18 iyul 2024 02:18
255

İkili standartlar sağalmaz qərəzli mərəzin acı nəticəsidir

ABŞ və Fransanın insan hüquqlarının müdafiəsi pərdəsi altında «ipə-sapa yatmayan», iradələrinə tabe  olmaq istəməyən  ölkələrə « demokratiya dəyənəyi» ilə verilən «dərslər»  düzəni pozulan dünyamızda daha ağır fəsadlar törədir

Dünya düzənini tarazlamaq, hadisələri tənzimləmək bəhanəsi ilə siyasi masada aktuallığını qoruyan  məsələləri  öz maraqları baxımından  «formalaşdıran» bir çox dövlətlərin, beynəlxalq təşkilatların terrordan da qorxulu ikili standaratlara sadiqliyinin yaratdığı təhlükələr, fəlakətlər artmaqdadır. Yəni, siyasi  müstəvidə  yerini güc amilinə verən beynəlxalq qanunlar qüvvəsini,  mahiyyətini itirməkdədir. Torpaqları 30 il Ermənistanın işğalı altında qalan Azərbaycan  ikili standartlardan ən çox əziyyət çəkən, siyasi, mənəvi, diplomatik təzyiqlərə məruz qalan ölkələrin ilk sırasındadır. Siyasətin dəyişilməz qanunu budur ki, dünyada  təhlükəsizlik və sabitlik olmasa  demokratiyadan, iqtisadi və sosial inkişafdan söhbət belə gedə bilməz.  MDB məkanında, Avropada, Yaxın Şərqdə,  Cənubi Qafqazda davam edən təhlükəli proseslər, pozulan demokratik prinsiplər, güclənən ayrı-seçkiliklər  özünü dünyaya guya  «beynəlxalq siyasətin dəmir qanunu”» kimi qəbul etdirməyə çalışan,  insan hüquqlarının müdafiəsi  pərdəsi altında   «ipə-sapa yatmayan», iradəsinə tabe  olmaq istəməyən  ölkələrə « demokratiya dəyənəyi» ilə dərs verən  Amerika Birləşmiş Ştatlarının  illərdən bəri xüsusilə  Şərqdə, müsəlman ölkələrində  həyata keçirdikləri «təcrübələr» nəticəsində düzəni pozulan dünyanın üzləşdiyi vəziyyət getdikcə daha da  tündləşir.  Birləşmiş  Ştatların səmum yeli kimi  tez-tez dəyişən «siyasi küləyi»nin burulğanı ilə üzləşən,  iqtisadi inkişafı,  müəllifi olduğu enerji, nəqliyyat layihələrini reallaşdırmaqla dünyada mövqeyi möhkəmlənən, diplomatik səyləri dəstəklənən, humanizmə sadiqliyi ilə maraq doğuran Cənubi Qafqazın lider dövləti Azərbaycan bütün təzyiqlərə, ədalətsizliyə bölgədə yaratdığı yeni reallıqlarla cavab verir. İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdıran ölkəmizə qarşı qısqanclığını  qərəzli yanaşmaları ilə bildirən, Ermənistanı silahlandıran, təxribatlara şirnikləndirən, sülh müqaviləsinin imzalanmasına hər vasitə ilə əngəl törədən  Fransa kimi, ABŞ Administrasiyası da  Cənubi Qafqazda  sabitliyin yaranmasını məcazlarına uyğun hesab etmirlər.

Artıq arxivin zibilliyində çürüyən «Dağlıq Qarabağın işğalı» bəhanəsi,  «Ermənistana qarşı blokadanın  dayandırılması» yalanı ilə   hazırlanan   «Azadlığı Müdafiə Aktı»nın 907-ci  bəndinə düzəlişlə başlayan ölkəmizə qarşı  ikili standartların bu gün də davam etməsi Birləşmiş Ştatların sağalmaz qərəzli mərəzinin acı nəticəsidir.
«Demokratiyaya doğru irəliləyən və insan hüquqlarının müdafiəsi təsisatlarını inkişaf etdirən hər bir ölkə bizim dostumuzdur və biz onları həmişə dəstəkləyirik» kimi saxta çağırışları antidemokratik  hərəkətləri ilə əvəzləyən, təqaüdə göndərilən  Minsk qrupu tərkibindəki   Ermənistana dəstək missiyası iflasa uğrasa da başqa yollarla təcavüzkara köməyini davam etdirən  ABŞ, Fransa  30 il davam edən    «Dağlıq Qarabağ münaqişə»sini öz gücü, ədaləti  ilə həll edən  Azərbaycanın uğurlarından kədərlənən ilk dövlətlər olduqlarını  Vətən müharibəsindən sonra da  açıq-aşkar bildirirlər. Bu baxımdan Ağ Evin ölkəmizə münasibətini açıqlamaları ilə bildirən    ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Konqresin  Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Azərbaycanla bağlı  səsləndirdiyi birtərəfli və qərəzli fikirlərə nə təəccübləndik , nə də təəssüfləndik.  Çünki siyasi korluğa, karlığa məhkum Fransa , Almaniya  kimi, ABŞ da     ağ rəngi  görməyib   qaranı seçməkdə mahirdir.   Güya  separatizmə qarşı mübarizəyə həsr olunmuş müxtəlif səviyyəli görüşlərdə Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı  Gürcüstanın, Dnestryanın Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ  kimi  Avropa İttifaqı da  Azərbaycanın torpaqlarının 30 il Ermənistanın işğalı altında qalması ilə bağlı  münasibət  belə bildirmədilər. Əksinə, Ermənistanın maraqlarına cavab verən  qətnamələrin qəbulunda  səxavətlərini əsirgəmədilər.

 ABŞ-da keçirilən, guya  demokratiyanın təbliğinə  xidmət edən «Demokratiya sammit»lərini yada salaq. «Freedom House”» təşkilatı tərəfindən müəyyən edilmiş  insan hüquqlarının qorunması meyarları üzrə təsnifatda «qeyri-kafi» qiymət alan dövlətlərin  üzdəniraq sammitlərə dəvət  olunması, terrorçu Ermənistanın «demokratiya mayakı» kimi təqdim edilməsi əsl amerikasayaq demokratiyadır. Çox təəssüf ki,  ABŞ rəsmiləri hələ də   1992-ci ildə  erməni faşistlərinin törətdikləri Xocalı dəhşətlərini xatırlamaq istəmirlər. İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfərə, ötən ilin sentyabrında  Qarabağda aparılan antitterror əməliyyatına Ermənistanla birlikdə kədərlənən  ABŞ , Fransa rəsmi  İrəvana  beynəlxalq hüquqa uyğun davranması ilə bağlı çağırış etmədilər.  Əksinə, işğalçını silahlandırmaqla Cənubi Qafqazda yeni müharibə ocağı yaratmağa çalışan Ağ Evlə Yelisey Sarayı  başçıları aktivləşərək  ikili standartlar siyasətləri ilə  sabitliyə ciddi zərər vurur. Zəngəzur dəhlizinə nəzarət  üçün canfəşanlıq edən, regiondan uzaqda yerləşən  bu cütlüyün  Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına göstərdikləri əngəllər hazır aşa su qatmaq məsəlidir. İkinci Qarabağ müharibəsindən sonra Rusiya-Azərbaycan-Ermənistan arasında imzalanan Bəyannamədə  regiondan uzaqda yerləşən bu dövlətlərin  adlarının çəkilməməsi o deməkdir ki, Cənubi Qafqazda  «erməni xislətli dostlara» ehtiyac yoxdur və bu regiona  kənar müdaxilələr yersizdir.

