17 iyul 2024 00:24
269

“Milli Şura”nın  köhnəlmiş “boykot” taktikasının pərdəarxası...

Radikal müxalifət düşərgəsində təmsil olunan marginalların seçkilərlə bağlı mürtəce çağırışları təsdüfi bir kampaniyaçılıq yox, ölkəmizin əleyhinə aparılan planlı və sistemli bir işin təzühürüdür

Radikal müxalifət düşərgəsinin əsas təmsilçilərindən olan AXCP-nin 1 sentyabr növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanıtının ardınca antimilli düşərgədə yer alan “Milli Şura”adlı amorf qurum da seçkilərlə bağlı özünün “bəyanat”ını yaydı. Tamamilə ədalətsiz, əsassız iddia və ittihamlarla dolu, qərəzin, dar təfəkkürün, mənasızlığın  göstəricisi olan bu “bəyanata” diqqət yetirdikdə onun AXCP nin “bəyanatı” ilə eyniyyət təşkil etdiyi nəticəsini çıxarmaqda heç də çətinlik çəkmirik.

 Təbii ki, nəzərimizdən qaçmayan bu eyniyyət məsələsini təsadüfən qabartmadıq. Belə ki eyni sonluqla bitən bu bəyanatların hər ikisi mürtəce xarakterlidir. AXCP kimi “Milli Şura”da bütün əndazələri aşaraq vətəndaşları seçkilərə qatılmamağa, bu siyasi kampaniyanı boykot etməyə çağırır. Həm də beynəlxalq təşkilatları “seçkilərə adekvat münasibət bildirməyə və layiq olduğu qiyməti verməyə səsləyir”.

Əvvəla, onu demək lazımdır ki, “cəbhəçi” və “milli şuraçı” boykotçuların bu irrasional, qərəzli və subyektiv çağırışlarının heç bir əsası yoxdur. İkincisi, radikal müxalifət düşərgəsində təmsil olunan antimilli ünsürlərin seçkilərlə bağlı bu çağırışları təsdüfi bir kampaniyaçılıq yox, ölkəmizin əleyhinə aparılan planlı və sistemli bir işin təzühürüdür.

Digər bir məsələ də ondan ibarətdir ki, açıq-aşkar görünür ki, cılız ambisiyalarla, böhtanla dolu bu gərəksiz söz yığınları eyni qərəzli və xain əllərin tutduğu qələmlə, “süslənib”. Bütün bunlar öz yerində. Təbii ki, hər hansı partiyanın, qurumun seçkilərdə iştirak etməsi  və ya etməməsi onun konstitusion hüququdur. Ancaq məsələnin əsas tərəfi ondan ibarətdir ki, bütün ölkələrdə gücünə, sosial bazasına, potensialına və resurslarına güvənən hər bir siyasi qurum seçkilərdə iştirak edərək bu siyasi yarışda qələbə qazanmaq bütün qüvvələrini səfərbər edir, ciddi səylər göstərirlər.

Siyasi partiya nədir?  Siyasi partiya öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilatdır. Bu siyasi təşkilatların əsas vəzifə və məqsədlərindən biri, bəlkə də birincisi seçki prosesində iştirak etmək, siyasi platformasını açıqlamaq, təbliğ etmək, sağlam sivil mübarizə aparmaqdır. Yəqin ki, AXCP-nin sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli kimi özündən razı “siyasətbazlar” yaxşı bilirlər ki, siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi seçkilərdir. Belə olan halda, görəsən bu cütlük niyə seçkilərdə iştirak etməkdən imtina edir? Cavab sadədir. Uzun illərdən bəri cəmiyyətdən özlərini təcrid edərək marginallaşan, zaman-zaman siyasi dialoqu inkar edən, sağlam rəqabətə gücü çatmayan bu pozucu dəstənin “başbilənləri” özləri də yaxşı bilirlər ki, onların sağlam siyasi mühitdə fəaliyyət göstərmək üçün bacarığı, imkanı qabiliyyəti yoxdur.  

Bu mənada tərəddüdsüz demək olar ki, şüurun, təfəkkürün, mənəviyyatın kirlənməsi ölkəmizdəki radikal müxalifətin sağalmaz xəstəliyidir. Başda Əli Kərimli, Cəmil Həsənli kimilər olmaqla radikal müxalifət təmsilçiləri otuz ilə yaxın bir müddətdə yoluxduqları pozuculuğu, inkarçılığı, hər şeyi qara rəngdə görmək mərəzini cəmiyyətə bulaşdırmaq istəsələr də heç nəyə  nail ola bilmirlər. Gerçəklik budur ki, ictimaiyyətimiz xaricdən alınan qrantların sayəsində sosial şəbəkə seqmentlərində siyasi demoqogiya, ucuz populizmlə məşğul olan bu qaragüruhçuların boş cəfəngiyyatlarına nəinki əhəmiyyət vermir, hətta ikrah hissi ilə qarşılayır. 

Zahid Rza, “İki sahil”