25 iyun 2024 01:14
445

Borrelin leksikonunda ədalət anlayışı yoxdur

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti  Cozep Borrel Avropa Parlamenti üzvlərinin suallarına cavabında növbəti dəfə anti-Azərbaycan mövqe nümayiş etdirib. Belə ki, o, ağır cinayət törətməkdə şübhəli bilinərək haqlarında həbs qətimkan tədbiri görülmüş bir qrup separatçının azad olunması istiqamətində Azərbaycana çağırış edib.

Əvvəla, erməni lobbisinin əlində alətə çevrilən cənab Borrel bilməlidir ki, hazırda ölkəmizdə heç bir nəfər erməni hərbi əsiri yoxdur. Xatırladaq ki, iki ölkə arasında bir neçə dəfə  hərbi əsirlərin mübadiləsi həyata keçirilib. Sonuncu belə mübadilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlara əsasən, heç bir vasitəçi olmadan 2023-cü il dekabrın 13-də həyata keçirilib. Müharibə cinayətləri törətmiş, əlləri soydaşlarımızın qanına batmış separatçılar var ki, onlar da məhkəmənin hökmü ilə məsuliyyətə cəlb olunublar. Bu mənada onların əsir kimi təqdim edilməsi beynəlxalq hüquqa uyğun deyil. Elə bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyan belə onlarla maraqlanmır. Çünki yaxşı bilir ki, separatçılar qanun qarşısında cavab verməlidirlər. Olmaya, ermənidən betər erməni olan Borrelin belə bir qanundan xəbəri yoxdur? Borrel bilməlidir ki, Bakı Qarabağ canilərinə qarşı heç bir güzəştə getməyəcək, İlahi ədaləti təmin edəcək. Görünür, Borrelin leksikonunda ədalət anlayışı da yoxdur. Olsaydı, yəqin  ki, belə çərənləməzdi.

Bundan əlavə, Aİ nümayəndəsi Azərbaycanın reinteqrasiya təklifini rədd edərək, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından “ürək ağrısı” ilə söz açıb. Bununla da o, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirinin məram və məqsədlərini təhrif etməyə cəhd edib. Halbuki, artıq bütün dünya da bilir ki, erməni əsilli şəxslər separatçıların təhriki ilə Azərbaycan vətəndaşlığını qəbul etməkdən  imtina edərək Qarabağı könüllü tərk ediblər. Bunu Ermənistan da etiraf edir, BMT də. Amma Borrel Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlının itkin düşməsi və onların taleyinin indiyədək naməlum qalması, həmçinin təcavüzkar ölkədən zorla qovulmuş soydaşlarımızın qayıdış hüququ barədə bir kəlmə də olsun danışmayıb. Şübhəsiz, bütün bunlar Cozep Borrelin ölkəmizə qarşı olan qərəzini və məsələlərə ikili standartlar mövqeyindən yanaşmasını nümayiş etdirir.

C.Borrelin söylədiklərindən belə anlaşılır ki, o, beynəlxalq hüququn norma və prinsiplərini saymır. Odur ki, sadəcə, özünün “qanunlar”ı ilə hərəkət edir. Axı nə vaxta qədər borrellər beynəlxalq hüququ bu şəkildə təhrif edəcəklər? Belə çıxır ki, heç bir fakta istinad etmədən, ağıllarına gələni danışmaq avropalı diplomatlar, o cümlədən Borrel üçün adi haldır.  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin vurğuladığı kimi, Aİ-nin ali nümayəndəsi erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək istəyir.

Yeri gəlmişkən, son aylar Borrel bu kimi sərsəm fikirləri, daha doğrusu,  Azərbaycan tərəfindən həbs olunan cinayətkarların, quldurların geri qaytarılmasını, ermənilərin Qarabağa qayıtması üçün şərait yaradılmasını tez-tez təkrar edir. Sual olunur: Görəsən Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayanda Aİ harada idi? Niyə çağırış etmirdi? Şübhəsiz, bu, Aİ-nin belə məsələlərə ikili standartlardan yanaşmaq xəstəliyindən, başqa sözlə desək, ermənipərəstliyindən irəli gəlir. Bütün bunlar isə o deməkdir ki, Aİ öz maraqları naminə regionda vəziyyəti gərginləşdirməyə çalışmaqda, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd etməkdə davam edir.

Şübhəsiz, Ermənistan ilə Azərbaycan arasında ikitərəfli danışıqlar formatının müsbət şəkildə irəlilədiyi, xüsusən sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində uğurlu nəticələrin əldə edildiyi dönəmdə Borrelin bu çərənləməsi revanşistləri dəstəkləməyə, sülh prosesinə maneçilik törətməyə xidmət edir. Bu mənada demək olar ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini bəyan edən və “Cənubi Qafqazda davamlı sülh bizim ümumi məqsədimizdir” deyən Borrel söylədiklərinin əksinə gedərək Fransa kimi təcavüzkar Ermənistanı silahlandırır. Amma onun da niyyəti ürəyində  qalacaq. Cünki  bölgədə yeni reallıqlar yaratmış Azərbaycan düşünülmüş siyasəti ilə buna imkan vermir və verməyəcək də. Şübhəsiz, elə Borreli qıcıqlandıran da budur. 

Yeri gəlmişkən qeyd edək ki, artıq Ermənistanın Aİ-yə üzvlüyü ilə əlaqədar referendum keçirilmək də gündəmdədir. Hayastanı Aİ-yə üzv etməyə çalışanların məqsədi İrəvanı Moskvadan mümkün qədər tez uzaqlaşdırmağa hesablanıb.  Siyasətçilərin fikrincə, Ermənistanın Aİ-yə üzv olması absurddur. Bu mənada demək olar ki, bütün bunlar hayların və onların Fransa kimi havadarlarının növbəti oyunbazlığından başqa bir şey deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”