10 iyun 2024 23:43
235

Birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım

Son illərdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Prezident İlham Əliyev cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edərkən bildirib ki, son illərdə Türk Dövlətləri Təşkilatının xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün  keçiriləcəyini bildirən cənab İlham Əliyev  sürətli və davamlı təmaslara ehtiyac  olduğunu qeyd edərək hər bir Zirvə görüşünün birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olduğunu qeyd etmişdir.

Milli Məclisin deputatı Soltan Məmmədov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan türk dünyasının birliyinə çox mühüm töhfələr verir. Bu, həm türkdilli ölkələrlə ikitərəfli, həm də çoxtərəfli münasibətlər kontekstində əlaqələrin gücləndirilməsini nəzərdə tutan strateji istiqamətlərdən biridir.

Millət vəkili vurğuladı ki, türkdilli ölkələr arasında münasibətlərin inkişafı yalnız ortaq etnik-mədəni köklərə bağlılıqla əlaqədar deyil, ümumi geosiyasi və iqtisadi maraqlara əsaslanır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TÜRKPA-nın nümayəndə heyəti ilə görüş zamanı da vurğuladı ki, xarici siyasətimizdə türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələr prioritet istiqamət kimi müəyyən olunub. Bu Azərbaycanın seçimidir. İndiki mürəkkəb dünyada, ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq münasibətlərin xarakterinin dəyişdiyi bir dövrdə xarici siyasət strategiyası yalnız praqmatik hesablamalara əsaslanmalıdır. Bu baxımdan Azərbaycan formalaşmaqda olan yeni dünya düzənində öz yerini və rolunu kifayət qədər dəqiq müəyyənləşdirib”.

S. Məmmədov qeyd etdi ki, bu gün dünyada mövcud olan çoxsaylı birlik və əməkdaşlıq modelləri bəzi hallarda bütün iştirakçı dövlətlərin maraqlarını deyil, yalnız ayrı-ayrı güclü ölkələrin mənafelərini reallaşdırmaq mexanizmi kimi istifadə olunur. Azərbaycan isə öz milli maraqlarını qətiyyətlə müdafiə etməyi bacaran güclü dövlətdir və tamamilə müstəqil siyasət yürüdür: “Azərbaycanın xarici siyasət strategiyasının əsas prinsiplərindən biri dövlət müstəqilliyinin, suverenliyinin qorunması və möhkəmləndirilməsidir. Müasir beynəlxalq münasibətlər sistemində bəzi ölkələrin müstəqilliyini və təhlükəsizliyini təhdid edən proseslər baş verir və nəticədə müstəqil siyasət yürüdə bilməyən ölkələr beynəlxalq hüququn subyektindən onun obyektinə çevrilməyə başlayır. Azərbaycan isə müstəqil siyasət yürütməyə və bütün tərəfdaşları ilə münasibətləri qarşılıqlı hörmət, bərəbərhüquqlu əməkdaşlıq əsasında qurmağa üstünlük verir.”

Deputat diqqətə çatdırdı ki, türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi ümumilikdə türk dünyasının iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, türk dünyası böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir.

S. Məmmədov hesab edir ki, bu potensial türk dünyasının inkişafına nail olmaq üçün kifayət qədər əlverişli şərtlər formalaşdırıb.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib. Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev digər məsələlərlə yanaşı, Ermənistanda revanşizm, Avropa ilə münasibətlər və Fransa Prezidenti Emmanuel Makronun yürütdüyü siyasət və onun fəsadları barədə qonaqlarla  ətraflı fikir mübadiləsi aparmışdır.

Ramil İskəndərli diqqətə çatdırdı ki, Ermənistan-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev bildirmişdir ki, Ermənistanın konstitusiyasında təsbit olunmuş ərazi iddiaları sülh prosesinə mane olur. O, həmçinin haqlı olaraq qeyd etmişdir ki, həqiqi sülhə nail olmaq üçün Ermənistan bu iddialardan əl çəkməlidir. Prezident, həmçinin bildirmişdir ki, Ermənistan daha əvvəl işğal etdiyi torpaqları sülh yolu ilə qaytarmağa razılıq versəydi, İkinci Qarabağ müharibəsi və ondan sonrakı münaqişələrin qarşısını almaq olardı. Cənab İlham Əliyev diqqətə çatdırmışdır ki, köhnəlmiş və səmərəsiz hesab etdiyi Minsk Qrupunun ləğvi üçün Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etməlidir. Bu, Ermənistanın ərazi iddialarından əl çəkmək və uzunmüddətli sülh yolunda çalışmaqda səmimiyyətinin sınağı olardı. Prezident, beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişinin əldə edilməsi üçün konstruktiv işləməyə sadiq olduğunu bildirmişdir.Avropa İttifaqı ilə əlaqələr Prezident İlham Əliyev bəzi Avropa İttifaqı ölkələrindən məyus olduğunu bildirir, onları ikiüzlülükdə və anti-Azərbaycan əhval-ruhiyyəsində ittiham etmişdir. Macarıstana dəstəyinə görə təşəkkür etmişdir.

Milli QHT Forumunun İdarə Heyəti sədrinin sözlərinə görə, Prezident İlham Əliyev çıxışında bəzi Avropa ölkələrinin, o cümlədən Fransa prezidenti Emmanuel Makronun həyata keçirdiyi siyasətin mənfi nəticələrinə toxunub.

Həmsöhbətimiz qeyd etdi ki, Prezident İlham Əliyevin TÜRKPA-nın nümayəndə heyəti ilə görüşü zamanı Makronun və bəzi Avropa liderlərinin Azərbaycana qarşı siyasətlərinin  qərəzli, ikiüzlü və regionda sülh və sabitliyin əldə edilməsinə əks-məhsuldar olduğu qeyd edilmişdir.

Yaqut Ağaşahqızı “İki sahil”