17 iyul 2024 01:29
244

Kölgələr yox olur

Xəbər verildiyi kimi, iyulun 15-də Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Şübhəsiz, bu, mühüm addımdır.

Səfirliyimizin fəaliyyətinin bərpa edilməsini   İranın  yeni seçilmiş prezidenti Məsud Pezeşkianinin ilk xarici siyasət uğurlarından biri kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, seçki təbliğatları dönəmində onun  əsas vurğuladığı məsələlərdən biri bu idi: “Biz qonşu ölkələrlə münasibətlərimizi yaxşılaşdırmalıyıq”.  Bu isə o deməkdir, İran  ölkəmizlə münasibətlərin normallaşmasında maraqlıdır. Şübhəsiz, artıq İran anlayır ki, region ölkəsi ilə sərt konfrantasiya onun özünə zərər verir. Digər tərəfdən, Ermənistanın əli ilə NATO qüvvələrinin onun sərhədlərinə yerləşdirilməsi bu ölkəyə yaxşı heç nə vəd etmir. Bəli, həm də anlayır ki, bölgədə yeni reallıqlar yaratmış Azərbaycan öz düşünülmüş siyasəti ilə yalnız özünə deyil,  həm də qonşu dövlətlərə əmin-amanlıq bəxş etmək məqsədilə çətin mübarizələrə sinə gərir.

Prezident İlham Əliyev İranla dostluq münasibətlərinə həmişə yüksək qiymət verib. Belə ki, rəsmi Bakı heç bir zaman anti-İran proseslərinə qoşulmayıb. Hər zaman bu ölkənin  suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşıb.  Yeri gəlmişkən qeyd edək ki, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının konturları Prezident İlham Əliyev və İranın mərhum prezidenti Seyid İbrahim Rəisi ilə bu ilin may ayında sərhəddə keçirilən görüşdə  cızılmışdı.  Hətta həmin görüşdəki çıxışında dövlət başçımız bildirmişdi ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir: “Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq”. 

İyulun 9-da  İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevlə telefon danışığında ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdi. Eyni zamanda söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunmuşdu. Bu mənada Azərbaycanın İrandakı səfirliyinin yeni ünvanda fəaliyyətini davam etdirməsi  ilə iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açıldı  desək, səhv etmərik. Şübhəsiz, Azərbaycan və İran arasında münasibətlərin normallaşması və diplomatik əlaqələrin yenidən lazımi səviyyəyə gətirilməsi bölgənin sabitlik və əməkdaşlıq ruhu baxımından çox vacibdir. Bu, həm də İran-Azərbaycan münasibətlərinin arzuolunan  səviyyəyə çata biləcəyindən xəbər verir. Elə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumat da belə nikbin notlara köklənib: “Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icrası işinə töhfə verəcək.”

Amma bu hadisə Ermənistanda çox qısqanclıqla qarşılanıb. Hətta erməni ekspert Armen Petrosyan yerli mediaya açıqlamasında bu olayı haylara  məxsus  şəkildə hallandıraraq bildirib ki,  Azərbaycan və Türkiyənin məqsədi müxtəlif üsullardan istifadə edərək, İranı həssas, o cümlədən Ermənistan məsələsində öz tərəfinə çəkməkdir. Petrosyanın fikrincə, səfirliyin işini bərpa etməsi vaxtına diqqət etmək lazımdır: İran-Azərbaycan münasibətləri yumşalıb, üstəlik, İran cəmiyyətində Azərbaycana qarşı münasibət də xeyli dəyişib. Seyid İbrahim Rəisi ilə sərhəd görüşündən sonra başlayan yaxınlaşmanın, xüsusilə Məsud Pezeşkianın prezident seçilməsindən sonra sürətlənməsinə diqqət çəkən erməni ekspert hesab edir ki, Azərbaycan və Türkiyə yeni prezidentə “özününkü kimi” baxır:
“Məsud Pezeşkianının etnik azərbaycanlı olması Azərbaycan və Türkiyənin İranla münasibətləri dərinləşdirməsinə marağını gücləndirir”. O, həmçinin iddia edib ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində İranın mövqeyini yumşaltmağa, onun yanaşmasını dəyişməyə çalışır.    

Təəssüf ki, İranın bəzi siyasətçiləri də belələrinə züy tutmaqdadırlar. Məsələn, İranın Ermənistandakı səfiri Mehdi Sobhani ölkəsinin rəsmilərinin fikirlərinə zidd iddialarla çıxış etməklə Azərbaycana qarşı qərəzli açıqlamalarını  davam etdirir. Güman etmək olar ki, İranın bu kimi  gedişləri bu “müsəlman”ın  mübtəla olduğu ermənipərəstlik xəstəliyindən qurtulamasına da vəsilə olacaq.

Xatırladaq ki, 27 yanvar 2023-cü il Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olmuşdu. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirmişdi. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı  - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanmışdılar. Bu insidentdən sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini dayandırmışdı.

 Həmçinin Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin bir il ərzində məhkəməsi keçirilib. İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”