17 iyul 2024 01:50
223

Rəsmi Parisin aqressiv davranışı: İndi də evsiz miqrantlara qarşı

Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin  ən ağır təzahürüdür. Sirr deyil ki, neokolonializmin ən bariz nümunəsi də Fransanın timsalında təzahür edir. Belə ki, Fransanın Əlcəzairdə, Polineziyada, Korsikada, Melaneziyada törətdiyi soyqırımı aktları, Afrika, Cənub Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkənin işğal edilməsi və insanların kütləvi şəkildə qətlə yetirilməsi, şəhər və kəndlərin xarabazarlığa çevrilməsi Fransanın dövlət siyasətinin əsası olub. Təkcə Əlcəzair Fransa müstəmləkəçiliyinə qarşı yüz ildən artıq döyüşüb. Əlcəzairdə bir milyondan çox insanın etnik təmizlənməyə məruz qalması, qətlə yetirilməsi, bu ölkədə nüvə silahlarının sınaqlarının keçirilməsi üçün ərazilərin çirkləndirilməsi və beş milyondan artıq minanın basdırılması məhz rəsmi Parisin bəşəri cinayətləridir. Həmin basdırılan minaların xəritəsi bu gün də Əlcəzair hökumətinə təqdim edilməyib. Baxmayaraq ki, Əlcəzair 60 ildən artıqdır ki, rəsmi Parisin müstəmləkəsindən azad olub.

Son vaxtlar Əlcəzairlə Yeni Kaledoniya tarixində oxşar cəhətləri müqayisə edirlər. Belə ki, Yeni Kaledoniyanın azadlıq mücadiləsinə qarşı rəsmi Parisin aqressiv davranışı Əlcəzairdə törətdiyi qırğınlara bənzədilir.

Yeni Kaledoniya adası uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkir. Sahəsi 19 min kvadratkilometr olan ərazi Sakit okeanın cənub-qərb hissəsində adalardan ibarətdir. 268 min nəfərdən çox əhalisi olan ada 1853-cü ildən Fransanın müstəmləkəsi altındadır. Fransa digər ərazilərdə olduğu kimi, burada da insanların azadlıq çağırışına məhəl qoymur, onların haqlarını kobud şəkildə tapdalayır.

Bu gün siyasi nufuzunu və hörmətini tamamilə itirmiş Makron təkcə xaricdə deyil, daxildə də ciddi problemlərlə üzləşib. Məsələn, iyulun sonlarında başlayacaq planetin ən böyük beynəlxalq idman yarışlarına –2024 Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Paris, sadəcə, daxili siyasi gərginliyi aradan qaldırmağın deyil, həmçinin müvafiq strukturları bu oyunlara hazırlamağın narahatçılığını yaşayır. Fransa hökuməti evsiz miqrantlara qarşı çox sərt və amansız davranış sərgiləyir. Hökumət mümkün ehtimalı qabaqlayıcı tədbir kimi miqrantları paytaxtdan bölgələrə təxliyə etmək qərarına gəlib. Ölkənin digər böyük şəhərlərinin merləri Makron hökumətini Olimpiya Oyunları səbəbindən paytaxtı miqrantlardan “təmizləməkdə”, regionları isə “çirkləndirməkdə” ittiham edirlər. Aparıcı xarici medialar mövzuya geniş yer verməkdədir.

“The New York Times” yazır ki, Fransa hakimiyyəti Yay Olimpiya Oyunları ərəfəsində 5 minə yaxın evsiz miqrantı Parisdən qovub. Hökumət evsiz insanların xüsusi olaraq qarşıdan gələn Olimpiadaya görə Paris küçələrindən qovulmasını inkar edir və bunların hamısının könüllü köçürmə proqramının bir hissəsi olduğunu deyir. NYT isə əldə etdiyi elektron poçt məktubuna istinad edir. Burada deyilir ki, evsiz miqrantların köçürülməsində məqsəd Olimpiya obyektlərinin yaxınlığındakı ərazilərdə küçələrdə olan insanları dəqiq müəyyən etməkdir. Qeyd olunur ki, Parisdə Olimpiya kəndi minlərlə insanın küçə düşərgələrində və ya tərk edilmiş binalarda yaşadığı ən kasıb şəhərətrafı qəsəbələrdən birində yaradılıb. Qəzetin məlumatına görə, Parisdə və onun ətraflarında 100 minə yaxın evsiz yaşayır.

Miqrantlar da hakimiyyətin hərəkətlərini birbaşa Olimpiya Oyunlarına hazırlıqla əlaqələndirirlər. Olimpiya kəndi yaxınlığında tərk edilmiş sement zavodundan qovulmuş Çaddan olan Məhəmməd İbrahim jurnalistlərlə söhbətində deyib ki, boş bir binaya köçüb, lakin sonra polis məmurları onu digər evsizlərlə birlikdə avtobusa mindirərək ərazidən uzaqlaşdırıb.

Mərkəzi Afrika Respublikasından olan Omar Alamin isə bildirib ki, onları təsadüfən hara gəldi aparırlar. Onun sözlərinə görə, köçməyə razılıq verməkdən başqa seçimləri qalmayıb. Əks halda, polis zor tətbiq edir: "Polislər gəlib bizi mühasirəyə aldılar".

Bu arada “France24” xatırladıb ki, Paris əsas etibarilə Afrika, Cənubi Asiya və Yaxın Şərqdən gələn və sığınacaq almaq istəyən miqrantlar üçün cəlbedici görünsə də, hakimiyyət bu ənənəyə son qoymaq barədə düşünür. Hökumət mühacirlərlə bağlı atdığı addımların Olimpiya Oyunları ilə əlaqəli olmadığını bildirsə də, buna inananlar azdır. Əslində, əyalət şəhərlərinin merləri də bu qənaəti paylaşırlar.

İlkin məlumata görə, Olimpiya Oyunlarına tamaşa etmək üçün 15 milyon turistin gələcəyi gözlənilir. Həmin günlərdə Parisdə sürücü çatışmazlığı, metroda gecikmələr səbəbindən ictimai nəqliyyatda ciddi tıxacların yaranacağı gözlənilir. Bütün bu problemlərin qarşısını almaq üçün hökumətin hansı tədbirləri görəcəyi məlum deyil.

Beləliklə, Yay Olimpiadası ərəfəsində Makron hakimiyyətinin çox ciddi sınaqlarla üzləşəcəyini indidən söyləmək olar. Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Nigar Orucova, “İki sahil”