18 iyul 2024 01:56
269

COP29: Qlobal gündəmin əsas mövzusu

İqlim dəyişikliyi ilə bağlı problemlərdən yayına bilmərik

Azərbaycan indiyədək müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib və özünün yüksək standartlarını müəyyənləşdirib. Bu baxımdan COP29-un da uğurla keçəcəyinə heç bir şübhə yoxdur. Hazırda respublikamızda iqlim konfransına intensiv hazırlıqlar görülür. 

17 iyul tarixində COP29-un prezidenti Muxtar Babayev COP iştirakçılarına məktun ünvanlayıb. Beynəlxalq ictimaiyyətə ünvanlanan bu məktub illik iqlim sammitinin planlarını və gözləntilərini əks etdirir. Məktubda deyilir ki, beynəlxalq şəraitdə artan geosiyasi gərginlik və qeyri-müəyyənlik bizi iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq və onun həlli imperativindən yayındırmamalıdır. COP29 Paris sazişi və iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyət üçün lakmus kağızı olacaq.

Muxtar Babayev əsas prinsipləri vurğulayıb, yeni iqlim hədəflərinin ambisiyalarını artırmaq üçün nəzərdə tutulan fəaliyyətlərdən bəhs edib: “COP29 sədrliyi üzrə məsləhətləşmələrimiz ərzində biz iki paralel bəndə əsaslanan baxışımızı təqdim etdik. Ambisiyaların artırılması və fəaliyyət üçün şəraitin yaradılması, eləcə də iqlimin maliyyələşdirilməsi bizim əsas prioritetimizdir. Bu bəndlər bir-birini gücləndirir. Əsas mandatların və fəaliyyətlərin uğurla həyata keçirilməsi etimadın, həmrəyliyin və impulsun möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcək”.

BMT-nin Avropa İqtisadi Komissiyası və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionları Qərbi Balkanlarda, Mərkəzi Asiyada, Qafqazda, Şərqi və Cənub–Şərqi Avropada qabaqcıl mərhələdə yaxşı işlənmiş “təmiz enerji” layihələrinin icrasına başlayıblar.

Bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının rəsmi saytındakı məlumatda bildirilib. Qeyd edilib ki, layihələr qarşıdan gələn maliyyə forumunda dövlət və özəl investorlara təqdim olunacaq və Bakıda keçiriləcək COP29-da nümayiş etdiriləcək. Qurumun seçilmiş layihələri əvvəlcə 2024-cü il oktyabrın 9-da Hamburqda keçiriləcək III Avropa Regional Maliyyə Forumunda təqdim olunacaq. Yeri gəlmişkən, forumun məqsədi dayanıqlı enerjiyə keçidə xüsusi diqqət yetirməklə dövlət və özəl sektorun maliyyəçiləri və layihə tərtibatçıları arasında əməkdaşlığı gücləndirməkdir. Bu tədbirlə sənaye liderləri, regional inkişaf üzrə maliyyə institutları, kommersiya kreditorları, suveren fondları, özəl kapital təminatçıları və xeyriyyəçilər bir araya gələcək.

Maliyyəni enerji keçidində mühüm amil kimi dəyərləndirən məqalə müəllifi yazır ki, kapitalı səfərbər etmək üçün çoxsaylı iqlim layihələrinin təşviqi vacibdir: “Bunun üçün siyasətçilər, maliyyəçilər, layihə tərtibatçıları və texniki yardım təminatçıları arasında daha səmərəli ekosistemlər və əməkdaşlıq lazımdır. Bu geniş regiondan COP28 üçün seçilmiş prioritet layihələrin 4-ü, orta hesabla, təxminən, 55 faiz qismən maliyyələşib, – deyə məlumatda vurğulanıb.

Azərbaycanın ev sahibliyi və sədrliyi ilə baş tutacaq konfransdan gözləntilərə gəlincə, əvvəlki dövrlərin vahid yanaşmalarından fərqli olaraq, rəsmi Bakı ənənəvi dəyərlərə sadiq qalmaqla özünün konsepsiyasını formalaşdıra bilib. Prezident İlham Əliyevin Astanada "ŞƏT plyus" formatında görüşdə çıxışında da ifadə etdiyi kimi, Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Bununla yanaşı, COP29 Azərbaycanda "yaşıl energetika"nın inkişafında əsas rol oynayacaq. Həçminin COP29-un keçirilməsi Azərbaycanın davamlı və ekoloji cəhətdən təmiz gələcəyinə doğru mühüm addım olacaq.

"Yaşıl enerji" keçidinin ölkəmiz üçün prioritet məsələ olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir".

Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir.

Bu ilin birinci yarısında Azərbaycanda 13 milyon 557,4 kilovat-saat elektrik enerjisi istehsal olunub. Hesabat dövründə külək elektrik stansiyalarında 29,7 milyon kilovat-saat, günəş elektrik stansiyalarında isə 286,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Beləliklə, “yaşıl enerji” mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1 milyon 81,7 kilovat-saat) nisbətən iki dəfəyə yaxın artaraq 2 milyon 32,4 milyon kilovat-saata çatıb. Günəş enerjisi istehsalını isə ölkəmiz üçün rekord göstərici hesab etmək olar. Belə ki, yanvar–iyun aylarında günəş enerjisi istehsalının həcmi əvvəlki 32,3 milyon kilovat-saat göstəricini 9 dəfə üstələyib.

Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmizin ümumilikdə “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilə bilər. Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Yaxın illərdə burada hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq ki, bu da yaşıl enerjiyə keçid prosesinə böyük töhfədir.

Nigar Orucova, “İki sahil”