18 iyul 2024 02:49
399

Xəyanətin Ermənistan zirvəsi

Ermənistan-Rusiya münasibətləri günbəgün kəskinləşməkdədir. Bu da hayların Qərbin, o cümlədən ABŞ-ın şirin vədlərinə aldanaraq xəyanətkar mövqe tutmalarından irəli gəlir.  Hayların xəyanətkarlıqları yalnız bununla bitmir. Belə ki, Ermənistanın 2024-cü il fev­ral ayının 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olması (bu qurumun başlıca hədəfi Rusiyadır), Fransanın “bacı”sına çevrilməsi, mitinqlərdə Rusiya əleyhinə mütəmadi təhqiramiz fikirlərin səsləndirilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasından imtina etməsi bu ölkənin Rusiyaya qarşı sərgilədiyi riyakarlığının nümunələri sırasına əlavə etmək olar. Şübhəsiz, bütün bunlar Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq niyyətində olan Qərbin maraqlarına tamamilə uyğundur. Elə iyulun 15-dən 24-dək ABŞ-la birlikdə keçirilən “EAGLE PARTNER 2024” adlı hərbi təlim  də ermənilərin məhz bu missiyasının tərkib hissələrindən biridir.  Rəsmi məlumata görə, təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi və Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır. Belə təlimlərin daha geniş miqyas alacağı isə şəksizdir.

Onu da qeyd edək ki,  bu, adi təlim deyil. Bu, sabaha hesablanmış növbəti bir xəyanətdir, Rusiyanın Ermənistanda yerləşən hərbi hissəsinə də təhdiddir, onların gələcək varlığını şübhə altına salmaqdır. Həmçinin bu, Rusiyaya qarşı ən böyük sayğısızlıqdır. Bu, həm də Qərbin Cənubi Qafqazda möhkəmləndirilməsi və Ermənistan üzərindən Rusiyaya qarşı ikinci bir cəbhənin açılması deməkdir. Son məlumatlara görə, artıq Amerika ordusunun nümayəndəsinin Ermənistanın Müdafiə Nazirliyində fəaliyyəti  ilə bağlı qərar da qəbul olunub. Şübhəsiz, bu da ABŞ hərbçilərinin Ermənistan Müdafiə Nazirliyinin idarəçiliyini ələ keçirməsi ilə nəticələnəcək.

Bəli, bu gün Ermənistan Qərbin, o cümlədən ABŞ-ın apardığı anti-Rusiya təbliğatının ən fəal iştirakçılarından birincisidir. Bu da hayların tarixi  xislətlərindən irəli gəlir. Axı arxadan zərbə vurmaq hayların qanındadır. Bəlu, bu gün Rusiyanın çətin durumda olduğunu görən, satqınlığı, xəyanətkarlığı ilə tarixdə dərin izlər qoyan Ermənistan onun düşmənlərinə qoşulur və onların niyyətlərinin reallaşmasına canla-başla xidmət edir. Şübhəsiz, bu addımlar Ermənistana yaxşı heç nə vəd etmir.

Halbuki, hayların  bir millət kimi formalaşmasında, dövlət kimi tanınmasında, iqtisadiyyatının  inkişafında, mədəniyyətinin dirçəldilməsində  Rusyanın danılmaz xismətləri olub. Hətta siyasətçilərin fikrincə, əgər Rusiyanın dəstəyi olmasaydı, təcavüzkar ölkə dünya xəritəsindən çoxdan  silinərdi.

Yeri gəlmişkən qeyd edək ki, ermənilər öz torpaqlarında ona yer verən, Azərbaycana da xəyanət ediblər,  havadarlarına arxalanaraq ərazilərimizi 30 il işğal altında saxlayıblar, şəhər və kəndlərimizi viran qoyublar, insanlarımıza qan uddurublar, bir-birinin ardınca soydaşlarımıza qarşı soyqırımları törədiblər.  Bu, bir faktdır ki, həmin illərdə Rusiya Ermənistanı müdafiə edib. Ancaq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti, Ordumuzun qüdrəti və xalqımızın birliyi nəticəsində tarixi ədalət bərpa olunub. Azərbaycan öz torpaqlarını düşməndən azad edib. O günlərdə də Rusiya Ermənistana qahmar çıxıb. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putinin ayaqlarına düşərək ona yalvarıb ki, Azərbaycanı dayandırsın. Nəticədə Ermənistan üçtərəfli Bəyanata, daha doğrusu, təslimçilik aktına qol çəkməklə özünü xilas edib. Amma sonradan Hayastan hansı addımları atıb? Yuxarıda sadaladığımız addımlarla Rusiyaya “təşəkkür”ünü bildiriib, başqa sözlə desək “xəcalətindən çıxmağa” çalışıb. Hətta bir neçə həftə əvvəl keçirilən sorğunun nəticələrinə əsasən, Ermənistanda dost ölkə kimi Rusiya sonuncu yerdədir. Fransa, ABŞ isə dost ölkələr arasında ön sıralarda qərarlaşıb. Halbuki, 2013-cü ildə Ermənistan əhalisinin 82 faizi Rusiyanı dost ölkə hesab edirdi. Bu fakt erməni cəmiyyətinin böyük hissəsində Rusiyaya qarşı nifrət əhval-ruhiyyəsi yaranmasını da bir daha təsdiqləyir. Şübhəsiz, son illər Ermənistanda Rusiyaya qarşı həyata keçirilmiş təbliğatın nəticəsində məhz belə bir mənzərə yaranıb.

Hazırda başı Ukraynaya qarışan rəsmi Moskva belə bir  situasiyada  təmkinli, soyuqqanlı davranmağa çalışır. Yəni, Ermənistanın aqressiv, destruktiv ritorikasını, o cümlədən təhdid və şantajlarına sadəcə müxtəlif səviyyələrdə bəyanatlar verməklə kifayətlənir. Amma proseslərin gedişi, o cümlədən verilən son açıqlamalar göstərir ki, İrəvanla Moskva arasında münasibətlər yaxın zamanda düzəlməyəcək. Bu da faktdır ki, Ermənistanın Rusiyadan qop­ması heç də asan məsələ deyil. Amma hazırda Nikol Paşinyan hakimiyyəti bu adi həqiqəti dərk etmək istəmir. Şübhəsiz, bu da onun Qərbin qucağında məst olması ilə əlaqədardır.

Yeri gəlmişkən qeyd edək ki, konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddiaları olan, son zamanlar müxtəlif bəhanələrlə sülh müqaviləsi mövzusundan uzaqlaşmağa cəhdlər edən Ermənistanın sürətlə silahlanması, hərbi təlimlər keçirməsi digər mətləblərdən, o cümlədən Cənubi Qafqazı qan çanağına döndərmək  istəyindən də xəbər verir. Bu aspektdən çıxış etsək, Ermənistanın qərbyönümlü bütün addımları Cənubi Qafqazda sabitliyə, sülhə ən böyük təhdiddir.

Qvami Məhəbbətoğlu, “İki sahil”