Amma ABŞ rəsmiləri  unutmamalıdırlar ki,  Birləşmiş Ştatlar üçün  gərəkli olan vacib məqamlarda,  hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla okeanın o tayına yardım əlini uzadan, Əfqanıstanda Pentaqon əsgərləri ilə  çiyin-çiyinə mübarizə aparan ilk və Kabili tərk edən sonuncu tərəfdaş ölkə Azərbaycan oldu.  Belə ki, noyabrda  keçiriləcək  prezident seçkilərində  erməni lobbisinin dəstəyinə arxalanaraq demokratik ölkə imicinə zərbə vuran ABŞ-ın, Avropanın beynəlxalq təşkilatlarının   qərəzli erməni sevgisi  hamıdan çox buxovsuz  yaşaya bilməyən,  protektoratlığa alışmış,  dünyada «qulpsuz çamadan» kimi tanınan  Ermənistana zərbə olacaq.   ABŞ-ın  Dövlət katibi  Antoni  Blinken  sözdə  tərəflər arasında sülh sazişinin imzalanmasına Ağ Evin razılığını ifadə etsə də  əsl məqsədlərini rəsmi İrəvana hərbi dəstəkləri ilə bildirirlər. ABŞ Dövlət Departameti nümayəndələrinn   hələ də  «Dağlıq Qarabağ xalqının» hüquqları”ndan danışmaları,  Ermənistanda birgə  hərbi təlimlərə başlanılması, Qarabağdakı hərbi xuntanı leqallaşdırmaq cəhdləriı səmimiyyətdən qaynaqlanmır. Ermənistanı Cənubi Qafqaz siyasətlərində alət edən  ABŞ və Fransa bilməlidirlər ki, riyakar siyasət heç vaxt, heç kimə  xeyir vermədiyi kimi Ermənistanı daha da rəzil duruma düşürəcək.  Ukraynanı qızışdıraraq Rusiya ilə müharibəyə sövq edən və silah-sursat təchizatı ilə manipulyasiya edərək  tamamilə özündən asılı vəziyyətə salan ABŞ bu gün faktiki olaraq rəsmi Kiyevi qurban verir. On minlərlə ukraynalının ölümündən, şəhər və kəndlərin yer üzündən silinməsindən , ölkənin az qala 25 faizinin işğalından sonra ABŞ-ın   Ukraynanı ərazi işğalı ilə barışmağa məcbur etməsi başa düşülən deyil. Kiyevə dəstək göstərənlər hər gün həyatlarını itirən fələstinlilərin teleyi ilə maraqlanmırlar.

 Son zamanlarda  ABŞ-ın, Avropa İttifaqının  Gürcüstanda «Xarici agentlər haqqında»  qanunun qəbulu ilə bağlı   siyasətlərində öz maraqlarına uyğun «redəktələr» etmələri,  yardımları dayandırmaları, başqa sözlə cəzalandırmaları Cənubi Qafqazda  sabitliyin pozulmasına yönələn  ikili standartların  təzahürüdür. Amma tarixən  tiranların belə bu bölgə ilə bağlı xəyalları heç vaxt gerçəkləşməyib.   Prezident İlham Əliyevin Cənub Qafqazın gələcəyi ilə bağlı   sözlərini də ABŞ Dövlət Departamentində, Yelisey Sarayında   unutmasınlar: « Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!»

 Məlum olduğu  kimi, dünən  Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə   Bakıda birinci Qurultay işinə başlayıb. İki gün davam edəcək qurultayda   müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa müstəmləkəçiliyinə qalib gəlmək üçün nəticəyönümlü fəaliyyətin əlaqələndirilməsinin yolları müzakirə ediləcək.  Frasanın neokolonializm siyasətindən əziyyət çəkənlərin öz müqəddəratını təyin etmək mübarizəsində ən səmərəli təcrübə və strategiyalar barədə təklifləri dinləniləcək, müzakirələr aparılacaq. Qurultay koloniyalarda Fransa hökuməti tərəfindən bu ərazilərin sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan müstəmləkəçilik probleminə diqqət çəkməyə töhfə verəcək. Qurultayın ilk günüdə  Fransanın müstəmləkəçilik  siyasətinə etiraz edən  Yeni Kaledoniyanın parlament üzvü Maria Saliqa, Yeni Kaledoniya Partiyasının üzvü İzabella Kaloi, FransaYeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep kimi başqaları da neokolonializm siyasətinin, ikili standartların, irqi ayrı-seçkiliyin yolverilməz olduğunu bildirən Prezident İlham Əliyevlə həmrəyliklərini müxtəlif dillərdə səsləndirdilər: «ENOUGH!», «ASSEZ!»

Xuraman İsmayılqızı, «İki sahil»