24 sentyabr 2024 10:00
81

Bu qürurun başlanğıcı tarixi Zəfərdir

Vətən müharibəsində çətin coğrafi şəraitdə Azərbaycan Ordusu düşmənin 5-6, bəzi yer­lər­də 7 müdafiə xəttini yardı, müqayisəyəgəlməz şəraitdə Şuşaya çıxa bildi, qala-şəhəri işğaldan ancaq yün­gül si­lah­larla azad etdi. Bu qələbə İkinci Qarabağ müharibəsinin sonu oldu. Noyabrın 10-da Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Lakin işğalçılıq xis­lə­tinə görə Ermənistan Bəyanatın şərtlərinə əməl etmirdi. Azərbaycan dövlətinin xəbərdarlıq­la­rına baxma­ya­raq Ermənistan ordusunun hissələri Xankəndidə, Xocalıda, Əsgəranda, Xoca­vənd­də təxribat­lar törədirdi. Bunların qarşısını almaq məqsədi ilə Azərbaycan Ordusu Ali Baş Ko­man­danın əmri ilə 2023-cü il sentyabrın 19-da antiterror əməliyyatına başladı. Antiterror əməliy­yatı qısa müddətdə başa çatdı. Azərbaycan Ordusu qəti qələbə qazandı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.

Tam Qələbədən sonra erməni əsilli vətəndaşlar, Ermənistandan Xankəndinə millətçilik niy­yə­ti ilə gələnlər, bu məqsədlə silahlı fəaliyyət göstərən dəstələr Azərbaycanı tərk etdi. Xankən­di­də hərbi parad keçirildi. Bu şəhərdə də quruculuq işlərinə başlanıldı. Bunlardan biri də Xankən­didə Universitet açılması oldu. Sent­yabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin açı­lışı oldu. Bu, tarixi Zəfərin mən­ti­qi davamı idi. Tədbirdə Azərbaycan Respublikasının Prezi­den­ti cənab İlham Əliyev çıxış etdi. Bu çıxış dövlətçiliyə sonsuz sədaqət kimi dinlənildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndidə çıxışında de­di:“44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyəti­miz qə­dər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla get­mə­lidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mə­nə­vi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar”.

Müəllimlərin uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətən­pər­vərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işlədiklərini bildirən dövlət başçısı onu da bildirdi ki, Qarabağı heç vaxt görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar.

Cənab Prezident çıxışında böyük tarixi şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə hakimiy­yətə qayıdışından sonra bütün sepa­rat­çı­ların yuvalarının dağıdıldığını, sabitlik yaradıldğını, keç­miş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azər­baycanlıların sayının 9 faizdən, təqribən 30 faizə çatdırıldığını, dəmir yolu çəkildiyini, böyük infrastruktur layihələri yaradıldığını - Sərsəng, Suqovuşan su anbarlarının, bir neçə müəssisənin yaradıldığını da xatırlatdı. 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar...

Bunlar da tariximizdi və cənab Prezidentimiz bu tarixin yaddaşlarda da, tarixdə də ya­şadılmasının zəruriliyini çıxışının mahiyyəti ilə yada saldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 20-də Xankəndi şə­hərində Qarabağ Universitetində çıxışı hər bir azərbaycanlının qüruru oldu. Bu qürurun baş­lan­ğıcı tarixi Zəfərdir...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı