17 iyul 2024 01:09
241

Regional güc birliyini şərtləndirən əməkdaşlıq mexanizmi - ŞƏRH

Yüksələn xətlə inkişaf edən Azərbaycan -Pakistan münasibətləri  bu mexanizmin aparıcı qüvvəsidir

Türkiyədən sonra respublikamızın  müstəqilliyini tanıyan Pakistanın Azərbaycanla dostluğu illərin sınağından çıxaraq bərkiyib, inkişaf edərək  strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, müzakirə olunan məsələlərə eyni mövqedən münasibət bildirirlər.  Nyu-Yorkda keçirilmiş BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər üzrə üzvlüyünə seçkilərdə Azərbaycan Respublikasının namizədliyi, 2023-cü il yanvarın 24-də Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə İƏT-in Turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüs,  BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən də dəstəklənib.  Bu etimadın qarşılığı Azərbaycanın  Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verməsidir. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini müsbət dəyərləndirərək dəstəkləyir.

Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının son iki Sammitində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb. Bundan əlavə, ötən ilin iyununda Pakistanın Baş naziri Azərbaycanda səfərdə olub.

İki ölkə arasında  əməkdaşlığın yaddaqalan nümunəsi

Astanada «ŞƏT plyus»” Zirvə görüşü çərçivəsində   Türiyə və Azərbaycan prezidentləri  Rəcəb Tayyib Ərdoğan,  İlham Əliyev, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüş oldu. İslam həmrəyliyinin nümunəsi olan  Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi və həmin görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir. Görüşdə, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, «Üç qardaş»” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması, birgə təlimlərin  mütəmadi qaydada keçirilməsi təklifinin  dəstəklənməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi təklifinin  gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyinə əminlik yaradır.

 Qardaş ölkə ilə münasibətlərimizin sarsılmazlığını «Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib ... Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”» sözləri ilə ifadə edən Prezident İlham Əliyevlə həmrəyliyini «Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik» ifadəsi ilə bildirən Baş nazir Məhəmməd Şahbaz Şərif  ölkəsi  Pakistanla Azərbaycanı bir bədəndə iki ürək adlandırdı. Bu fikirlər iki ölkə arasında münasibətlərin səmimi xarakterinin və strateji tərəfdaşlıq  münasibətlərinin açıqlamasıdır.

Torpaqlarımız Ermənistanın işğalı altında qaldığı 30 ildə  beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü  dəstəkləyən  Pakistan  44 gün davam edən  İkinci Qarabağ müharibəsində də qardaşlıq dəstəyini əsirgəməyib. Müharibənin başlandığı ilk gündən qardaş Türkiyə  kimi,  Azərbaycanın yanında olduğunu, siyasi və mənəvi dəstəyi ilə bildirən  Pakistanla  həmərəyliyin ifadəsi  tarixi Zəfərini qeyd edən xalqımızın Dövlət Bayrağı ilə birlikdə Türkiyənin, Pakistanın bayraqlarını qoşa dalğalandırması  idi.  Bu cür üçtərəfli görüş, qarşılıqlı  münasibətlərinin daha da möhkəmlənməsinə yönələn məsələlərin müzakirəsi regional güc birliyini şərtləndirən  əməkdaşlıq mexanizmi kimi böyük əhəmiyyət daşıyır. Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, «Üç qardaş» ” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin davamlı olması təklifi  üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə imkan verir”.

 Prezident İlham Əliyevin iyulun 11-12-də Pakistana dövlət səfəri çərçivəsində  keçirilən görüşlər,  dövlət başçımızın səmada bu ölkənin qırıcı təyyərələri ilə  qarşılanması təsadüf hallarda rast gəlinən səmimi münasibətlərin təzahürü idi. Dövlət başçımız İlham Əliyevin pakistanlı həmkarı  Asif Əli Zərdari, bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında   etibarlı münasibətlərə əsaslanan  dostluq  əbədiyyət rəmzi kimi diqqətə çatdırılıd. Bu dostluğun  sözdə deyil, əməldə  təsdiqləndiyini  «Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq”» sözləri ilə ifadə edən Pakistanın Baş naziri  Məhəmməd Şahbaz Şərif vurğuladı ki,  Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdəndir.

 Qardaş ölkyə səfərindən  məmnunluğunu «Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq» sözləri ilə ifadə edən  Prezident İlham Əliyevin vurğuladığı kimi,  iki xalq arasındakı əsrlərə söykənən  qardaşlıq  biri-birinə  bağlı   möhkəm təmələ əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində artıb. Görüşdə Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları  müzakirə olundu. Ölkəmizə gələn, İçərişəhəri gəzən   pakistanlıların  Karvansaranı  «Multan»” adlandırmaları hər iki xalqın  milli-mənəvi bağlılığının nümunəsidir.

 İkinci Qarabağ müharibəsində  xalqımıza göstərdiyi siyasi dəstəyi  yüksək dəyərləndirən   dövlət başçımızın Pakistana səfəri zamanı  energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurlu əməkdaşlıq nümunəsi olan  müdafiə sənayesini əhatə edən layihələr ətraflı müzakirə olundu. «Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı. Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq. Onları mübadilə etmək çox vaxt apardı və təsəvvür edin ki, onların hazırlanması nə qədər vaxt tələb edib. Bu əsasla biz qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq» söyləyən  Prezident  İlham Əliyev   güzəştli ticarətlə bağlı 9 bənddən  ibarət  razılaşmanı iqtisadi əlaqələrin başalangıcı adlandırdı. Ötən illərdə  hər iki dövləti təmsil edən nümayəndələrdən ibarət heyətlər  arasında möhkəmlənən dostluğun ifadəsi olan qarşılıqlı səfərlər, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün qardaş ölkə tərəfindən birmənalı olaraq dəstəklənməsi  həmrəyliyin ifadəsidir. Pakistan Senatı 2022-ci ildə Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsi bu birliyə əsaslanır. «Mən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdəndir» söyləyən Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif görüş çərçivəsində   15 sənədin imzalanmasını strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə yönələn  imkan kimi dəyələndirdi.  Qeyd olunduğu kimi,  hər iki ölkə arasında  investisiyanın həcminin 2 milyard dollara yüksəldilməsi barədə razılığın əldə olunması,  iqtisadi, ticari, enerji  ilə bağlı layihələrin həllinə geniş imkan yaradacaq. Enerji,  nəqliyyat , infrastruktur və müdafiə sənayesi layihələri üzrə müzakirələr, birgə sərmayələrlə bağlı  razılıqlar, iqtisadi və strateji əməkdaşlığın dərinləşdirilməsi  iki ölkə arasındakı əlaqələrin yeni səhifələri  olmaqla, regional əməkdaşlığın güclənməsinə təsir edəcək  amil kimi dəyərləndirildi. Azərbaycanla Pakistanın iqtisadi əməkdaşlığı üçün digər sahə isə nəqliyyat  layihələrində müştərək iştirak istəyidir.  Bəllidir ki, hər iki ökə Orta Dəhliz, Şimal-Cənub, həm də Şərq Qərb dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir. Ötən ilin sentyabrında AZAL Bakıdan Lahora, noyabrda isə İslamabada və əks istiqamətdə birbaşa uçuşlara başlayıb. Ölkələr  arasında avtomobil yolları ilə tranzit karqo daşımalarının həcmi 33 min ton olub. Bu rəqəm əvvəlki dövr ilə müqayisədə 53 faiz artım deməkdir.

 İki ölkə arasındakı humanitar sahədə genişlənən əməkdaşlıq xalqları biri-birinə daha dərindən bağlayır. Qardaş ölkədə baş verən   təbii fəlakətlər nəticəsində yaranan acınacaqlı vəziyyətlərin  aradan qaldırılması üçün Azərbaycanın ayırdığı  9 milyon ABŞ dolları həcmində vəsait qardaş köməyinin ifadəsi idi. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın genişlənməsində, dost ölkədə müxtəlif  sosialyönümlü  layihələrin həyata keçirilməsində  Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir.  Fondun təşəbbüsü və dəstəyi ilə  qardaş ölkədə pulsuz tibbi diaqnostika və əməliyyatlar aparılıb, tibb müəssisələrinin və su təchizatı sistemlərinin tikintisinə töhfələr verilib, xeyriyyə tədbirləri təşkil edilib, fiziki qüsürlu şəxslər əlil arabaları ilə təmin olunub. Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilib və təhsil ocağı  2012-ci ildə əsaslı təmir edilib.  Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub.  Müəssisəyə 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim edilib, Xayber Göz Fondunun yeni blokunun və gözləmə otaqlarının tikintisi üçün maddi yardımlar göstərilib, Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılıb. Bu cür müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu «Könüllü qadınlar”» təşkilatı və «Daily Times”» qəzeti tərəfindən «Humanizmin Simvolu - 2012-ci İl»in Qadını” mükafatı ilə təltif olunub.  Misilsiz  xidmətlərinə görə «Hilal-e Pakistan» ali  ordeni ilə mükafatlandırılan   Mehriban xanım Əliyeva bu təltifə layiq görülən ilk birinci xanımdır.   İki ölkə arasında elm, təhsil sahələrindəki əməkdaşlıq da uğurla davam etdirilir.

 Əminliklə demək olar ki,  Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsinə əlavə imkanlar yaradacaq  Bu əlaqələr Türk dövlətləri üçün də sabitlik və iqtisadi inkişafı təşviq etmək baxımından önəmlidir”. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim sammiti qardaş Pakistan üçün də  əlamətdar hadisədir.

Xuraman İsmayılqızı, «İki sahil»