17 iyul 2024 11:18
286

Bu bağlantı böyük sərvətdir

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra  bu əlaqələrin yeni istiqamətlər üzrə inkişafı diqqətdən kənarda qalmır. Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyi ona yeni dostlar, tərəfdaşlar qazandırmaqla yanaşı, mövcud əlaqələrinin daha da möhkəmlənməsində stimulverici amildir. Bu gün dünya Azərbaycan-Türkiyə ilə bərabər Azərbaycan-Pakistan əlaqələrinin də fonunda dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın nümunəsini görür.

Dövlət başçısı İlham Əliyevin bu günlərdə Pakistana dövlət səfəri dünya mətbuatında əsas müzakirə edilən mövzular sırasında oldu. Cənab İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirdiyi çağırışlar, iki dost ölkənin münasibətlərinin gələcək inkişafı ilə bağlı  atılan addımlar geniş müzakirə edilir.  Reallıq budur ki, bu gün dünyada Azərbaycana ən yaxın dost olan ölkələrdən biri    Pakistandır.  İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

Pakistan Azərbaycanın  müstəqilliyini ilk tanıyan  dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə  qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ildə  Pakistanın Bakıda, 1997-ci ildə  Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb.

Dövlət başçısı İlham Əliyev sözügedən səfərində “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır” söyləyərək münasibətlərimizin dünəni, bu günü və perspektivləri barədə aydın təsəvvür yaratdı. Bu fikirlərin davamı olaraq belə bir məqamı da xüsusi vurğuladı ki, Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik.  Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir: “Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik.”

Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci ildə  Pakistana rəsmi səfəri, eləcə də 2017-ci ildə  İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib. Pakistan İslam Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və dost ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Azərbaycan-Pakistan əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə verib. 2015-ci ildə Pakistan İslam Respublikasının keçmiş  Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayıb.

   Keçilən yola qısa baxış əsasında bu reallıq bir daha öz təsdiqini tapır ki, münasibətlərin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. Hər bir səfər bu əlaqələrdə yeni dövrün başlanğıcıdır. Günün əsas məsələləri ətrafında geniş fikir mübadiləsinin aparılması, ümumi mövqenin ortaya qoyulması, əlaqələrin yeni istiqamətlər üzrə inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması və sair kimi mühüm addımlar əməkdaşlığın növbəti mərhələdə uğurlu inkişafının mənzərəsini təqdim edir. Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edən dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə geniş tərkibdə görüşlər keçirdi və qarşıdakı dövrün hədəfləri açıqlandı. Səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15  sənəd imzalandı. Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.

Qeyd etdiyimiz kimi, Azərbaycan və Pakistan arasında əməkdaşlıqda dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci ildə Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır.

 İkitərəfli münasibətlərimizin gündəliyi genişdir. Dövlət başçısı İlham Əliyevin sözügedən dövlət səfərində  ticarət və sərmayə, enerji, müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələləri geniş müzakirə edildi. Təbii ki, mövqe birliyi hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas verir. Mətbuata bəyanatında hədəfləri açıqlayan Prezident İlham Əliyev bildirdi ki, bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi