24 iyun 2024 01:50
323

Azərbaycanda hərbi quruculuq işləri yüksələn xətlə inkişaf edir

Azərbaycanın zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Ulu Öndər Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdur. Bunun nəticəsi idi ki, Sovetlər dövründə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı, bu istiqamətdə əməli-təşkilati işlərə start verildi.

Xalqımızın dahi oğlu Heydər Əliyev 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, həmçinin daha çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcədə SSRİ-nin digər hərbi məktəblərinə qəbul edilməsinə nail olmaqla bu günkü müstəqil dövlətimiz üçün peşəkar zabit kadrlarının hazırlanması işinin əsasını qoydu.  Nəticədə keçən əsrin 70-ci illərinin sonlarında İttifaqın 45-dən artıq ali hərbi məktəbinə ildə Azərbaycandan 800-900 nəfər gənc göndərilirdi. 
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi. Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi.
Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdı. Onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi xidmətlərindən biri də Azərbaycan silahlı qüvvələrini ağır böhranlı vəziyyətdən çıxarması, ordunu siyasi oyunlardan kənarlaşdırması oldu. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı.

1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

1997-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin bazasında Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzi təşkil edildi.
Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti, silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən asılı olmamaq üçün milli hərbi sənayesini də formalaşdırır və birgə istehsal müəssisələri yaradılır. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal və ixrac edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan silahlı qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Bunu 2016-cı ilin aprel döyüşləri, 2018-ci ildə Naxçıvanda keçirilən Günnüt əməliyyatı və  44 günlük Vətən müharibəsi bir daha sübut etdi.
Müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamı idi.
Xalqımızın 30 illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən ordumuzun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsində “Dəmir yumruq” kimi dayanıblar.

Cavid Mehdizadə,
Müdafiə Sənayesi Nazirliyi
Elmi-Tədqiqat İnstitutunun əməkdaşı
YAP Xətai rayon təşkilatının fəalı