23 sentyabr 2024 14:56
90

Qarabağ Universitetnin yaradılması tarixi hadisədir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etməsi ölkəmiz üçün tarixi və qürurverici hadisədir. Prezident təhsil ocağında müəllim və tələbə heyəti ilə görüşündə dərin məzmunlu çıxış etdi. Xüsusilə, münaqişənin tarixi, qazanılan Zəfər və digər məsələlərlə bağlı fikirlərini bildirdi. Dövlət başçısı qeyd etdi ki, həm 1980-ci illərin sonlarında, həm 1990-cı illərin əvvəllərində, həm kommunist, həm də Xalq Cəbhəsi hakimiyyətinin satqınlığı, qorxaqlığı, xəyanəti nəticəsində biz torpaqları itirdik: « Xankəndidən azərbaycanlılar qovuldu, ondan sonra - müstəqillik elan olunandan dörd ay sonra 1992-ci ilin fevralında Xocalı soyqırımı törədildi, 1992-ci ilin may ayında Şuşa, Laçın işğal olundu, 1993-cü ilin aprelində isə Kəlbəcər. Beləliklə, xəritəyə baxsanız görərsiniz ki, bütün böyük bir bölgə nəzarətdən çıxdı və faktiki olaraq Ermənistanla Qarabağ bölgəsi arasında coğrafi əlaqə yaradıldı. Bax, bu idi bizim tariximiz».

 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan uzun illər bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səylər göstərsə də, Ermənistanın ötən müddət ərzində işğalçılıq siyasətindən əl çəkməməsi, hətta bu ölkənin rəsmilərinin yeni ərazilər tutmaq iddialarını açıq şəkildə dilə gətirmələri, tez-tez təhrikedici açıqlamalar vermələri, 2019-cu ildə baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi kimi təxribat xarakterli bəyanatları və addımları danışıqlar prosesinə ciddi zərbə vurdu. Nəticə isə göz qabağındadır. Ermənistanın qeyri-konstruktiv, təxribatçı mövqeyi bu ölkənin  kapitulyasiyası ilə nəticələndi.

30 illik erməni işğalı dövründə Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu qurdu. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin  siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Nəticə etibarilə Azərbaycanın müasir, güclü ordusu yaradıldı. Bu ordu torpaqlarımızı işğaldan azad etməyə hər an hazır idi və belə də oldu. Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amilləri təhlil edərək Prezident İlham Əliyev deyib ki, qələbəmizi şərtləndirən amillər sırasında  ilk növbədə milli ruh, mənəvi hazırlıq dayanır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.

Ümumiyyətlə, bu tarixi zəfərlər müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Təbii ki, bu Zəfərin əsas qəhrəmanı Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev «Dəmir yumruq» əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Daha sonra ordumuzun 23 saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağda qondarma rejim özünü buraxdığını elan etdi və bununla da dövlətimiz öz suverenliyini tam təmin etdi. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən biz 3200-dən çox şəhid verdik. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir.

Bir sözlə, bu gün Qarabağ Universitetində tələbələrin yüksək səviyyədə ali təhsil alması üçün bütün şərait yaradılıb. Bu təhsil ocağında təhsil alan gənclərimiz ölkəmizin, o cümlədən Qarabağın inkişafına layqili töhfələr verəcəkləri danılmaz gerçəklikdir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri