Belə ki, ölkəmizin ötən il 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi bunun bariz nümunəsidir.

Yeganə Əliyeva, “İki sahil”