23 sentyabr 2024 13:40
93

Milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə  xalqın qabağında dura bilməz

Qarabağ Universitetində çıxış edərkən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri zamanı Ordumuzun şücaətindən, eləcə də Azərbaycan gənclərinin döyüş əzmindən bəhs etdi. Ölkə başçısı xatırlatdı ki, 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atılmamış, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Sinəsini qabağa verən, ölümə gedən gənclər milli ləyaqətimizi bərpa etmək amalı ilə döyüşürdülər. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.

Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir. Müqayisə etmək üçün də kifayət qədər imkan və məlumatlar var. Azərbaycan Ordusu 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmiş, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmişdir. Müasir tarixdə heç bir ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərməmişdir.

Ölkə başçısı çıxışında vurğuladı ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı Azərbaycana beynəlxalq hüququ, milli qüruru bərpa etmək imkan verdi. Eyni zamanda bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatdı. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşdü və kapitulyasiya şərtlərini qəbul etdi.

Güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə  xalqın qabağında dura bilməz. Azərbaycan bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdi ki, inamla yaşamaq lazımdır. Ədalətə çatmaq üçün gərək onu əldə edəsən. Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün Azərbaycan nümunəsi bir ümid işığıdır. Gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək Azərbaycanın əsas hədəfləridir.

Qarabağ Universitetində çıxış edərkən Prezident İlham Əliyev gənclərə öz tövsiyyələrini də verdi. Ölkə başçısı qeyd etdi ki, gənclər ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Azərbaycanın müharibəsi azadlıq müharibəsi idi. İkili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - xalqımız bunu heç vaxt unutmamalı və gənc nəsil bunu bilməlidir. Ölkə başçısı bildirdi ki, xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan müəlliminin fəaliyyətinə də yüksək dəyər verərək qeyd etdi ki, müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar.

Qarabağ Universitetində çıxış edərkən Prezident İlham Əliyev universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncamın keçən ilin noyabrında imzalandığını və Xankəndi şəhərində ali təhsil müəssisəsinin fəaliyyətə başlamasının tarixi hadisə olduğunu xüsusilə vurğuladı.

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü